BDU-da Qarabağ ruhu

31/10/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

5-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Beşinci yazımız Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və cəbr”, sonra isə “Funksiyalar nəzəriyyəsi funksional analiz” kafedrasının professoru, müdiri vəzifələrində çalışmış Əşrəf İsgəndər oğlu Hüseynovla bağlıdır.

Hüseynov Əşrəf 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1931-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1938-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1948-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, professor elmi adını almış, 1963-cü ildə AEA müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

1939-1965-ci illərdə Bakı Dövlət Universitetində kafedra müdiri və dekan, 1965-1970-ci illərdə AEA Kibernetika İnstitutunun direktoru, 1971-1980-ci illərdə AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olmuşdur.

Ə.Hüseynov Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradıcılarından biridir. Qeyri-xətti riyazi fizika, nəzəri və tətbiqi mexanika, o cümlədən yeraltı qazodinamikanın çoxsaylı məsələlərinin tədqiqi, əsaslandırılması və həlli ilə bağlı qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin ilk yaradıcılarındandır və bu sahədə görkəmli riyazi elmi məktəb və ənənə formalaşdırmışdır. Potensiallar nəzəriyyəsi, funksional analiz, diferensial tənliklər, kompleks dəyişənli funksiyaların sərhəd məsələləri sahəsində tədqiqatlar aparmış, öz adı ilə bağlı olan funksiyalar fəzasını qurmuş, bu fəzada Koşi nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər üçün varlıq və yeganəlik teoremlərini isbat etmişdir. İlk dəfə analitik funksiyalar üçün qeyri-xətti Hilbert məsələsini tədqiq etmişdir. Dövrü funksiyalar üçün təklif etdiyi fəzada İ.İ.Privalovun məşhur teoremi ümumiləşdirilmiş, dairənin dairəyə yaxın oblasta konform inikası məsələsi Holder sinfində qeyri-xətti inteqral tənliyə gətirilmiş və onun həlli üsulu verilmişdir. Analitik funksiyalar nəzəriyyəsinin xeyli sayda qeyri-xətti sərhəd məsələlərini qoymuş və həll etmiş, müxtəlif nüvəli sinqulyar inteqral tənliklərin məhdud həllərinin varlığı nəzəriyyəsi sahəsində geniş tətbiq olunan ciddi nəticələr almışdır.

Akademikin aldığı fundamental nəticələri tələbələri ilə birgə müxtəlif topoloji prinsiplər daxilində xeyli genişləndirmiş və riyazi fizika və qeyri-xətti funksional analizin çoxsaylı problemlərinin həlli və tədqiqində istifadə etmiş, qeyri-xətti tənliklərin həllinin budaqlanması nəzəriyyəsi, onların həlli üsulları, kvazi-xətti, parabolik və hiperbolik tənliklər üçün qarışıq məsələlər, sinqulyar operatorların struktur xassələri, qeyri-xətti sinqulyar inteqral tənliklər və analitik funksiyalar üçün qeyri-xətti sərhəd məsələləri nəzəriyyəsi, sinqulyar-inteqral tənliklərin ədədi həlli kimi elmi istiqamətləri yaratmış və inkişaf etdirmişdir.

80-dən çox elmi məqalənin, dərsliyin müəllifidir. Rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.

1960-cı ildə Əməkdar elm xadimi, Əməkdar müəllim fəxri adlarını almışdır. Akademik Əşrəf Hüseynov 1980-ci ildə Bakıda vəfat etmişdir.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi gün uzaqda deyil, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Əşrəf Hüseynov dünyaya göz açdığı Cəbrayıl şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024