BDU-da Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

20/04/2022

Bakı Dövlət Universitetində Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

Konfransın açılış mərasimində giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Təhsil Mütəllimov Azərbaycan elminə və ədəbi fikir tarixinə misilsiz töhfələr verən böyük mütəfəkkir və əvəzolunmaz şəxsiyyətlərdəndir. Təhsin Mütəllimovun 90 illik ömrünün 70 ilə yaxını BDU ilə bağlıdır. Onun BDU-da yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Təhsin Mütəllimov Mir Cəlal, Abbas Zamanov, Əkbər Ağayev kimi nəhəng alimlərin çalışdığı akademik mühitdə peşəkar alim və tədqiqatçı kimi formalaşıb. İndiyədək Təhsin Mütəllimovun rəhbərliyi altında 20-dək fəlsəfə doktoru və elmlər doktoru müdafiə edərək alimlik dərəcəsi alıb. Görkəmli alimin səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə “Əbdürrəhim bəy Haqverdiyevin poetikası” kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2017-ci ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı və “3-cü dərəcəli əmək ordeni” ilə təltif olunub. Elçin Babayev Təhsin Mütəllimovun yaşının müdrik çağında da əsl elm fədaisi kimi yorulmadan çalışdığını, zəngin təcrübəsi ilə gənclərin yoluna işıq saldığını deyib.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında Təhsin Mütəllimovun Mir Cəlalın ən sevimli tələbələrindən biri olduğunu və onu öz övladı kimi sevdiyini vurğulayıb: “Mir Cəlalın bütün tələbələri ona ailə başçısı kimi yanaşırdılar, tez-tez bizə gəlirdilər. Bu, çox isti və incə münasibət idi. Mən Təhsin Mütəllimovu Mir Cəlalın təkcə tələbəsi kimi deyil, oğlu kimi tanıyıram”.

Hafiz Paşayev qeyd edib ki, Təhsin Mütəllimovun Mir Cəlalın yadigarı olan “Ədibin evi”nin formalaşmasında da əməyi böyükdür: “Bura bir ədəbiyyat ocağıdır. Mən ədəbiyyatşünasları bu ocaqdan daha çox istifadə eləməyə çağırıram. Biz Azərbaycan ədəbiyyatını daha geniş təbliğ etməliyik. Bu baxımdan Təhsin Mütəllimov təkcə tələbələrə, ədəbiyyata, BDU-ya deyil, bütün universitetlərə lazımdır”.

Daha sonra çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Vasif Babazadə, BDU-nun Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli,  AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əlizadə Əsgərli Mir Cəlal məktəbi, bu məktəbin ən layiqli davamçılarından olan Təhsin Mütəllimovun həyatı və elmi-pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bildirib, xatirələrini bölüşüblər.

Tədbirin sonunda çıxış edən Təhsin Mütəllimov 90 illik ömrünü ləyaqətlə yaşadığını deyib: “Bir dəfə tələbələrimdən biri “Əsl müəllim necə olmalıdır?” deyə soruşdu. Dedim ki, müəllim olmaq üçün əvvəlcə şəxsiyyət və insan olmaq lazımdır. Müəllim gərək öz tələbələrinə balası kimi baxsın. Ustadım Mir Cəlal vaxtilə deyərdi: Bu Universitetdə ən böyük adam tələbədir, tələbəni incitmək olmaz. Ustadımın bu sözü həmişə yadımda qalıb. Müəllimlik fədakarlıqdır”.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024