BDU-nun əcnəbi tələbəsi: “Azərbaycanda təhsil almaq çox sərfəlidir” - MÜSAHİBƏ

19/05/2023

Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd, onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssürlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.
Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibimiz Afrika qitəsinin ən kiçik ölkələrindən olan Qabiyadandır. Hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə 4-cü kursda ingilis dilində təhsil alan 27 yaşlı Musa K.Ceesay ilə söhbəti təqdim edirik.
Arayış: Qambiya Respublikası uzunluğu 350 km, eni 80 km-ə qədər zolaq şəklində Atlantik okeanından qitənin daxilinə doğru uzanır. Qambiya eyniadlı çayın sahillərində yerləşir və üç tərəfdən Seneqal dövləti ilə əhatə olunub.
Sahəsi 10689 kv.km, əhalisi: 2 milyon 200 min nəfərə yaxındır.  Ölkədə əsas danışıq dili ingilis, malenke, fula (fulani) dilləridir. Əhalinin 90%-I İslam dininə sitayiş edir. Ölkəni  prezident idarə edir.
Qambiya 1965-ci ildə Böyük Britaniya müstəmləkəsindən azad olub. Paytaxt Bancul eyni adlı adada, Afrikanın qərb sahillərində ən mənzərəli yerdə, təbii və dərin buxtada salınmış şəhərdir. Müstəqillik Parkı şəhəri materiklə birləşdirir. Ölkədə iqlim şəraiti istidir (orta illik temperatur 26°C), yay (iyun-oktyabr) rütubətli və qış (noyabr-may) quraq keçir. Ərazisinin çox hissəsini savannalar tutur.

https://azedu.az/az/news/67896-xarici-telebe-azerbaycanda-tehsil-almaq-cox-serfelidir-musahibe?fbclid=IwAR3LbtwieP7zsGxKitv8WzxF6bM7QZgrl3VF-_61UgPf7myVC52wXBt4-IA

Ölkəyə əsas valyuta gətirən (təxminən 50%) və ixrac olunan yeganə bitki araxisdir. Əsas ərzaq bitkisi isə çəltik, darı, qarğıdalıdır. Sənaye əkinçilik məhsullarının emalı və toxuculuq ilə təmsil olunur.
Qambiya əhalisinin etnik tərkibi müxtəlifdir. Kənd əhalisinin çoxu işləmək üçün şəhərə gedir, burada onlar xidmət sahələrində və turizm sənayesində çalışır. Hər il ölkəyə 100 min nəfər turist gəlir. Bu sahə dövlət büdcəsinin ən gəlirli sahəsinə çevrilməklə yanaşı, kustar sənayenin də inkişafına imkan verir.
Qeyd edək ki, Musa Azərbaycan dilində sadə cümlələr qura bilir, müsahibə ingilis dilində alınıb.
- Musa, təhsil üçün Azərbaycanı seçməyinin səbəbi nədir?
- Deməli, mənim bura - Azərbaycana gəlib oxumağımın səbəblərini belə izah edə bilərəm:
Öncə Azərbaycanı seçməyimin səbəbi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin  (AIDA) nəzdində təqaüdümün olmasıdır. Bundan başqa, o vaxt mövcud olan imkanlar arasında Azərbaycanı seçdim, çünki mənim üçün tanış olmayan bir ölkə idi, əvvəllər buradan heç kimi tanımırdım, amma səyahət etmək, qalmaq və oxumaq istəyirdim.
BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi kimi inanıram ki, vətəndən uzaqda olan ölkədə təhsil almaq, yaşamaq və öyrənmək insanın biliyinə əlavə dəyər qatacaq. Ona görə də mən Azərbaycanı son beş ildə çox şey öyrənə biləcəyim bir ölkə kimi görürdüm.
Əcnəbi tələbə kimi Azərbaycanda olmağımın digər səbəbi təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyətini, dillərini, təhsil sistemini, coğrafi mövqeyini və geosiyasi vəziyyəti, hətta illər əvvəl Qafqaz regionunda və ətrafında baş verən siyasi hadisələri öyrənməkdir. Ümid edirəm ki, burada təhsil almaq beynəlxalq münasibətlər ixtisasının tələbəsi kimi gələcəkdə mənim üçün böyük üstünlük ola bilər.
- Maraqlıdır, xaricdə təhsil almağa necə qərar verdin?
- Mən həmişə daha çox bilik əldə etmək üçün bakalavr, magistr və PhD təhsili almaq istəyirdim. Yalnız eyni ölkədə təhsil almaq məncə, darıxdırıcıdır və müxtəlif ölkələrdə təhsil almaqla müqayisədə məhdud bilik verir.
- Bakıda tək yaşayırsan?
- Xeyr, bir otaq yoldaşım var. O da mənimlə eyni ölkədən – Qambiyadandır. Ümumi olaraq, yaxşı yola gedirik. Bəzən sözümüz çəp gəlir, amma mən mübahisə etməyi sevmirəm. Beləliklə, çox yaxşı anlaşırıq.
- Burada sosial həyatın necədir?
- Sosial həyatım normaldır. Universitetdə, şəhərdə və yaşadığım yataqxanada dostlarım var. Dostlarım arasında azərbaycanlılar da mövcuddur.
- Boş vaxtlarında nə edirsən, işləyirsənmi?
- Xeyr, işləmirəm. Boş vaxtımı telefonumla sosial mediada, ailəm və dostlarımla yazışmaq və ya söhbət etməklə, ya da bəzən film izləməklə keçirirəm. Yaradıcılıqdan, xüsusən də şeirdən zövq alıram, özüm də şeirlər yazıram. Yemək üçün restoranlara getməyi sevmədiyim üçün çox vaxt evdə özüm xörək hazırlayıram. Bu da sevdiyim məşğuliyyətlərdən biridir. Azərbaycan mətbəxi çox ləzzətlidir, xüsusən də kabab və plov əvəzolunmazdır, bəzən dönər də yeyirəm.
- Bəs xərclərini necə qarşılayırsan?
- Evimizin kirayə pulunu və gündəlik ev xərclərini dostlumla ortaq bölürük.
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən mənə aylıq 800 manat təqaüd verilir. Tələbə həyatı məlumunuzdur... Bəzən xərclərim çox olanda ailəm də kömək göstərir.
- Azərbaycan dilini hansı səviyyədə bilirsən?
- Mənim Azərbaycan dilindən elə də çox biliyim yoxdur, yalnız gündəlik danışıqdan bir neçə cümlə öyrənə bilmişəm.
- Ailə və dostlarını Azərbaycana dəvət etmək haqda düşünmüsən?
- Ailəm üçün çox darıxıram və onlarla vaxt keçirməyi sevirəm. Xeyr, mən onları heç vaxt buraya dəvət etməmişəm, amma hər iyulda onlara baş çəkirəm və sentyabra qədər onlarla oluram.
- Azərbaycanın təhsil sistemi haqda nə deyə bilərsən? Səncə, Azərbaycanda təhsil almağın üstünlükləri nələrdir?
- Azərbaycanın təhsil sistemi haqda müsbət fikir söyləyə bilərəm. Ən çox seminarlardan və təqdimatlardan zövq alıram. Mənim mövzular haqqında anlayışım burada özünü göstərir.
Xarici ölkədə təhsil almaq çox sərfəlidir, Azərbaycan da bu baxımdan istisna deyil. Mən burada çoxlu yeni şeylər öyrənirəm. Yeni tədris və öyrənmə üsulları ilə bacarıqların artması karyeramı qurmaqda və müxtəlif yollarla biliklərimi genişləndirməkdə mənə kömək edir. Mən yüksək səslə və fəxrlə deyə bilərəm ki, Azərbaycanın təhsil sistemindən çox razıyam.
- Azərbaycanın hansı bölgələrində olmusan?
- Əslində müxtəlif bölgələrdə olmuşam, amma təəssüf ki, hamısının adını xatırlaya bilmirəm. 2018-ci ildən bu günə kimi, adətən fevral ayında ilk semestr imtahanlarımdan sonra səyahət etmək fürsətindən yararlanıram. Getdiyim yerlərdən bir neçəsini sadalaya bilərəm: İsmayıllı, Qəbələ, Şahdağ və s.
- Bura gələndən sonra maraqlı hadisələrlə qarşılaşmısan?
- 2019-cu ildə universitet bağlandıqdan sonra baş verən bir hadisəni xatırlayıram: qrup yoldaşlarımla evimə gedirdim ki, sərxoş bir kişi mənə tərəf gəldi. Qrup yoldaşlarım dərhal məni mühasirəyə aldılar, məni qorudular. Dostlarımın bu qədər qayğıkeş, məni sevən və mənə dəstək olduğunu bildiyim üçün bu, emosional bir hadisə idi. Mən o anı heç vaxt unutmayacağam və həmişə yanımda olan dostlarımı əzizləyəcəyəm, xatırlayacağam və qiymətləndirməyə davam edəcəyəm.
- Yəqin ki, tələbə həyatında hansısa çətinliklərlə də üzləşirsən...
- 6 noyabr 2018-ci ildə gəldiyim gündən indiyə kimi tələbə olaraq üzləşdiyim çətinliklərin əksəriyyəti akademik problemlərlə bağlı deyil, cəmiyyətlə bağlı problemlərdir. Gülüş, məsxərə, lağ etmək obyekti olmaq..., hətta uşaqların yaxınlaşarkən baxıb gülməkləri məni üzür. Bu hallar ləyaqət və yüksək əxlaqa malik bir insan kimi məni sıxır. Belə vəziyyətlərin öhdəsindən gəlmək olduqca çətindir. Hətta qeyd etdiyim bu xoşagəlməz hallar bəzən yaxşı dostlarım tərəfindən dəvət olunduğum görüşlərə də qatılmağıma mane olur. Bunları dediyimə görə üzr istəyirəm, lakin suallarınıza verdiyim cavablarda faktiki və səmimi olmalıyam.
- Xaricdə təhsil alan bir çox tələbələr oxuduqları ölkələrdə qalmağı seçir və geri qayıtmaq istəmirlər. Universitet təhsilini başa vurduqdan sonra geri qayıtmaq istəyirsən?
- Bəli, proqramım bitdikdən sonra evimə qayıtmaq istəyirəm. Mənim burada təhsili davam etdirmək, daimi yaşamaq və ya ailə həyatı qurmaq planım yoxdur. Bilik, təcrübə və bacarıqlarımda kifayət qədər təkmilləşdiyimi düşünürəm. Mən vətənimə qayıdıb ölkəmin və regionun inkişafına öz töhfəmi vermək istəyirəm.
Eyni zamanda, məni ailəm gözləyir, 2 ay öncə evlənmişəm. İslama görə, harada olursan ol, evlənmək məqbuldur. Demək istədiyim odur ki, ayrı bir ölkədə olsan da, yenə də evlənə bilərsən. Əsas odur ki, həm kişi, həm də qadının ailələri bir araya gəlsin, insanlar nikah şahidi olsunlar, dua etsinlər, bu qədər...
Geri döndüyüm zaman gözəl bir toy etməyi düşünürəm.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024