BDU-nun 99 yaşlı Şərqşünaslıq fakültəsi

30/03/2021

Azərbaycanda istər müstəqillik, istərsə də sovetlər birliyi dövründə ölkə üçün ən nüfuzlu elmi və ixtisaslı kadrlar hazırlamış təhsil ocaqlarından biri Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi hesab olunur. Bugün bu qocaman fakültənin yaşını bir əsrdən bircə il ayırır. Böyük ictimai və təhsil tarixinə malik olan Şərqşünaslıq fakültəsi doxsan doqquzuncu baharını təntənə ilə qeyd edir.

XX əsrin əvvələrində Azərbaycanda ilk şərqşünaslıq məktəbinin əsasının qoyulması Avropa və Rusiyada buna bənzər məktəblərin olması ilə əlaqədar idi. Şərqşünaslığın bütün dünyada olan qalibiyyətli yürüşü o zamankı höküməti belə bir ixtisası açmağa sövq etmişdi. 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı şərqşünaslıq üzrə ixtisaslı kadrların hazırlanması və bu istiqamətdə nüfuzlu alimlərin ölkəyə dəvət olunmasını, prioritet məsələ kimi Şərqin tarix və mədəniyyətinin öyrənilməsinin zəruriliyini vurğulamış, bu aspektdə tədqiqatların Bakı Universitetində mərkəzləşdirilməsini tövsiyə etmişdi.

1919-cu ildə Bakı Dövlət Universiteti təsis edilərkən yeni yaranmış təhsil ocağının tarix-filologiya ixtisasının tərkibində XIX əsrdən etibarən Qərb dünyasından Şərqə doğru yayılan Şərqi öyrənən cəmiyyətlərin inkişafı ilə əlaqədar belə bir məktəbin yaranması ölkəmizdə bu unikal və yeni sahədə kadrlar hazırlanması məsələsini gündəmə gətirmişdi. Şərq şöbəsinin açılması ilə Cənubi Qafqazda bu sahədə ən intellektual mərkəzlərdən birinin əsasının qoyulması klassik universitetə modern görünüş gətirmişdi. 1922-ci ilə qədər keçən dövr ərzində Şərq şöbəsi fəaliyyətini davam etdirmiş, 1922-ci il iyulun 13-də respublika hökuməti Universitetin Tarix-filologiya fakültəsi nəzdində olan Şərq şöbəsinin müstəqil Şərq fakültəsinə çevrilməsi barəsində müvafiq qərar qəbul etmişdi. Müstəqil fakültənin yaranması və fakültənin ənənələrinin dərinləşdirilməsi məqsədi ilə Şərq kitabxanasının təchizatı üçün xüsusi vəsait ayrılmışdı. O zaman fakültənin yaradılması tədqiqatçı şərqşünasların elmi məktəbini yaratmaq, türk və İran xalqlarının tarixi, dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlamaq adı altında əsaslandırılmışdı.

Yeni fakültənin ilk dekanı professor P.K.Juze olmuşdur. Rusiyada Panteleymon Krestoviç Juze kimi tanınan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Bəndəli ibn Saliba əl-Cauzi (1871-1942) əslən fələstinli ərəb idi. O, təhsil almaq üçün Kazan şəhərinə gəlmiş, universiteti bitirdikdən sonra orada pedaqoji fəaliyyətə başlamış və 1920-ci ildə professor kimi  universitetin ilk rektoru tərəfindən Bakı Universitetinə dəvət olunmuşdu. Lakin o, Azərbaycana müstəqil Cümhuriyyət devrildikdən sonra, bolşevik hakimiyyətinin ilk aylarında gələ bilmişdi. Juze elmi həyata bağlı olduğundan ona əvvələr Azərbaycanda verilən vəzifəni qəbul etməmişdi. Ancaq bu dəfə yeni fakültəyə can vermək onu bu işə həvəsləndirmişdi. Elm təəssübkeşi olan Juze fəaliyyətinin elə ilk illərində ərəb filologiyası üzrə professor seçilmiş, 1926-cı ilə qədər fakültəyə rəhbərlik etmişdir. Onun idarə etdiyi dövrdə Şərq fakültəsinə ilk dəyərli kitablar, əlyazmalar alınaraq gətirilmiş, görkəmli alimlər – akademiklər N.Y.Marr, İ.İ.Meşşaninov, V.V.Bartold, A.N.Samoyloviç, professorlar: İ.N.Aşmarin, A.A.Romaskeviç, R.Şor, B.V.Çobanzadə, A.S.Qubaydulin və başqaları böyük elmi-pedaqoji iş aparmışlar. Ardıcıl olaraq 1924-cü ildə prof. B.V.Çobanzadə, 1926-cı ildə isə prof.A.S.Qubaydulin fakültənin dekanı təyin edilmişdilər.

1930-cu ildə Universitetin bazası əsasında 5 institut açıldığına görə Şərq şöbəsi bağlanmış, yalnız 1934-cü ildə yenidən təşkil edilmişdir. Lakin 30-cu illərin sosial-ictimai vəziyyətinin ən gərgin dövrlərində fakültə ilkin sürətini bir qədər itirmiş, gah Filologiya fakültəsi nəzdində iranşünaslıq və türkologiya şöbələri olmaqla, gah da müstəqil fakültə kimi fəaliyyət göstərmişdir. 1946-cı ildə bərpa olunsa da, 1950-ci ildə yenidən öz müstəqil fəaliyyətini əldən vermişdir. Nəhayət, sonuncu dəfə 1957-ci ildə ərəb, fars və türk şöbələri olmaqla Şərqşünaslıq fakültəsi yenidən təsis edilmişdir. 1957-ci ildə həmçinin ərəb dili, fars və türk dillərini əhatə edən Yaxın Şərq dilləri və ərəb, fars, türk ədəbiyyatları tədris olunan Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedraları yaradılmışdır. Ərəb dili kafedrasının müdiri vəzifəsini böyük ərəbşünas, professor Ələsgər Məmmədov (1957-1989) və dosent İsmayıl Şəms (1989-1991) tutmuşlar. 1989-cu ilədək Yaxın Şərq dilləri kafedrasının müdiri iranşünas alim, professor Rəhim Sultanov, sonra isə professor Həsən Mahmudov olmuşlar. 1990-cı ildə bu kafedra fars dili  (1991-ci ilədək müdir professor Həsən Mahmudov) və türk dili (1991-ci ilədək müdir f.e.n. Rüfət Rüstəmov) kafedralarına ayrılmışdır.

Müxtəlif  illərdə Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasına professor Mübariz Əlizadə (1957-1965, 1970-1989), akademik Həmid Araslı (1965-1967), dosent Yusif Şirvan (1967-1970) və professor Malik Mahmudov (1989-1991) rəhbərlik etmişlər.

Professor Rəhim Sultanov (1957-1960), dosent Yusif Şirvan (1960-1961), professor Ələsgər Məmmədov (1961-1962), professor Mübariz Əlizadə (1962-1964), professor Həsən Mahmudov (1964-1977), professor Şulan Şirəliyev (1977-1981), akademik Vasim Məmmədəliyev (1981-1991), dosent Elxan Əzizov (1991-1999), dosent Əbdüləli Kərimov (1999-2002) fakültə dekanı vəzifəsində işləmişlər. 2002-ci ildən fakültənin dekanı professor Elxan Əzizovdur.

Şərqşünaslıq fakültəsində tədrisin yüksək səviyyədə aparılmasında, ölkəmiz üçün şərqşünas kadrların yetişdirilməsində, ərəbşünaslıq, iranşünaslıq və türkologiya sahəsində elmi nailiyyətlər əldə edilməsində akademik Həmid Araslı, professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Əhməd Şəfai, Neyyərzaman Hatəmi, Həsən Mahmudov, Malik Mahmudov, Aida İmanquliyeva, Mirzə Rəhimov, Aniyə Ələkbərova, Aslan Eyvazov, Şulan Şirəliyev, dosentlər Əli Azəri, Həsən Əlizadə, Yusif Şirvan, Yusif  Ziya Şirvani, Təhmurəs Cahani, Ağadadaş Dadaşov, Əbdüləli Kərimov, Fəxrəntac Zülfüqarova, İsmayıl Şəms, Tofiq Cahangirov və başqaları əvəzsiz xidmətlər göstərmişlər. Azərbaycanda samişünaslıq və islamşünaslığın inkişafında akademik Vasim Məmmədəliyev böyük rol oynamışdır.

1957-ci ildən fəaliyyət göstərən ərəb, fars, türk şöbələri ilə yanaşı, 1993-cü ildə ibri (yəhudi), 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2003-cü ildə Çin, 2007-ci ildə Koreya dili şöbələri açılmışdır.

2016-ci ildən fakültədə ərəb, fars, türk dili və ədəbiyyatı üzrə filologiya ixtisası fəaliyyət göstərməyə başlamış, 2019-cu ildən ərəb və fars dilləri üzrə tərcümə ixtisasları fakültənin ixtisasları sırasına əlavə edilmişdir.

Şərqşünaslıq fakültəsi keçən 99 ildə ölkə üçün müxtəlif sahələr üzrə mütəxəssislər ordusu hazırlamışdır. Bu mütəxəssislərin bir qrupu xarici ölkələrin vətəndaşları olub. Bu vətəndaşlar içərisində Vyetnam, Polşa, Macarıstan, Kamboca, Laos, Çin, İran, Türkiyə, Almaniya və s. kimi ölkələr vardır.

İndiyədək fakültəni bitirmiş yeddi nəfər Milli Məclisin üzvü, iyirmi beş nəfər Azərbaycanı xaricdə təmsil edərək, fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərmiş və hazırda da diplomatik, xüsusi xidmət, sərhəd, gömrük, miqrasiya orqanlarında fakültənin məzunları fəaliyyət göstərirlər.

Fakültənin elmi istiqamətdə şöhrətli məzunları arasında AMEA-nın həqiqi üzvləri –akademiklər Rafael Hüseynov, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı və başqalarının adını qeyd etmək olar.

Bugün Şərqşünaslıq fakültəsi ötən əsr boyu malik olduğu böyük ənənə və tarixə söykənərək, dünya standartlarına cavab verməyə çalışaraq, ixtisaslarının hədlərini genişləndirərək Şərqin 8 ölkəsinin regionları, dil və ədəbiyyatı sahələrini əhatə etməklə yeni kadrlar hazırlayır. Tarixi olmaq əsası, özülü olmaq deməkdir. “Ot kökü üstdə bitər” deyib atalar. Şərqşünaslıq fakültəsi bir əsrlik yaşına doğru yeni ümidlər və amallar ilə irəlləyir. Qarabağı düşməndən azad edən qəhrəman Azərbaycan gənci bu sahədə də öz sözünü deyəcək, növbəti əsrdə şərqşünaslar köklü məktəbin layiqli davamçıları olduqlarını bir daha sübut edəcəklər.

 

Şahin Yusifli,

BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024