BDU-da “Təhsil proqramlarının özünü təhlilinin aparılması” mövzusunda seminar keçirilib

14/03/2019

Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində “Təhsil proqramlarının özünü təhlilinin aparılması” mövzusunda seminar keçirilib. Yerli və xarici ekspertlərin iştirakı ilə keçirilən seminarı açan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov layihənin məqsədi barədə ətraflı məlumat verib. Bildirib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır. Qiymətləndirmə meyarlarından danışan Tofiq Əhmədov, tələbələrin tədqiqat fəaliyyətinə təşviq edilməsininin, onların mübadilə proqramlarında iştirakının, universitetin inklüziv təhsil imkanlarının, təhsil proqramlarında ömür boyu təhsil proqramlarının nəzərə alınmasının, proqramın idarə olunmasının (menecment), keyfiyyət fərqinin və təminatının, universitetin tələbə və müəllim heyətinə akademik dəstəyinin göstərilməsinin, təhsil müəssisəsinin digər ali məktəblərlə tərəfdaşlıq fəaliyyətinin yaradılmasının qiymətləndirmə meyarlarına aid olduğunu diqqətə çatdırıb. Daha sonra o, proqram akkreditasiyası üzrə yeni hazırlanmış cədvəl və metodologiyanın təqdimatını edib.

Sonra layihə barədə danışan Tvinninq layihəsinin koordinatoru Yelizaveta Bıdanova, təhsil proqramlarında tələbəyönümlü və səriştəyə əsaslanan yanaşmanın qiymətləndirilməsi üzrə özünü təhlil cədvəlinin təqdimatı haqda məlumat verib. Bildirib ki, bu layihə universitetlərə təhsil proqramlarını özləri tərtib etmək və keyfiyyətini müstəqil qiymətləndirmək imkanı yaradır. Yelizaveta Bıdanova seminarda iştirak edən müəllimlərə Beynəlxalq Akkreditasiya ilə bağlı özünütəhlil hesabatını hazırlamağı tapşırıb. Seminarın əsas mahiyyətinin bu hesabatın necə hazırlanmalı olduğuna həsr olunduğunu diqqətə çatdırıb. Həmçinin bildirib ki, qiymətləndirmə üçün fizika, fizika müəllimliyi və kompyuter elmləri seçilib.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin böyük məsləhətçisi Lalə Abbasova keyfiyyətli təhsil vermənin vacibliyi üçün özünütəhlil hesabatının önəmini qeyd edib. Vurğulayıb ki, bu yeni təcrübə -  proqram akkreditasiyasıdır. Bu təcrübə müəllimlərə öz təcrübələrini digər müəllimlərlə bölüşmək imkanı yaradır. Həmçinin, Lalə Abbasova iştirakçılara hesabatın struktur forması barədə də məlumat verib.

Çıxış edən BDU-nun Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Vaqif Qasımov Bakı Dövlət Universitetinin Tvinninq layihəsinin bir çox proqramlarında iştirak etdiyini diqqətə çatdırıb, universitetdə təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərdən söz açıb. Vaqif Qasımov seminarda qaldırılan məsələlərin müasir təhsil standartlarına uyğun olmasını bildirib və onun əhəmiyyətindən bəhs edib.

Seminar ümumi müzakirələrlə davam edib.

 

Mətbuat və informasiya şöbəsi, 14 mart 2019-cu il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024