BDU-da Vətən müharibəsi dövründə medianın fəaliyyətinə dair kitablar təqdim olunub

03/11/2021

Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi uğurla başa çatmışdır. BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti və ölkəmizin  nüfuzlu jurnalistlərinin iştirak etdiyi layihə çərçivəsində nəşr edilmiş kitabların bu gün təqdimat mərasimi keçirilmişdir.

Layihə çərçivəsində nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”,  “Vətən müharibəsi yerli və xarici mediada” və “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabları bu gün dövlət və ictimai xadimlər, millət vəkilləri, tanınmış jurnalistlər, müəllim və tələbələrin iştirak etdiyi təqdimat mərasimində ictimaiyyətə təqdim olunub.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən layihənin ideya müəllifi və rəhbəri, BDU-nun rektoru Elçin Babayev  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən söz açıb. BDU-da həyata keçirilən akademik layihələr haqqında məlumat verib. Qeyd edib ki, bu layihələrdən biri olan - “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsinin əsas məqsədi Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidentinin xarici KİV-lərə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzsiz rolunu öyrənmək, müharibə dövründə yerli və xarici mediada dərc olunan məqalələri, müsahibələri və s. araşdırmaq, beynəlxalq medianın baxışını və yerli medianın fəaliyyətini akademik səviyyədə qiymətləndirmək olub. Layihə əsasında nəşr olunan kitabların materiallarından tədris prosesində istifadə ediləcəkdir.

Təqdimat mərasimində BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin üzvü Elşad Mirbəşiroğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Jurnalistika fakültəsinin dosenti Aynur Nəsirova çıxış edərək, layihə çərçivəsində nəşr olunan kitabların gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı mənbə rolunu oynayacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihəsi üzrə İşçi qrupu 5 istiqamət üzrə - Azərbaycan Respublikasının Prezidentinin xarici KİV-ə müsahibələri; Vətən müharibəsi beynəlxalq mediada; Vətən müharibəsi ölkə mediasında; müharibə dövründə Ermənistan mediası;  Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları istiqamətlərində araşdırma aparmış və layihə çərçivəsində 3 kitab nəşr olunmuşdur.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri” kitabında Vətən müharibəsinin getdiyi gərgin günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici KİV nümayəndələrinə verdiyi parlaq müsahibələri, bu müsahibələrin informasiya cəbhəsində, Qarabağ həqiqətlərinin, Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu təhlil edilmişdir.

“Vətən müharibəsi yerli və xarici mediada” kitabında Vətən müharibəsi dövründə ölkə KİV-nin fəaliyyəti, xarici media orqanlarında, eləcə də Ermənistan mətbuatında dərc olunan məqalələr, müsahibələr, reportajlar, analitik yazılar və s. araşdırılmış, beynəlxalq medianın müharibəyə baxışına nəzər salınmış, fərqli yanaşmalar  sistemləşdirilmiş, ümumiləşdirmələr aparılaraq təqdim olunmuşdur.

“Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” kitabında 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vasitələrində yayımlanmış yazılarının bir hissəsi toplanmışdır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024