BDU-da Xalq şairi Səməd Vurğun irsinə həsr olunmuş elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Xalq şairi Səməd Vurğunun irsində kitab və mütaliə” mövzusunda məruzə edib. Knyaz Aslan bildirib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onların irsinin təbliği hər zaman xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: “Ulu Öndər Səməd Vurğunun yaradıcılığını hər zaman yüksək qiymətləndirmiş, hələ sovet dövründə böyük şairin 70 illik yubileyinin ittifaq səviyyəsində qeyd olunmasına nail olmuşdur. Müstəqillik illərində də Ümummilli Lider şairin ədəbi-bədii irsini geniş şəkildə təbliğ etmişdir”. Natiq bildirib ki, həmin missiya bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli Sərəncamının əhəmiyətini vurğulayan natiq bildirib ki, ölkə rəhbərinin mütəfəkkir şairin yaradıcılığına verdiyi yüksək qiymət Səməd Vurğun irsinin müxtəlif aspektlərdən araşdırılmasını elm və təhsil müəssisələrinin qarşısında mühüm vəzifə kimi qoyur.
Məruzədə ustad sənətkarın yaradıcılığında kitab və mütaliə məsələləri geniş şəkildə təhlil olunub. Bildirilib ki, Səməd Vurğun həm bədii əsərlərində, həm də elmi-publisistik məqalələrində kitaba, mütaliəyə yüksək qiymət vermiş və təbliğ etmişdir. Məruzəçi şairin əsərlərində bu mövzuların əksini tapdığı poetik nümunələri və elmi qənaətləri səsləndirib, şairin yaradıcılığının ölkəmizdə mütaliə mədəniyyətinin inkişafında və oxucu zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Səməd Vurğunun ev-muzeyinin direkoru – görkəmli ədibin nəticəsi Vurğun Vəkilov çıxış edərək tədbirin təşkilinə görə BDU rəhbərliyinə, eləcə də məruzəçiyə və seminar iştirakçılarına təşəkkürünü bildirib.
Müzakirələrlə davam edən seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.





