BDU-da Ziya Bünyadovun 90 illik yubileyi keçirilib
Bu gün Bakı Dövlət Universitetində görkəmli tarixçi və şərqşünas alim, əməkdar elm xadimi, akademik Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş «Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimidir» mövzusunda ikigünlük Respublika elmi-praktiki konfransı öz işinə başlayıb. Konfransı giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor böyük alimin həyat və fəaliyyətindən, onunla bağlı xatirələrindən əsasən də elmi yaradıcılığından danışıb. Qeyd edib ki, görkəmli alimin yaradıcılığı əsasən iki istiqamətdə inkişaf edib. Azərbaycanın və onunla qonşu olan Yaxın Şərq ölkələrinin feodalizm dövründə sosial-iqtisadi münasibətləri tarixinin tədqiqi, orta əsr müəlliflərinin Azərbaycan, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair əsərlərinin öyrənilməsi, şərhli tərcüməsi və nəşri onun yaradıcılığının əsasını təşkil edib. Rektor deyib ki, Ziya Bünyadovun xüsusi keyfiyyəti ondan ibarət olub ki, hərbçi, zabit, qəhrəman, döyüşçü keyfiyyətləri ilə yanaşı, həm də, İkinci dünya müharibəsi bitəndən sonra onda olan fitri istedad böyük elmə gətirib çıxarıb. Moskvada yüksək təhsil aldıqdan sonra Azərbaycanda 50-ci illərin əvvəllərindən ömrünün sonunadək elmin inkişafında əvəzsiz xidmətlər göstərib. Elmi yaradıcılığına, elmi əsərlərinə və elmdə tutduğu mövqeyinə, prinsipiallığına görə seçilən, fərqlənən bir alim olub. O, tarix elmini, şərqşünaslıq elmini həqiqətən zənginləşdirən əsərlər yaradıb.
Sonra İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev «Akademik Ziya Bünyadovun həyat və yaradıcılığı» mövzusunda məruzə edib.
Akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, professor Gövhər Baxşəliyeva və digər natiqlər akademiklə bağlı xatirələrini bölüşüblər.
Sonda Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova çıxış edərək konfransın təşkilatçılarına minnətdarlıq edib.
Mətbuat və informasiya şöbəsi, 30 may 2012-ci il.