BDU-da xalqımızın tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində xalqımızın Vətən müharibəsində tarixi Zəfərinin beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova qeyd edib ki, Vətən müharibəsi və qazandığımız tarixi Zəfər xalqımızın milli dövlətçilik salnaməsinin ən şərəfli səhifələrindəndir. Bu qələbəni şərtləndirən amilllər Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, Ordumuzun rəşadəti, “Dəmir yumruq”dan ilhamlanan xalqın əzmi, xalq-iqtidar birliyi, dövlətin iqtisadi gücü və müasir ordu quruculuğudur. Zəfər tarixinin hər bir səhifəsinin dərindən araşdırılması, bununla bağlı tədqiqatların aparılması və gələcək nəsillərə çatdırılması üçün tarixçi alimlərin də üzərinə böyük məsuliyyət düşür.
Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Qalib xalq adını özümüzə qaytaran tarixi qələbə” adlı məruzə edib. Məruzədə Azərbaycanın əzəli torpağı olan Qarabağın ən qədim çağlardan müasir dövrə kimi tarixinə ümumi nəzər salınıb, Qarabağın ərazisi, əhalisi, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti və siyasi həyatı, o cümlədən XX əsrin 20-ci illərində Azərbaycan SSR-in tərkibində qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması və bunun ağır nəticələri ilk mənbələr, arxiv sənədləri və mövcud ədəbiyyatlar əsasında geniş təhlil olunub. Ermənilərin Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün irəli sürdüyü ərazi iddialarının əsassızlığı mötəbər mənbələr əsasında seminar iştirakçılarına çatdırılıb.
Elmi seminarda XX əsrin 80-90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, Birinci Qarabağ savaşı və onun nəticələri, Azərbaycanın ərazisinin böyük bir hissəsinin təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunması, Ermənistanda və Qarabağ bölgəsində azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırım siyasəti, dinc əhaliyə qarşı terror, mədəniyyət abidələrimizə qarşı vandalizm aktları, ATƏT-in Minsk qrupunun münaqişənin həlli sahəsində səmərəsiz fəaliyyəti də nəzərdən keçirilib.
Elmi seminarın əsas hissəsi 2020-ci ildə zəfərlə başa çatan Vətən müharibəsinə həsr olunub. Məruzədə Vətən müharibəsinin başlanması, "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi, Ermənistanın müharibədə hərbi və siyasi iflası, misli görünməmiş Şuşa əməliyyatı, Azərbaycan torpaqlarının qəhrəman Ordumuz tərəfindən işğaldan azad edilməsi, müharibə dövründə Prezident İlham Əliyevin diplomatik sahədə əldə etdiyi böyük uğurlar, dost dövlətlərin Azərbaycana dəstəyi və digər ölkələrin müharibəyə münasibəti, 44 günlük savaş zamanı beynəlxalq təşkilatların mövqeyi, dünya mediasında müharibənin əks olunması, Ermənistanı təslim olmağa vadar edən 10 noyabr Bəyanatı, postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan-Türkiyə qardaşlığı və Şuşa Bəyannaməsi, "Böyük qayıdış" planına uyğun olaraq Qarabağın, mədəniyyətimizin paytaxtı elan edilən Şuşa şəhərinin və işğaldan azad edilən digər şəhər və rayonlarımızın dirçəldilməsi ilə bağlı bərpa-quruculuq işləri kimi çox mühüm məsələlərə toxunulub.
Seminarda Tarix fakültəsinin professor-müəllim heyəti, doktorant və tələbələri, AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşları iştirak ediblər.




