BDU-da “İT sahəsində karyerana başla” adlı seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyəti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həmtəşkilatçılığı ilə rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı olan “IT SkillSprint” çərçivəsində “İT sahəsində karyerana başla” adlı seminar keçirilib.
Seminarda “IT SkillSprint” proqramının məqsədləri, məzmunu və iştirak imkanları barədə ətraflı məlumat verilib. Tədbirdə BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Farid Nağıyev proqramın gənclərin rəqəmsal bacarıqlarının inkişafı, eləcə də müasir əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması baxımından əhəmiyyətini vurğulayıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşı Leyla Zeynalova proqramın tələbələrin müasir texnologiyalar üzrə bilik və praktiki bacarıqlarının gücləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd olunub ki, proqram “DevOps” və “Cloud Computing”, data və süni intellekt, kibertəhlükəsizlik, eləcə də veb proqramlaşdırma istiqamətlərini əhatə edir.
İştirakçılara tədrisin hibrid formatda təşkil ediləcəyi, beynəlxalq mentorların iştirakı ilə intensiv "bootcamp" dərslərinin keçiriləcəyi, real layihələr üzərində iş aparılacağı, hakatonlar və karyera sərgilərinin təşkil olunacağı barədə məlumat verilib. Bildirilib ki, proqramı uğurla başa vuran tələbələr beynəlxalq sertifikatla təltif olunacaqlar.
Seminarda proqramda iştirak şərtləri də açıqlanıb. Qeyd olunub ki, proqrama bütün ixtisaslar üzrə III kursun ikinci yarımilində təhsil alan, universitetə qəbul balı 400 və yuxarı olan tələbələr müraciət edə bilərlər. Seçim prosesinin test və müsahibə mərhələlərindən ibarət olacağı, proqramın fevral–iyul 2026-cı il tarixlərini əhatə edən altı aylıq müddət üçün nəzərdə tutulduğu və bu dövrdə əldə edilən kreditlərin universitetlər tərəfindən tanınacağı diqqətə çatdırılıb. Proqramın pilot mərhələsinin yalnız seçilmiş universitetlər üzrə həyata keçirildiyi bildirilib.
Tədbir çərçivəsində interaktivlik məqsədilə “Kahoot” platforması üzərindən imtahan təşkil olunub və nəticələrə əsasən, ilk üç yeri tutan iştirakçılara hədiyyələr təqdim edilib. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb və proqramla bağlı əlavə izahatlar verilib.
Qeyd edək ki, “IT SkillSprint” proqramı Azərbaycan universitetlərində qlobal İT təhsil standartlarının tətbiqi və gənclərin rəqəmsal əmək bazarına hazırlanması istiqamətində mühüm təşəbbüs kimi dəyərləndirilir. Proqram üçün qeydiyyata artıq start verilib.




