BDU-nun 100 yaşlı Şərqşünaslıq fakültəsi

17/06/2022

Şərqlə Qərbin astanasında yaranmış Bakı Dövlət Universitetinin ən uca və qədim çinarlarından, görkəmli məzunları ilə tanınan, böyük ənənə və zəngin təhsil tarixinə malik, çoxlarının bir zamanlar arzusu olmuş Şərqşünaslıq fakültəsinin təşkilindən 100 il ötür. Yüz il insan üçün ölçülərkən ömrün qürub çağı, bəlkə də sonudur. Əgər bu halı Şərqşünaslıq fakültəsi barəsində desək, qocaman elm məbədi özünün gəncliyini də, elə ahıl çağlarını da müxtəlif alimlərin və şəxsiyyətlərin çiyni üzərində keçirib. Lakin klassik məktəblərin həmişəyaşar olduğuna inansaq, perspektivini itirməyən sahələrin heç zaman qocalmadığı, onların ömrünün nəsildən-nəslə calandığını qeyd etmək olar. İstər alimləri, istər müəllimləri, ictimai-siyasi xadimləri, diplomatları, şəhidləri, müharibə iştirakçıları, məzunları və tələbələri ilə 1922-ci ilin baharında çiçək açan şərqşünaslıq, yeni inkişaf yoluna qədəm qoyaraq, ölkəmiz üçün yeni yüzilliyə doğru şərqşünas kadrların hazırlanmasında töhfə verməyə davam edir.

1919-cu ildə Azərbaycan Dövlət Universiteti təsis edilərkən, onun daxilində müstəqil şərq fakültəsinin açılması nəzərdə tutulmamışdı. Bunun səbəbi Bakıda ixtisaslı şərqşünasların çatışmazlığı idi. O zaman şərqşünaslıq fakültəsinin açılması prioritet sahə olmaqla yanaşı, strateji əhəmiyyət daşısa da, kadr məsələsi bu yeni sahənin rövnəq tapmasına maneçilik törədirdi. Bunlara baxmayaraq, ADU-da yaranan tarix-filologiya ixtisasının tərkibində dünyada olan şərqşünaslıq üzrə tendensiyalara cavab vermək üçün, o cümlədən şərqlə bir çox müştərək xüsusiyyətlərə malik olan bir ölkədə Şərq şöbəsinin yaranması vacib idi. O zaman belə bir prioritet sahənin Bakıda rövnəq tapması qərbdə, xüsusən Rusiyada olan oxşar şərqşünaslıq məktəblərinin istiqamətlərinə uyğun gəlməli idi. Qeyd etmək lazımdır ki, Rusiyada yaranan şərqşünaslıq məktəblərinin əsasını da məhz Kazanda olan tatar mütəxəssislərlə yanaşı, məşhur azərbaycanlılar qoymuşdular.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Şərqşünasliq fakültəsinin dekan müavini Şahin Yusiflinin məqaləsində yer alıb.

“BDU-nun 100 yaşlı Şərqşünaslıq fakültəsi” sərlövhəli məqalədə qeyd olunub ki, tanınmış ictimai xadim, publisist Məmmədağa Şahtaxtınski 1920-ci illərin ortalarından etibarən universitetdə fəaliyyətə başlayıb, ilk dəfə Elmi Şura tərəfindən şərqşünaslıq sahəsi üzrə professor seçilib. Beləliklə, universitetin ilk azərbaycanlı professoru məhz məşhurlaşmaqda olan bu yeni istiqamətdən çıxmışdı. Bakıda şərqşünaslıq məktəbinin təşkili Kazan, Tiflis, Peterburq məktəblərinin bu sahədə özfəaliyyətinin əks-sədası olmaqla yanaşı, regionda yeni intellektual mərkəzin yaranması kimi xarakterizə olunurdu. O zaman bu sahənin əsasının qoyulması üçün məhz şərqşünaslıq üzrə ixtisaslı kadrların cəlb edilməsi zərurəti yaranmışdı.

1919-cu ildə Azərbaycan Dövlət Universiteti (ADU) təsis edilərkən rektor V.İ.Razumovski və tarix-filologiya fakültələrinin dekanı A.N.Dubrovski, Xarkov, Rostov, Kazan və digər şəhərlərin ali məktəblərində çalışan həmkarlarını yeni ali təhsil müəssisəsində fəaliyyət göstərmək üçün dəvət etdilər. Dəvət alanlar içərisində P.K.Juze də var idi. Əslən Qüdsdən olan xristian ərəb P.K.Juzenin təyinatı ozamankı siyasi düşüncənin təcəssümü, eyni zamanda, elmi məqsədlərin icrası baxımdan əhəmiyyətli idi. Belə bir poliqlot-alimin Azərbaycanda şərqşünaslıq sahəsinin məhək daşını atmaq üçün dəvət alması onun bu sahədə ən məşhurlardan olduğunu göstərirdi. Lakin bir qədər məsələyə geniş yanaşsaq, Juzenin Bakıya gəlməsi ilk universitetin açılması ilə əlaqədar hesab oluna bilərdi. Əvvəllər Osmanlı, sonra isə rus vətəndaşlığını qəbul edən Juzenin Bakıya çox əvvəldən dəvətinə işarə edən sənədlərə istinad etsək, bu məsələ məhz Azərbaycanda baş verən tarixi hadisələrlə əlaqəli şəkildə 1920-ci ilə qədər uzanmışdı.

P.K.Juze məhz münbit elmi və rifahi şərait əldə etmək üçün Bakını seçdiyindən, burada yaranan yeni hökumət və onun devrilməsinə qədər olan zaman kəsiyində öz gəlişini təxirə salmalı olmuşdu. Əslində Juzeni, eləcə də digər Kazan professorlarını Bakıya gətirən səbəb təkcə elmin inkişafına töhfə vermək istəyi deyildi. Onların fəaliyyət göstərdiyi ərazilərdə müharibə, anarxiya hökm sürdüyündən, digər tərəfdən ictimai ehtiyaclar şərqşünasların bir qrupunu Bakını seçməyə məcbur etmişdi.

1920-ci illərdə P.K.Juze daxil olmaqla bir çox mütəxəssislərin Bakıya dəvəti, Nəriman Nərimanov, o cümlədən Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun fəaliyyətinin nəticəsi idi. Məhz o zaman P.K.Juze də Kazandan Bakıya köçmək və Şərq fakültəsinin qurulmasında iştirakla bağlı dəvət almışdı. Bakıda belə bir sahənin olmadığını nəzərə alan alim bu təklifi qəbul edib, gəldikdən az sonra universitetin Tarix-filologiya fakültəsinin Şərq şöbəsində işə başlayıb. Fəaliyyətinin altıncı ayında P.Juze, Azərbaycan gerçəkliklərini nəzərə alaraq şərq şöbəsinin müstəqil fakültəyə çevrilməsi ilə bağlı məsələ qaldırıb və bir il sonra məqsədinə nail olmuşdu. Yeni fakültənin yaradılması ilə bağlı hazırladığı “İzahat qeydi”ndə respublika rəhbərliyi qarşısında müstəqil Şərqşünaslıq fakültəsinin yaradılması ilə bağlı zərurəti əsaslandıran P.Juze yazırdı: “Bakıda Şərq fakültəsinin açılmasını Yaxın və Orta Şərqin qovşağında, İran, Türkiyə və Orta Asiya arasında yerləşən, Volqaboyu və Ön Qafqaz xalqları ilə tarixi əlaqələrə malik Azərbaycanın son dərəcə uğurlu coğrafi mövqeyi bizdən tələb edir. Odur ki, Bakıda həmin ölkələrin öyrənilməsi üçün elmi müəssisənin yaradılması ideyası qanunauyğun bir şəkildə gündəliyə gəlməlidir. Şərq fakültəsi, həmçinin Zaqafqaziyada maarifçiliyin yayılmasına xidmət etməli, bu da öz növbəsində regionda Azərbaycanın rolunun daha da artmasına təkan verəcəkdir”.

Başqa aspektdən o zaman şərqşünaslığın müstəqil fakültəyə çevrilməsi zərurəti məhz 1920-ci ilin sentyabrında baş tutan Şərq xalqlarının I qurultayının nəticələri ilə sıx əlaqədar olduğu üçün, bu sahə üzrə nüfuzlu alimlərin işə cəlb edilməsilə kadr hazırlığının və strateji tədqiqatların aparılması tövsiyə edilmişdi.

Universitetin Elmi Şurası tezliklə P.Juzenin səmərəli fəaliyyət və xidmətlərini nəzərə alaraq, ərəb dili üzrə doktorluq dərəcəsi almış alimi, 1921-ci ildə Ərəb dili və ədəbiyyatı kafedrasının professoru təyin edir. Alim 1937-ci ilə qədər bu vəzifəni icra edir. O, 1922-1926-cı illərdə müstəqil Şərq fakültəsinin dekanı, sonralar Yaxın Şərq xalqlarının etnoqrafiyası və tarixi kafedrasının müdiri vəzifələrində çalışır. Onun təşəbbüsü nəticəsində ADU-nun Şərq şöbəsi əsasında 2 şöbədən ibarət Şərq fakültəsi yaradılır. O, Azərbaycanda tədrisin və elmin inkişafı üçün görkəmli professorları, alimləri dəvət etmək məqsədilə Xalq Maarif Komissarlığı tərəfindən Moskva, Petroqrad, Simbirsk şəhərlərinə xüsusi ezam olunur. Həmin illərdə Azərbaycana gələrək fəaliyyət göstərənlərdən şərqşünas A.N.Samoyloviç, türkoloq N.İ.Aşmarin, şərqşünas, V.V.Bartold, dilçi N.Y.Marr, tarixçi A.S.Qubaydulin, ərəbist İ.Y.Kraçkovski, filosof A.O.Makovelski, İ.İ.Meşşaninov, türkoloq alimlər Bəkir Çobanzadə, B.Miller, A.R.Zifeldt, R.O.Şor, B.M.Dansiq, M.F.Köprülüzadə və başqalarının adlarını çəkmək olar.

Bakıdakı demokratik mühit P.K.Juzenin missioner ideyalarından uzaqlaşmasına, özünü tamamilə tarixi tədqiqatlara həsr etməsinə imkan yaradır. Sonralar professor Juze yüz il əvvəl əsası qoyulan fakültə kitabxanasının yaradılmasında böyük xidmətlər göstərir. O, 1921-ci ildə İrandan çoxlu sayda ərəb və fars əlyazmaları, 1924-cü ildə isə Yaxın Şərqə uzunmüddətli elmi ezamiyyəti zamanı Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına İstanbuldan müxtəlif dillərdə Şərq ölkələrinin tarixinə və ədəbiyyatına dair 2 min cilddən çox kitab və əlyazmanın alınıb gətirilməsinə müvəffəq olur.

1928-ci ildə sovet ideologiyasının tələblərinə əsasən Şərq fakültəsi bağlandıqdan sonra pedaqoji fəaliyyətdən ayrılmaq məcburiyyətində qalan professor P.Juze əsas diqqətini orta əsrlər Azərbaycan tarixinə dair ərəb dilli mənbələrin tərcüməsinə və şərhinə yönəldir.

1924-27-ci illərdə Azərbaycan Dövlət Universiteti Şərq fakültəsinin Filologiya şöbəsində təhsil alan C.Cabbarlıya da ərəb dili qrammatikasından və Şərq ədəbiyyatı tarixindən məhz professor Juze dərs demişdi. Cabbarlının ev-muzeyində saxlanan qiymət kitabçasındakı müvafiq qeydlər də bu faktı bir daha təsdiq edir.

1920-ci illərdən etibarən respublika rəhbərliyi, o cümlədən professor P.K.Juzenin şəxsi dəvəti ilə fakültəyə gəlmiş məşhur şərqşünaslar müxtəlif illərdə fakültənin inzibati həyatında yer alıblar. Belə ki, Nikolay İvanoviç Aşmarin 1923-1926-cı illərdə Şərqşünaslıq fakültəsinin Türkşünaslıq kafedrasına rəhbərlik edib, 1924-cü ildən etibarən V.V.Bartold “Türk-tatar xalqları tarixi” kursundan, 1926-1927-ci illərdə İ.Meşşaninov, 1928-1930-cu illərdə professor Rozalya Osipovna Şor fakültədə dərslər aparıblar.

1924-ci ilə qısa müddətə Bəkir Çobanzadə dekan təyin edilib, 1924-cı ildən 1929-cu ilə qədər isə kafedra müdiri vəzifəsində çalışıb. 1926-cı ildə isə professor A.S.Qubaydulin fakültənin dekanı təyin edilib.

1930-cu ildə universitetin bazası əsasında 5 institut açıldığına görə Şərq şöbəsi bağlanıb, yalnız 1934-cü ildə yenidən təşkil edilib. 30-cu illərin sosial-ictimai vəziyyətinin ən gərgin dövrlərində fakültə ilkin sürətini bir qədər itirib, gah Filologiya fakültəsi nəzdində İranşünaslıq və Türkologiya şöbələri olmaqla, gah da müstəqil fakültə kimi fəaliyyət göstərib. Fakültə 1946-cı ildə bərpa olunsa da, 1950-ci ildə yenidən öz müstəqil fəaliyyətini əldən verib. Nəhayət, 1957-ci ildə ərəb, fars və türk şöbələri olmaqla Şərqşünaslıq fakültəsi yenidən təsis edilib. 1957-ci ildə ərəb dili, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri və ərəb, fars, türk ədəbiyyatları tədris olunan Yaxın və Orta şərq xalqları ədəbiyyatı tarixi kafedraları yaradılıb.

Nəhayət, 1945-ci ildə ömrünün sonunadək universitetdə fəaliyyət göstərmiş professor Mübariz Əlizadə Şərqşünaslıq fakültəsinin ilk Azərbaycanlı dekanı təyin olunur (1945-1950). O, sonralar uzun müddət fakültənin Yaxın və Orta Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib. Ardıcıl olaraq 1957-1960-cı illərdə professor Rəhim Sultanov, 1960-1961-ci illərdə dosent Yusif Şirvan, 1962-1964-cü illərdə yenidən professor Mübariz Əlizadə, 1965-1977-ci illərdə professor Həsən Mahmudov, 1977-1981-ci illərdə professor Şulan Şirəliyev, 1981-1991-ci illərdə professor Vasim Məmmədəliyev, 1991-1999-cu illərdə dosent Elxan Əzizov, 1999-2002-ci illərdə dosent Əbdüləli Kərimov, 2002-2021-ci illərdə yenidən professor Elxan Əzizov və 2022-ci ildən fakültəyə dosent Aydan Xəndan rəhbərlik edir.

Yaxın Şərq və Orta Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına 1944-cü ildən akademik Həmid Araslı, 1957-1962-ci illərdə professor Mübariz Əlizadə, 1962-1965-ci illərdə yenidən akademik Həmid Araslı, 1967-1970-ci illərdə dosent Yusif Şirvan, 1970-1989-cu illərdə professor Mübariz Əlizadə, 1989-1991-ci illərdə professor Malik Mahmudov rəhbərlik edib. Xronika göstərir ki, müxtəlif illərdə fakültənin alimləri biri digərini inzibati vəzifələrdə əvəz ediblər. Qeyd etmək lazımdır ki, Yaxın Şərq dilləri kafedrasına 1957-ci ildən 1989-cu ilə qədər professor Rəhim Sultanov rəhbərlik edib, 1989-1990-cı illərdə professor Həsən Mahmudov, 1990-cı ildən kafedraların balansında Ərəb, İran və Türk filologiyası kafedraları təşkil olunub, İran filologiyası kafedrasının ilk müdiri professor Həsən Mahmudov təyin edilib. Ardıcıl olaraq 1990-1996-ci illərdə professor Mirzə Rəhimov, 1996-2006-cı illərdə dosent Tofiq Cahangirov, 2006-ci ildən bu günə qədər iranşünas-alim, professor Mehdi Kazımov eyniadlı kafedraya rəhbərlik edir.

Paralel olaraq 1957-ci ildən Ərəb dili kafedrasının müdiri vəzifəsini Azərbaycanda müdafiə etmədən doktorluq dərəcəsi alan ilk alim, böyük ərəbşünas, professor Ələsgər Məmmədov (1957-1989) və dosent İsmayıl Şəms (1989-1991) tutublar. 1991-ci ildən 2019-ci ilə qədər Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini böyük ərəbşünaslar nəslinin layiqli davamçısı akademik Vasim Məmmədəliyev tutub. 2019-2022-ci illər arasında kafedra müdiri vəzifəsini dosent V.Qaradağlı və professor E.Əzizov icra edib, 2022-ci ildən isə Ərəb filologiyası kafedrasına fakültənin tanınmış yetirmələrindən, məşhur ərəbşünas-alim, dosent Vüqar Qaradağlı rəhbərlik edir.

Eyni zamanda, 1990-cı ildə Türk filologiyası kafedrası təşkil olunub, ilk müdir türkoloq-alim, professor Rüfət Rüstəmov təyin edilib. Professor R.Rüstəmov bu günə qədər kafedra müdiri vəzifəsini icra edir.

Şərqşünaslıq fakültəsində 1957-ci ildə yaradılmış istiqamətlərlə yanaşı, uzun müddətdən sonra, ölkəmizin müstəqil respublikaya çevrilməsi və Yaxın və Uzaq Şərq ölkələri ilə yaranan münasibətlər konstekstində 1993-cü ildə ibri, 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2002-ci ildə Çin və 2007-ci ildə isə Koreya şöbələri yaradılıb. Çin, Yaponiya və Koreya dilləri 2004-cü ildə yaradılan vahid Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasına daxil edilib. 2005-ci ildən kafedraya professor Oqtay Cəlilbəyli rəhbərlik edir.

Yüz yaşlı fakültənin yerli və xarici olmaqla çox məşhur müəllimləri olub. Professorlar Neyyərzaman Hatəmi, Malik Mahmudov, Əhməd Şəfai, Məmmədağa Sultanov, Təhminə Rüstəmova, Mirzə Rəhimov, Xeyri Əl-Abbasi, Aslan Eyvazov, dosentlər İsmayıl Şəms, Yusif Ziya Şirvan, Həsən Əlizadə, Aniyə Ələkbərova, Təhmuras Cəhani, Fəxrəntac Zülfüqarova, Məmmədtağı Zehtabi, Ağadadaş Dadaşov, Əkrəm Cəfər, Tofiq Cahangirov, Mənzərə Məmmədova, Ə.Əliyev, Rəna Əhmədova, Əhməd Yusifi, Aşur Əzizov, Ağayusif Əliyev və başqaları olublar.

Hazırda fakültədə akademik Rafael Hüseynov, professorlar Jalə Əliyeva, Əsgər Rəsulov, Elxan Əzizov, Nəsrulla Məmmədov, Aida Qasımova, Anar Kərimov, dosentlər Nüşabə Əlizadə, Əsmətxanım Məmmədova, Leyla Mahmudova, Bilqeyis Quliyeva, Bənövşə Hacıyeva, Şükufə Qədimova, Cəmilə Rüstəmova, Nigar İsmayılzadə, Arif Yunusov, Təranə Əkbərova, Çinarə Mütəlimova, Gülnarə Abdullayeva, Kəmalə Əhmədova, Heybət Heybətov, filologiya üzrə fəlsəfə doktorları Təranə Hüseynbalayeva, Tərlan Məlikov, baş müəllimlər Adil Yəhyayev, Şamil Alməmmədov, Hüseyn Sadıqov, peşəkar mütərcimlər Mais Ağaverdiyev, Rəşad Babayev, Şahin Yusifli, urdu dili üzrə yeganə mütəxəssislərdən Eldost İbrahimov, Koreya dili üzrə Vüsalə Həsənova, yapon dili üzrə Ellada Məmmədova və başqaları fəaliyyət göstərirlər.

Şərqşünaslıq fakültəsi keçən 100 ildə həm respublika, həm də müxtəlif ölkələr üçün böyük sayda mütəxəssislər hazırlayıb. Bu kadrlar içərisində Vyetnam, Polşa, Macarıstan, Kamboca, Laos, Çin, İran, Türkiyə, Almaniya və digər xarici ölkələrin vətəndaşlarının adını qeyd etmək olar. İndiyədək fakültəni bitirmiş yeddi nəfər Milli Məclisin deputatı, iyirmi beş nəfər Azərbaycanı xaricdə təmsil edərək, fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərib və hazırda da diplomatik, xüsusi xidmət, sərhəd, gömrük, miqrasiya orqanlarında fakültənin məzunları fəaliyyət göstərirlər.

Bugün Şərqşünaslıq fakültəsi genişlənərək 8 ölkə ilə bağlı geniş sahəni əhatə edir. Burada regionşünaslıq (Şərq ölkələri üzrə), filologiya (ərəb, fars və türk dili və ədəbiyyatı) və tərcümə (ərəb və fars dili) ixtisasları mövcuddur. Şərqşünaslıq fakültəsi dünyada mövcud müasir trendlər nəzərə alınmaqla, ölkələr üzrə ixtisaslı kadrlar, filoloqlar və tərcümələr hazırlanmasını hədəfləyir. Şərqşünaslıq fakültəsində tələbələr müvafiq ölkələr üzrə kompleks sahələr ilə tanış olur, azı iki şərq dilinə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə uyğun olaraq təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər. Onlar koreyaşünaslıq üzrə “Viktorina”, “Çin dili körpüsü” yarışları, fars dili və yapon dili üzrə olimpiyadalarda, ərəb dili üzrə Asiya çempionatında, Qətər və Oman kimi dövlətlərin təşkil etdiyi beynəlxalq könüllülük hərəkatlarında iştirak edir, şərq ölkələri üzrə müsabiqələrdə qalib gələrək, beynəlxalq arenada Bakı şərqşünaslıq məktəbini təmsil edirlər.

Bütün sadalananlar şərqşünaslığın yeni istiqamətlərdə, yeni tendensiyalar nəzərə alınmaqla inkişaf yolu seçdiyini göstərir və gələcəkdə daha təkmil, müasir çağırışlara cavab verən, klassik ənənələrə sadiq məktəbin hələ çox yaşayacağı ümidlərini artırır.

https://azertag.az/xeber/BDU_nun_100_yasli_Serqsunasliq_fakultesi-2181818

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024