BDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

24/02/2022

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı videoçarx nümayiş olunub.

Konfransda giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli günlərindən biri və Ermənistanın 200 ildən bəri həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirib. Rektor Elçin Babayev vurğulayıb ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edilib, 20 min vətəndaşımız qətlə yetirilib, 50 min nəfərdən artıq adam yaralanıb və əlil olub. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qalıb.

Rektor bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini xatırladıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi  “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün dünyanın bir çox ölkələri tərəfindən Xocalı soyqırımı tanınır.

Elçin Babayev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir. Bu təbliğat kampaniyası ildən-ilə daha çox insanı və daha geniş coğrafiyanı əhatə edir.

BDU-nun rektoru 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı Vətən müharibəsinin Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdığını qeyd edib: “Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu şanlı qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıda və digər torpaqlarımızda erməni təcavüzkarlarının vəhşicəsinə həyata keçirdiyi soyqırım aktları nəticəsində həlak olan bütün vətəndaşlarımızın intiqamı alındı”.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva, Türkiyənin Azərbaycandakı  səfirliyinin müşaviri Hüseyin Altınalan çıxış edərək Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verib, Xocalı soyqırımının tanıdılması istiqamətində təkliflərini səsləndiriblər.

Beynəlxalq elmi konfrans öz işini məruzələrlə davam etdirib. BDU-nun Tarix fakültəsinin professoru Fazil Baxşəliyev “Xocalı faciəsi erməni millətçilərinin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsidir”, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz “Xocalı soyqırımının hərbi strateji baxımdan dəyərləndirilməsi”, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut “Xocalı faciəsi insanlığa qarşı törədilmiş bəşəri cinayətdir”, Türkiyənin Bozok Universitetinin professoru Kürşad Zorlu “Xocalıda yaşananlar qırğın-soyqırım dilemması baxımından: soyqırım olduğunu göstərən əsaslar”, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun kafedra müdiri, professor Şarustam Şamusarov “İnsanlığa və bəşəriyyətə qarşı törədilmiş Xocalı soyqırımı təkrarlanmamalıdır”, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədov “Xocalı soyqırımına görə təqsirli şəxslərin cinayət məsuliyyəti: maddi və prosessual aspektləri” mövzularında məruzə ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024