BDU-nun əcnəbi tələbəsi: “Çində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm” – MÜSAHİBƏ
Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbəsi Liu Muzi Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Azərbaycan dili” ixtisası üzrə mübadilə proqramında iştirak edir. O, BDU ilə Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində BDU-nun 2021–2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə Azərbaycanda təhsil almaq hüququ əldə edib. Məqsədi Azərbaycan dili və ədəbiyyatını ən yaxşı şəkildə öyrənərək öz ölkəsində tanıtmaq, beynəlxalq əlaqələrimizə töhfə verməkdir.
Azərbaycan dilini seçməyiniz təsadüfdürmü?
Xeyr, bu seçim təsadüfi deyil. Son illərdə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir. Mən düşünürəm ki, gələcəkdə bu əlaqələrin daha da genişlənməsi üçün hər iki ölkənin dilini və mədəniyyətini bilən kadrlara ehtiyac artacaq. Dil mədəniyyəti, düşüncə tərzini anlamağın yoludur. Mən də gələcəkdə ölkələrimiz arasında əlaqələrin inkişafında rol oynayan mütəxəssislərdən biri olmaq istəyirəm.
Azərbaycan ədəbiyyatı ilə tanışlığınız necə başladı?
Azərbaycan ədəbiyyatı ilə hələ Çində oxuyarkən tanış olmuşdum. Universitetdə sizin ədəbiyyatdan nümunələr oxuyurduq. Azərbaycana gəldikdən sonra isə bu maraq daha da artdı. Burada yeni əsərlərlə, yeni müəlliflərlə tanış oldum. Xüsusilə Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri mənə çox təsir etdi. Azərbaycan xalq nağıllarını da böyük maraqla oxudum. “Məlikməmmədin nağılı”nı isə çox sevdim.
Azərbaycan dili ilə Çin dili arasında hansı fərqləri görürsünüz?
Bu dillər struktur baxımından bir-birindən çox fərqlənir. Azərbaycan dilində şəkilçilərin çox olması dili öyrənmə prosesini bir qədər çətinləşdirir. Amma bu, eyni zamanda dili maraqlı edir. Dil vasitəsilə mədəniyyət də öyrənilir. Məncə, fərqlər nə qədər çox olsa, öyrənmə prosesi bir o qədər maraqlı olur. Bu fərqlər mənə həm dili, həm də Azərbaycan xalqının düşüncə tərzini daha yaxından tanımaq imkanı yaradır.
Azərbaycan haqqında ilk məlumatı haradan almısınız?
Əvvəllər Azərbaycanı əsasən İpək yolu üzərində yerləşən ölkə kimi tanıyırdım. Sonra universitetdə bu ixtisası seçdim və Azərbaycan dili, ədəbiyyatı haqqında daha geniş məlumat əldə etdim. Azərbaycana gəldikdən sonra
isə bu biliklər real həyatla tamamlandı. Burada mədəniyyətinizi, tarixinizi öyrənmək və insanlarınızla birbaşa ünsiyyətdə olmaq təhsilim və ölkənizi öyrənməyim baxımından çox faydalı oldu. Deyə bilərəm ki, böyük ipək yolu ilə başlayan əlaqələrimiz yeni təcrübələrlə inkişaf edir.
Azərbaycan mediasını izləyirsinizmi?
Bəli, izləyirəm. Dərslərimizdə bu mövzuda tapşırıqlar verilir. Vaxt tapdıqca Azərbaycan dilində xəbərlər oxuyuram. Bu, dil bacarığımı inkişaf etdirməklə yanaşı, ölkədə baş verən hadisələri daha yaxşı anlamağıma kömək edir. Bir müddət əvvəl dostumla birlikdə kinoteatrda Azərbaycan dilində film də izlədik. Bu cür təcrübələr dili canlı şəkildə öyrənmək üçün çox faydalıdır.
BDU və universitet həyatınız yaddaşınızda necə qalacaq?
Universitet həyatım çox maraqlıdır. Burada yeni dostlar qazandım. İnsanlar mənə çox mehriban yanaşırlar. Birlikdə vaxt keçiririk, ölkələrimizin mədəniyyəti, tarixi və fərqləri haqqında söhbətlər edirik. Azərbaycan mətbəxi ilə də yaxından tanış oldum. Bu mühit mənə özümü rahat hiss etdirdi və Azərbaycanı daha çox sevməyimə səbəb oldu.
Gələcək planlarınız nələrdir?
Çinə qayıtdıqdan sonra Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmək istəyirəm. Məqsədim Azərbaycan dilini və mədəniyyətini Çində daha geniş auditoriyaya tanıtmaqdır.
Hazırladı: Nuran Yaqubova
