BDU-nun şöbə müdiri beynəlxalq videokonfransda iştirak edib
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının (MDB PAA DİMBİ) təşkilatçılığı ilə baş tutan “Dövlət gənclər siyasətinin cəmiyyətdəki rolu. Nailiyyətləri və perspektivləri” adlı videokonfransda iştirak edib. Videokonfransda Azərbaycanda, eləcə də MDB ölkələrində gənclərin inkişafına əsaslanan dövlət siyasəti, ictimai, siyasi, sosial və digər sahələrdə gənclərin iştirak xüsusiyyətləri, bu sahədə qüvvədə olan proqramların icrasından irəli gələn işlər, həyata keçirilən tədbirlər, islahatlar və onların nəticələri barədə fikir mübadiləsi aparılıb.
Mövzu ətrafında çıxış edən BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər siyasətinin son illərdə daha da inkişaf etdiyini bildirib. O, Bakı Dövlət Universitetinin tələbələrinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçildiklərini deyib, onların siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin keçirilməsində oynadıqları roldan danışıb. Dövlətin gənclərin fəaliyyəti üçün həyata keçirdiyi imkanlara diqqət çəkən Elmira İsmayılova, cəmiyyətdə özlərini təsdiq etmək, uğur qazanmaq üçün BDU-nun tələbələrinə yaratdığı şəraitdən söz açıb. Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə təklif etdiyi beynəlxalq proqramlardan da bəhs edən Elmira İsmayılova, Erasmus + KA107 və Mevlana mübadilə proqramlarının tələbələrə bir semestrlik partnyor (əməkdaş) universitetlərdə dərs almaq, habelə 3 aylıq staj keçmək imkanı verdiyini deyib. MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev ötən il BDU-nun Hüquq fakültəsində təmsil etdiyi qurum tərəfindən keçirilən viktorinanın yüksək səviyyədə təşkil edilməsində göstərdiyi dəstəyə görə Elmira İsmayılova minnətdarlığını bildirib, həmçinin videokonfransın mövzusu ətrafında apardığı maraqlı diskussiya üçün təşəkkür edib.