BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

07/01/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Dəmir nanohissəciklərinin adi çəkinin (Cyprinus carpio L., 1758) daxili orqanlarına və embrional inkişaf mərhələlərinə təsiri” mövzusunda elmi seminar keçirilib.

Biofizika və biokimya kafedrasının doktorantı Aysel Hacıyeva mövzu ilə bağlı məruzə edib. Təqdimatda akvakultura şəraitində yetişdirilən adi çəkinin nazik bağırsağı və qaraciyərində dəmir oksidi nanohissəciklərinin (Fe₃O₄) bioakkumulyasiya xüsusiyyətləri, həmçinin embrional inkişafa təsiri işıq və elektron mikroskopiya üsulları ilə qiymətləndirilib. Aparılan tədqiqatların nəticələri mikrovillilərin dağılması, sitoplazmatik ödem, mitoxondrilər və damar endotelində zədələnmələr kimi mühüm patomorfoloji dəyişikliklərin müşahidə olunduğunu göstərib. Eyni zamanda, nanohissəciklərin enterositlərə, hepatositlərə və eritrositlərə nüfuz edərək müxtəlif toxumalarda sistemli şəkildə toplandığı müəyyən edilib.

Embrional inkişaf üzrə aparılan təcrübələr zamanı isə Fe₃O₄ nanohissəciklərinin 0,001 q miqdarında mayalandırmadan əvvəl spermaya əlavə olunmasının mayalanma faizini və sağlam embrionların çıxışını 12–14 faiz artırdığı qeyd olunub.

Təqdim edilən nəticələr balıqların süni artırılmasının müxtəlif mərhələlərində nanohissəciklərin toksikliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, akvakultura praktikasında tətbiq potensialına malikdir.

Seminar iştirakçıları mövzunun elmi yeniliyini və praktiki əhəmiyyətini vurğulayıb, nanohissəciklərlə bağlı potensial risklərin, eləcə də onların ətraf mühitə və su ekosistemlərinə mümkün təsirlərinin daha dərindən araşdırılmasının vacibliyini qeyd ediblər.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026