BDU-nun 3 komandası “Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” adlı yarışın final mərhələsində

30/09/2025

“Tələbələrin təşəbbüslərinə dəstək – layihələr vernisajı” layihəsi Bakı Dövlət Universiteti (BDU) və DOST Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Layihə çərçivəsində sosial sahədə rəqəmsal, innovativ və yaradıcı ideyaya sahib ölkə universitetləri üzrə 43 komanda yarışıb, bu komandalardan 9-u yarışmanın final mərhələsinə vəsiqə qazanıb. Bu komandalardan 3-ü BDU-nu təmsil edir.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” ixtisasının II kurs tələbəsi Fatimə Şirəliyeva tərəfindən təqdim edilən “ÜFÜQ - Ünsiyyət, Fərqindəlik, Ümid və Qayğı” layihəsinin məqsədi psixoloji dəstəyə ehtiyacı olan gənclərin (və tədricən digər yaş qruplarının) anonim, təhlükəsiz və rəqəmsal mühitdə öz hisslərini ifadə edə bildikləri, dəstək və motivasiya ala bildikləri bir platformanın yaradılmasıdır.

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Cəmil Cəfərli tərəfindən təqdim edilən “NeuroScreen” layihəsinin məqsədi iflic diaqnozu qoyulmuş şəxslərin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robotik orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin real vaxt rejimində monitorinqi və süni intellekt əsasında təyinidir.

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” ixtisasının II kurs tələbəsi Gülgün Şəfiyeva tərəfindən təqdim edilən “SƏS – Səssizlərin Səsi” layihəsinin əsas məqsədi süni intellekt əsaslı mobil və veb platforma vasitəsilə eşitmə məhdudiyyətli gənclər üçün əlçatan, öyrədici və gəlir gətirən bir rəqəmsal məkana çevrilməkdir. Bu platforma onların yalnız məlumat əldə etməsi üçün deyil, öz bacarıqlarını cəmiyyətə təqdim etməsi və bu bacarıqları vasitəsilə gəlir qazanması üçün dizayn olunub.

Yarışın final mərhələsinə yüksələn tələbələrimiz öz layihələrini 24 oktyabr tarixində Bakıda keçiriləcək “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfransında tədbir iştirakçılarına təqdim etmə imkanı qazanıblar.

Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmilərini, yerli və beynəlxalq ekspertləri, eləcə də alimləri və beynəlxalq təşkilatların nümayəndələrini, yerli və beynəlxalq investorları bir araya gətirəcək.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025