BDU-da "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı layihənin təqdimatı olub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirilib.
"Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı milliyyətçi bir ailəyə mənsub olan Sürəyya Ağaoğlunun həyat yolundan söz açıb. Bildirib ki, əsas məqsədi Sürəyya Ağaoğlu irsinin gənc nəsillərə aşılanması olan layihə əsasında "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı 350 nüsxədən ibarət kitab çap olunub. 1903-cü ildə Şuşada böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açan Sürəyya Ağaoğlu türk-müsəlman dünyasının ilk hüquq vəkilidir: “1949-cu ildə ilk dəfə İstanbulda valideyn qayğısından məhrum olan kimsəsiz uşaqlar ücün sığınacaq açan, Türkiyədə və dünyada qadın və uşaq hüquqlarının ən fəal müdafiəcisi kimi çıxış edən Sürəyya Ağaoğlunun uğurları Mustafa Kamal Atatürkün diqqətini çəkib, hətta onun şərəfinə ziyafətlər verilib. Bir azərbaycanlı kimi bu xanımın gördüyü işlərin nəticəsində hazırda Türkiyədə onun adına küçələr salınıb, “Sürəyya Ağaoğlu Təhsil və Tədris Fondu” və “Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi” fəaliyyət göstərir. Bütün bu faktlar bir ziyalı Azərbaycan xanımının özündən sonra qoyduğu izin və ənənənin nümunəsidir”.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev türkçülük ideyasının əsasını qoyanlardan olan Əhməd bəy Ağaoğlunun ənənələrini yaşadan və iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da genişlənməsində böyük rola malik Sürəyya Ağaoğlunun siyasi fəaliyyətinin araşdırılması baxımından kitabın önəmini vurğulayıb, layihənin ilk görüşünün tələbə-jurnalistlərlə keçirilməsinin sevindirici hal olduğunu qeyd ediblər.
Daha sonra Akif Aşırlı kitabları imzalayaraq tələbələrə təqdim edib.