BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
Eyni gündə doğulan, eyni məktəbdə oxuyan, illərlə eyni sırada oturan Zəhra və Zeynəb Səfərli bacıları bu ildən eyni universitetin tələbələridirlər. Məktəb illərini bir yerdə başa vuran bacılar ali məktəbi də birgə seçib, BDU-ya üstünlük veriblər. Seçimləri BDU olsa da, ixtisasları fərqli olub.
420 balla Şərqşünaslıq fakültəsinin “Regionşünaslıq (Yaponiya üzrə)” ixtisasına qəbul olan Zəhra və 432 balla Filologiya fakültəsinin “Filologiya (Alman dili üzrə)” ixtisasına qəbul olan Zeynəb arzularını gerçəkləşdiriblər.
Gəlin Zəhra və Zeynəbi daha yaxından tanıyaq...
- Biz Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin məzunlarıyıq. Bu gün uşaqlığımızdan adını eşitdiyimiz və hələ atamızın əlindən tutub önündən keçdiyimiz BDU-nun tələbəsi kimi çox sevincliyik. Uşaq vaxtı düşünməzdik ki, illər sonra biz də burada tələbə olacağıq. İndi geriyə baxanda bu hiss bizə bir az fərqli və maraqlı gəlir. Məktəbdə də həmişə bir yerdə olmuşuq, indi isə tələbəlik həyatına birlikdə başlayırıq. Bu, bizim üçün ikiqat sevincdir.
- Eyni universitetin tələbəsi olmaq arzunuz gerçəkləşdi. Qəbul xəbərini eşidəndə nə hiss etdiniz?
Zeynəb: İxtisası müəyyən etmək üçün gələn SMS-də ilk fikir verdiyimiz “BDU-nun tələbəsi adını qazandıqmı?” sualına cavab idi. Nə yaxşı ki, bu sualımızın cavabı istədiyimiz kimi oldu. Bacımın və mənim istəyimiz ən yaxşını qazanmaq idi. Buna nail olduq.
Zəhra: Bu, bizim üçün həyatda özümüzün təkbaşına atdığımız ilk ən doğru və uğurlu addım idi.
- Hər ikinizin qəbul balı bir-birinə yaxındır. Bəs nə üçün eyni ixtisasları seçmədiniz?
Zəhra: Məktəb vaxtı məni daim Zeynəblə qarışdırırdılar. Hətta XI sinif üçün fotoalbom çəkilişində belə adlarımız dəyişik qeyd olunmuşdu. Onun üçün də eyni universiteti, amma fərqli ixtisasları seçdik. Məktəb dövründə hər şeyi bir yerdə yaşamışdıq, bu dəfə isə bir az fərqlilik olsun istədik. Həm də seçdiyimiz ixtisaslar maraq dairələrimizi əhatə edirdi.
- Qəbul imtahanlarına hazırlıq prosesində bir-birinizə necə dəstək olurdunuz?
Zeynəb: Bəzən mən riyaziyyat, Zəhra tarix fənnindən yardıma ehtiyac duyurduq. Dərs oxuyanda mən onu, o isə məni tamamlayırdı. Təsadüf elə gətirdi ki, ballarımız belə yaxın oldu. Amma təbii ki, heç nə təkbaşına olmur. Bu yolda ən böyük dəstəkçimiz valideynlərimiz və Azərbaycan dili müəllimimiz Sevinc müəllimə oldu.
- İkinizin də ixtisası beynəlxalq platformalara çıxışı olan ixtisaslardır. Bəs gələcəklə bağlı planlarınız nələrdir?
Zəhra: İkimiz də təhsilimizi akademik istiqamətdə davam etdirmək istəyirik. Beynəlxalq aləmdə ölkəmizi tanıtmağa da hazırıq. Yeni bir dili öyrənmək başqa bir mədəniyyətə, ənənəyə, dünyaya açılmış qapı kimidi. Məncə, biz də bunu bacararıq.
Zeynəb: Çox zaman yox, amma məhz qəbul prosesində Zəhra ilə fikirlərimiz çox üst-üstə düşdü. Buna görə də bu gün burada – BDU-dayıq.
- 107 yaşlı Universitetin tələbəsi olmaq necə hissdir?
Zəhra: Biz uşaq olanda atam həmişə “İstəyərəm ki, siz BDU-nun tələbəsi adını qazanasınız” deyirdi. O zamanlar bəlkə də bunu tam dərk etmirdik. Amma ölkənin ən böyük, qədim və uğurlu Universitetinin – BDU-nun tələbəsi olmaq bizim üçün böyük fəxrdir. İkimizin də BDU tələbəsi olması həm bizim, həm ailəmiz üçün ikiqat sevincdir. Məncə, bir-birimizin ən böyük dəstəkçisi olaraq burada da öz hekayəmizi yazacağıq.
Hazırladı: Nurlan Cəbrayılzadə
