BDU-nun Astrofizika kafedrası: Yupiter sentyabrın 26-da Yerə ən yaxın məsafədə olacaq

05/09/2022

Günəş sisteminin ən böyük planeti olan Yupiter 2022-ci il sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.  
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə “Yupiterin böyük qarşıdurması” adlanır. Yupiter periheli nöqtəsində 19 yanvar 2023-cü ildə olacaq.  
“Böyük qarşıdurma”nın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu hadisə zamanı Yupiter Yerə minimum məsafədə yaxınlaşır, bu məsafə 3.95 astronomik vahid və ya 591 295 396 km, Yupiterin bucaq ölçüsü 49.87, parlaqlığı isə demək olar ki, -2,94 ulduz ölçüsü təşkil edir. Yupiter gecə səmasında Ay və Veneradan sonra üçüncü ən parlaq obyekt olacaq.
Sonuncu dəfə bu cür qarşıdurma 2010-cu il sentyabrın 20-də baş verib. 26 sentyabrda baş verəcək hadisədən sonra növbəti dəfə ən çox yaxınlaşmanı isə 2034-cü il oktyabrın 1-də müşahidə etmək mümkün olacaq.
Astronomik qarşıdurma dedikdə planetin Yerə nisbətən Günəşdən əks tərəfdə olması başa düşülür. Qarşıdurma zamanı planet Yerdən müşahidə zamanı səmada Günəşdən 180 dərəcə bucaq məsafəsində yerləşir, yəni, Günəş qərbdə batan zaman planet şərqdə üfüqdə görünür. Əgər qarşıdurma planet öz orbitinin periheli nöqtəsinə yaxın olanda baş verirsə, belə astronomik hadisə “böyük qarşıdurma” adlanır.
Orbitləri Yerin orbitinin xaricində olan planetlər qarşıdurmada ola bilirlər. Qarşıdurma hadisəsinin baş verməsi üçün Yerin həmin planetlə Günəş arasında olması lazımdır. Qarşıdurma hadisəsinin baş verə biləcəyi planetlər bunlardır: Mars, Yupiter, Saturn, Uran və Neptun.
Planetlərdən başqa, kometlər, asteroidlər və Günəş sisteminin bəzi digər obyektləri də qarşıdurmada ola bilər. Ən məşhur qarşıdurma isə dolu Ay hadisəsidir.
Planetlərin adi qarşıdurması təxminən ildə bir dəfə, Yer Günəşlə planetin arasında lazımi konfiqurasiyaya çatdıqda baş verir. Yupiterin adi qarşıdurması 13 aydan bir baş verir. Yeganə istisna Marsdır. Qırmızı planetin orbiti və orbital sürəti Yerin uyğun parametrlərinə çox yaxındır, ona görə də planetimiz 27 ayda yalnız bir dəfə Marsı “ötür”. Bu səbəbdən Marsın qarşıdurması təxminən 2-3 ildən bir baş verir. Merkuri və Venera Yerin orbiti daxilində yerləşir, ona görə də biz onları heç vaxt qarşıdurmada görməyəcəyik.
Yupiter insanlara qədim zamanlardan məlumdur. Mesapotomiya mədəniyyətində planet "Ağ ulduz" adlanırdı. Yupiterin 12 illik hərəkət dövrünün ətraflı təsviri planeti "İlin ulduzu" adlandıran Çin astronomları tərəfindən verilib. Yunanlar onu "Zevs ulduzu" adlandırırdılar.
“Böyük qarşıdurma” Yupiteri Yerdən müşahidə etmək üçün ən əlverişli vaxt hesab olunur. Bu zaman planetin görünən bucaq ölçüsü böyük olduğuna görə onun səthində daha çox detalları ayırd etmək mümkün olur. Yupiterin diskində ekvatora paralel tünd bulud zolaqları və ləkələr var ki, onların görünüşü hər il dəyişir: kiçik ləkələr görünür və yox olur, rənglər, burulğanlar öz formasını dəyişir. 362 ildir ki, astronomlar Böyük Qırmızı Ləkəni müşahidə edirlər. Böyük Qırmızı Ləkə Günəş sistemindəki unikal uzunömürlü və ən nəhəng qasırğadır. Ləkə planetin ekvatoruna paralel olaraq hərəkət edir. Ən uzunömürlü bu tsiklon Yerdən əhəmiyyətli dərəcədə böyükdür - uzunluğu 30 min km və eni 15 min km-dir. 100 il əvvəl ləkənin ölçüsü indiki ölçüsündən iki dəfə böyük olub.   
Bakıda Yupiter 26 sentyabr tarixində saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək  görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olacaq. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024