BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tələbələrlə görüşdə

17/01/2017

Bakı Dövlət Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, QHT, media və ictimaiyyət nümayəndələri, təhsil ekspertləri BDU-da keçirilən qış imtahan sessiyasının gedişi ilə tanış olublar. Öncə şura üzvləri imtahan prosesini izləyib və tələbələrlə müəyyən söhbətlər aparıblar. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov, prorektorlar və dekanların iştirakı ilə tələbələrlə görüş keçiriblər. Universitetdə imtahanların təşkili barədə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir.

İctimai Nəzarət və Məsləhət Şurasının sədri, professor Əjdər Ağayev Şura haqqında məlumat verib. Bildirib ki, BDU Elmi Şurasının qərarı ilə yaradılan İctimai Nəzarət və Məsləhət Şurasının əsas məqsədi maraqlı tərəflərin BDU-nun idarə olunmasında iştiraka cəlb edilməsi, onun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitetlə  ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, universitetin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşlarının, təhsilalanların hüquqlarının müdafiəsi,  fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir. Şuranın əsas vəzifələri isə BDU-nun inkişaf strategiyası və proqramlarının formalaşdırılmasına, onun beynəlxalq, təhsil, elm, texniki, mədəni sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə, dövlət, ictimai,  işgüzar strukturlarla əməkdaşlığına yardım etmək, elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək, BDU-nun intellektual və fiziki resurslarından istifadənin səmərəliliyini dəyərləndirməkdən ibarətdir. Ötən müddət ərzində Şura öz iş planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirib, tələbələrlə görüşüb, fikir və təkliflərini dinləyib, müəyyən məsələlər üzrə rektorluğa təkliflər verib. İlk dəfə olaraq BDU-da belə bir Şuranın yaradılması ictimaiyyət tərəfindən müsbət qarşılanıb, universitetin bu sahədəki təcrübəsindən istifadə edilərək bir sıra digər ali təhsil müəssisələrində də İctimai Nəzarət Şuraları yaradılıb.

İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri Qənirə Paşayeva, Məlahət Mürşüdlü, Rauf Zeyni, Əlməmməd Nuriyev, Mirzə Cəfərzadə Ümid Mirzəyev çıxış edib. Qeyd edilib ki, imtahanlara, eyni zamanda Tədris Elektron Mərkəzi tərəfindən nəzarət edilir, müşahidə kameraları vasitəsilə izlənilir. Tələbələrə təqdim olunan cavab vərəqələri kodlaşdırılır ki, bu da obyektivliyi təmin edir. Yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlığa göndərilməsi xüsusi otaqlarda həyata keçirilir. Sessiyanın gedişində yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə Qərargah, apelyasiya komissiyaları, eləcə də “Qaynar xətt” yaradılıb.

Sonra tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Müzakirələrdə universitetdə tədris prosesinin təşkili, BDU-da elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətbuat və informasiya şöbəsi, 17 yanvar 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024