BDU-da Qərbi Azərbaycanda fəaliyyət göstərmiş azərbaycandilli qəzet, jurnal və məcmuələrin nəşr tarixi öyrənilib

25/12/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Qərbi Azərbaycanda azərbaycandilli qəzet, jurnal və məcmuələrin nəşr tarixi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan mövzu ilə bağlı araşdırmalarının nəticələrini təqdim edib.

Tədqiqatçı Qərbi Azərbaycan ərazisində ana dilimizdə nəşr olunmuş mətbu orqanların fəaliyyətinin müəyyən dərəcədə tədqiq olunduğunu, lakin bu istiqamətdə daha ciddi araşdırmalara ehtiyac yarandığını bildirib. Məruzədə 1911-1914-cü illərdə İrəvan şəhərində Azərbaycan dilində nəşr edilmiş “İrəvan xəbərləri” qəzetinin, İrəvan qubernatorunun 21 yanvar 1914-cü ildə verdiyi icazəyə əsasən Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə tərəfindən nəşr edilən “Lək-lək” məcmuəsinin, 1917-ci il yanvarın 1-də Əli Məhzunun müdirliyi və redaktorluğu, Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə çap edilən “Bürhani-həqiqət” məcmuəsinin, 1917-1918-ci illərdə nəşr edilmiş "Cavanlar Şurası” qəzetinin və digər orqanların fəaliyyəti barədə geniş məlumatlar dinləyicilərə çatdırılıb.

1920-ci illərin əvvəllərindən başlayaraq Sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan “Kommunist”, “Rəncbər”, “Zəngi”, “Qızıl şəfəq”, “Sovet Ermənistanı” qəzetlərinin fəaliyyəti təhlil edilib, Süleyman Nuri, Semih Hüseyn, Bala Əfəndiyev, Mustafa Hüseynov, Əli Tağızadə, Səfər Alməmmədov, Əkbər Rizayev və başqa ziyalıların həmin mətbu orqanların redaktorları kimi səmərəli xidmətlərindən bəhs olunub.

Məruzədə 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonuna qədər Azərbaycan dilində “Sovet Ermənistanı” adı ilə çap olunmuş qəzetin fəaliyyətinə xüsusi yer verilib, qəzetin səhifələrində dərc olunan bir çox materialların milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin təbliğində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, ayrı-ayrı illərdə qəzetin redaktorları olmuş Cəfər Vəlibəyov, Rza Vəlibəyov, Həbib Həsənov, Məhərrəm Bayramov, Cahangir Əliyev, Zərbəli Qurbanov erməni məmurların təzyiq və təqiblərinə sinə gərərək azərbaycanlıların hüquqlarını müdafiə etməkdən çəkinməyiblər.  1956-cı ildən taleyini qəzetə bağlayan tarixçi alim İsrafil Məmmədov nəşrin sonuncu redaktoru olub, 1989-cu ilin sonlarına kimi onun çapını çətinliklərlə davam etdirə bilib.

Məruzəçi həmçinin Qərbi Azərbaycan mətbuat tarixinə öz imzalarını həkk etmiş peşəkar jurnalistlərdən Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Sabir Əsədov, Teymur Əhmədov, Hidayət Orucov və başqalarının unudulmaz fəaliyyətini də ehtiramla xatırladıb. Knyaz Aslan həmçinin Qərbi Azərbaycanda ana dilimizdə çap olunmuş qəzetlərdən bəzi nüsxələri tədbir zamanı nümayiş etdirib.

Məruzədə Qərbi Azərbaycanda nəşr edilmış anadilli qəzet və jurnallarımızın tarixinin milli mətbuat salnaməmizin ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb, bu istiqamədə hərtərəfli araşdırmaların aparılmasının zəruriliyi, azərbaycandilli mətbu orqanlarımızın elektron bazasının yaradılmasının vacibliyi diqqətə çatdırılıb.
Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024