BDU-da Qarabağ Zəfəri ilə bağlı ədəbi-bədii nəşrlərə dair tədqiqatlar aparılır

05/11/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağ Zəfərinə dair ədəbi-bədii nəşrlər” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent, I Qarabağ müharibəsinin veteranı Knyaz Aslan mövzu üzrə məruzə edib.

Məruzəçi nitqində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin beşinci ildönümü ilə bağlı ölkə üzrə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdikdən sonra müharibə və postmüharibə dövründə baş verən proseslər, dövlətimizin bu sahədəki siyasəti, Qarabağın tarixi, mədəniyyəti, elm, təhsil mühiti yeni elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi xüsusi aktuallıq kəsb edir: “Bu möhtəşəm qələbə çağdaş bədii ədəbiyyatın yeni mövzularla zənginləşməsinə səbəb oldu. Şair və yazıçılarımız müharibənin ilk günlərindən Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan dövlətinin gücü, ordumuzun məğlubedilməzliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında ədəbi əsərlər yazıb dərc etdirməyə başladılar”.

Məruzədə Xalq şairi Nəriman Həsənzadənin “Zəfər yolu”, Xalq şairi Vahid Əzizin “Heyrət səcdəsi”, Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Ramiz Duyğunun “Bir oğul istəyir Vətən”, Zahid Xəlilin “Dəmir Yumruq dastanı” poemaları, Aqil Abbasın “Dolu”, Nüşabə Məmmədlinin “Zəngulə”, Güllü Məmmədovanın “Fatehlərin zəfəri”, Azad Qaradərəlinin “Cəbrayıl əfsanəsi” romanları tədqiqata cəlb edilib. Bu əsərlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı rolu diqqətə çatdırılıb, həmin kitablar bədii-texniki tərtibat, dil-üslub xüsusiyyətləri və redaktor hazırlığı baxımından təhlil olunub. Tədqiqatda həmçinin tarixi Zəfərdən keçən beş il ərzində ölkə nəşriyyatlarının Qarabağ Zəfərinə dair ədəbi-bədii nəşrləri ad və tiraj göstəriciləri üzrə təqdim olunub. Bu əsərlərin Vətən müharibəsində xalqımızın şücaətinin, yenilməzliyinin əbədiləşdirilməsi, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılması, həmçinin müharibələrin sosial-fəlsəfi mahiyyətinin izahı, davamlı sülhə və rifaha çağırış missiyası baxımından əhəmiyyəti vurğulanıb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

 

Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026