BDU-da Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa

11/11/2022

Bakı Dövlət Universitetində (BDU) Sumqayıt Dövlət Universitetinin (SDU) 60 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elm və təhsil siyasəti, zəngin maarifçilik ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir. Ölkədə təhsilin milli və bəşəri ənənələr üzərində inkişafında ali məktəblərin üzərinə şərəfli və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələrin həyata keçirilməsində SDU-nun da özünəməxsus yeri var. 1962-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun tədris bazası kimi fəaliyyətə başlamış SDU 1992-ci ildə müstəqil Azərbaycan Sənaye İnstitutuna çevrilib. Bu təhsil müəssisəsinin yaradılması Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək edən texniki sahələr üzrə kadrların hazırlanması prosesinə, ekoloji problemləri olan şəhərin sağlam zonaya çevrilməsinə, elm, təhsil və mədəniyyətin inkişafına təkan verib. Ümummilli lider Heydər Əliyevin 13  iyun 2000-ci il tarixində “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə Azərbaycan Sənaye Universitetinin bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması mühüm hadisəyə çevrilib. Hazırda SDU beynəlxalq standartlara cavab verən, yüksəkixtisaslı kadrlara malik universitetə çevrilmək istiqamətində uğurlu tədbirlər həyata keçirir. İdarəetmə sistemində yeni yanaşmalar təhsilin, elmin inkişafına, müasir texnologiyaların tətbiqinə zəmin yaradır.

Rektor qeyd edib ki, ölkəmizin elm və təhsil siyasətinin inkişafına öz töhfələrini verən BDU ilə Sumqayıt Dövlət Universiteti arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Elmi əməkdaşlıq, müdafiələrin təşkili, elmi-pedaqoji heyətin BDU-da təcrübə keçməsi, konfranslarda iştirak bu iki ali təhsil ocağı arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.

SDU-nun rektoru Elxan Hüseynov isə qeyd edib ki, Sumqayıt Dövlət Universitetinin işçi heyətinin əksəriyyətini BDU məzunları təşkil edir. O, BDU-nun digər ali məktəblər üçün örnək olduğunu, iki universitetin gələcəkdə bir çox ortaq layihələrə imza ata biləcəyini vurğulayıb. Bildirib ki, SDU da BDU kimi klassik universitetdir. Universitetdə 7 fakültə, 29 kafedra, 6 elmi-tədqiqat laboratoriyası, Tədris-Metodik Mərkəz, Doktorantura və Magistratura şöbələri fəaliyyət göstərir. Universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə mütəxəssis hazırlığı aparılır.

BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov vurğulayıb ki, paytaxta ən yaxın, sənaye müəssisələrinin mərkəzində yerləşən, regionda yeganə ali təhsil ocağı olan SDU həm humanitar, həm də tətbiqi ixtisaslar üzrə mütəxəssis hazırlayır. Hüseyn Məmmədov diqqətə çatdırıb ki, beynəlxalq layihələrin hazırlanmasında əsas meyarlardan biri “Industry application” - sənayedə tətbiq meyarıdır. Bu mənada da SDU-nun üstünlüyü böyükdür. Belə ki, SDU-nun Sumqayıtda yerləşən sənaye müəssisələri ilə olan əlaqələrindən və BDU-nun elmi potensialından istifadə etməklə böyük həcmli birgə qrant layihələri hazırlamaq, gənc tədqiqatçıları layihələrə cəlb etmək olar. Bu cür əlaqələr BDU və SDU məzunlarının yüksək ixtisaslı kadrlar kimi hazırlanmasına, ölkə və beynəlxalq səviyyədə elm və təhsil fəaliyyəti sahəsində universitetin mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına xidmət edəcək, gənc tədqiqatçıların yaradıcılıq potensialını inkişaf etdirəcək, elmi əlaqələri genişləndirəcək. Hazırda SDU-nun 26-dan çox məzunu BDU-da həm inzibati-idarəetmədə, həm də müxtəlif fakültələrdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda BDU-da fəlsəfə doktoru proqramı üzrə təhsil alan 7 doktorantın elmi rəhbəri SDU-nun professorudur.

Daha sonra akademik Vasif Babazadə, SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, SDU-nun müəllimləri Osman Hacıyev və Sona Məhərrəmova çıxış edərək Sumqayıt Dövlət Universitetinin ölkənin ali təhsil sistemində oynadığı roldan, fəaliyyətindən, iki ali təhsil ocağı arasında əlaqələrin perspektivlərindən danışıblar.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024