“BDU-nu bizə dost münasibəti göstərmiş müəllimlərimlə, eləcə də əldə etdiyim möhkəm dostluqların məkanı kimi xatırlayacağam” - Müsahibə

27/07/2020


Bu il ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə (99.35) məzun olan  Teymur Məmmədəliyevlə müsahibə

Tələbəlik illəri hər bir insanın həyatında unudulmaz, maraqlı, xoş, sevincli, bir az da həyəcanlı xatirələrlə dolu olan bir dövrdür. Boşuna “o mehriban, o əziz, tələbəlik illəri” deyilməyib. Artıq Teymur Məmmədəliyev də tələbəlik illərini xatırlayanda “Sızlar yada düşəndə ürəyimin telləri” deyənlərin cərgəsinə qoşuldu. Çünki o, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura səviyyəsindən məzun oldu, özü də ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə (99.35).

Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi onlayn dərs və imtahanların gedişi və nəticəsi, tələbələrin yeni vəziyyətə adaptasiyası barədə mütəmadi olaraq tələbə-məzunların fikirlərini ictimaiyyətə təqdim edir.

Növbəti müsahibimiz adını Azərbaycan ali təhsil ocaqlarının flaqmanı BDU-nun xatirə lövhəsinə həkk etdirməyi bacaran Teymur Məmmədəliyevdir.

- Teymur, bilirik ki, ali təhsil almaq insan həyatında mühüm yer tutur. Bəs sənin həyatında Bakı Dövlət Universiteti nə kimi rol oynadı?

- Ali təhsil əksər tələbələrin həyatında onların şəxsiyyət kimi formalaşdığı bir dövrə təsadüf edir. Və adətən, onların həyatının sonrakı mərhələləri də universitet illərində formalaşmış şəxsi keyfiyyətlər, düşüncə tərzi üzərində qurulur. Bu baxımdan düşünürəm ki, Bakı Dövlət Universitetində təhsil aldığım illər mənim də bir fərd olaraq inkişafımda mühüm yer tutur.

- Bəs, BDU-da aldığın təhsilin keyfiyyəti barədə fikrin necədir?

- Təhsilin keyfiyyəti, düşünürəm ki, birbaşa fərdi xarakterlidir. Təhsil müəssisəsinin özü, həmçinin onun təqdim etdiyi imkanlar, təbii ki, çox önəmlidir. Düşünürəm ki, insanın daxilində öyrənmək həvəsi, mütaliə marağı olmadığı müddətdə, Universitetdə onun üçün yaradılan şərait heç bir önəm daşımayacaq. Mən də özümü şanslı sayıram ki, BDU-nun tələbələrə verdiyi keyfiyyətli təhsil imkanlarından uğurla yararlandım.

- BDU-da dörd il bakalavr, iki il isə magistratura səviyyəsində təhsil almısan. Altı illik müddətdə xatirələrin də var, təbii ki. Bəs BDU-nu xatırlayanda  ağlına ilk gələn nə olacaq?

- Universitetlə bağlı istənilən xatirəm gənciliyimdə başıma gəlmiş çox xoş və ən gözəl hadisələr kimi xəyalımda canlanacaq. BDU-nu bizə dost münasibəti göstərmiş müəllimlərimlə, eləcə də əldə etdiyim möhkəm dostluqların məkanı kimi xatırlayacağam.

- Teymur, bir az da qazandığın uğurlar barədə məlumat verərdin.

- Bilirsiniz, təhsil aldığım müddətdə heç vaxt nəsə qazanmaq niyyətim olmayıb. Nəticə sanki özlüyündə yaranıb. Öyrənmək, inkişaf etmək, cəmiyyət üçün faydalı bir fərd olmaq üçün təhsil almağı vacib bilmişəm. Hətta ən yüksək ÜOMG-nin məndə olduğunu deməsəydilər, yəqin ki bundan xəbərim belə olmayacaqdı. 2014-cü ildə ali məktəblərə qəbul imtahanında 691 bal toplamışam və Prezident təqaüdünə layiq görülmüşəm. Universitetimizin Hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişəm.

- Təhsilini davam etdirməyi düşünürsənmi?

- Zənnimcə insan həyatı boyu mümkün olduğu, bacardığı qədər öyrənməli və mütaliə etməlidir. Düşünürəm ki, ali təhsilli şəxs əsas ixtisası ilə yanaşı bir, hətta bir neçə əlavə ixtisasa yiyələnməlidir. Bu baxımdan təhsilimi davam etdirmək hər zaman fikrimdədir. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi əlavə və yeni ixtisaslaşmalardan birində davam etdirmək niyyətindəyəm.

- Təhsil aldığın müddətdə gələcəyinlə bağlı planların nədən ibarət idi?

- Öz ixtisasımı daha dərindən öyrənməyə çalışırdım. Xüsusilə də, nüfuzlu xarici universitetlərdə təhsil almaq planlaşdırdığım əsas məsələlərdən olub.

- Ən yüksək ÜOMG ilə bitirən məzun kimi abituriyentlərə hansı məsləhətləri verə bilərsən?

- Abituriyentlərə tövsiyə edərdim ki, hansısa universitetdə oxumaq və ya ixtisasa qəbul olmaq niyyəti ilə təhsil almağa çalışmasınlar. Öyrənmək, inkişaf etmək və cəmiyyətə faydalı olmaq üçün təhsil alsınlar. Gələcəkdə özlərini hansı peşədə mükəmməl formada ifadə edə biləcəklərsə, sevdikləri ixtisas hansıdısa, o sahə üzrə təhsil almağı qarşılarına məqsəd qoysunlar. Sevdikləri ixtisasa qəbul olunduqdan sonra isə, təhsil aldıqları müddətdə təkcə nəzəri bilikləri deyil, praktikanı da öyrəməyin vacibliyini, təcrübənin çox əhəmiyyətli olduğunu yaddan çıxartmamalıdırlar. Tələbəlik illərində xarici dil biliklərini təkmilləşdirsinlər, mümkün olduğu qədər təcrübə proqramlarında iştirak etsinlər.

- Teymur, artıq adını BDU-nun uğur tarixinə yazdıranların cərgəsindəsən. Son olaraq nə demək istərdin?

- Universiteti yüksək ÜOMG ilə bitirdiyim üçün rektorumuz cənab Elçin Babayev məni qəbul etdi. Görüşdə keçirdiyim hissləri heç bir sözlə ifadə edə bilmərəm. Onu bilirəm ki, Elçin müəllimlə olan görüşü hər zaman fəxr və iftixar hissi ilə xatırlayacağam. Son olaraq isə, cənab rektoruma, üzərimdə haqqı olan, əməyi keçən bütün müəllimlərimə, universitetin bütün texniki heyətinə minnətdarlığımı bildirirəm.

Onu da qeyd edək ki, müsahibə 22 iyulda alınıb. Həmin gün Teymur öz adını BDU-nun uğur lövhəsinə vurandan bir neçə saat sonra hərbi xidmətə yola düşüb. Hazırda o, hərbi xidmətdədir, doğma vətənimizin keşiyində durur. Teymura bu müqəddəs vəzifədə, regionun ən güclü ordusunda uğurla xidmət arzu edirik!

 

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib

“BDU könüllüləri” və Psixoloji yardım sektoru “Kitabın sirri” adlı görüş keçirib
11/12/2024

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb
11/12/2024