BDU-nun dosenti beynəlxalq simpoziumda Qarabağ kitabxanaları haqqında məruzə edib

31/05/2022

Türkiyə Cümhuriyyətinin Bartın, Kastamonu və Çankırı Karatekin universitetlərinin birgə təşkilatçılığı ilə 2022-ci ilin 26-28 may tarixlərində “Ənənədən gələcəyə doğru” informasiya və sənəd idarəetməsi beynəlxalq simpoziumu keçirilib. Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı simpoziumda “Qarabağ kitabxanaları: tarixi, bu günü və gələcəyi” mövzusunda məruzə edib.

Məruzədə öncə konfrans iştirakçılarına Azərbaycan torpaqlarının işğal tarixi haqqında məlumat verilib. 30 ildən artıq davam edən işğala Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun son qoyduğu diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı bir daha xatırladılaraq, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəkdən bəhs olunub.

Sonra Qarabağ ərazisində kitabxanaların yaranması, formalaşması və inkişafı tarixinə nəzər salınıb, Azərbaycanın, eləcə də türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada açılmış ilk dünyəvi məktəb, mətbəə və kitabxanalar barədə ətraflı məlumat verilib. 30 il ərzində erməni vandalları tərəfindən işğal edilmiş ərazilərdə digər infrastruktur sahələri ilə yanaşı, kitabxanaların da tamamilə dağıdıldığı, yandırıldığı faktlarla diqqətə çatdırılıb.

Müharibə nəticəsində minlərlə kitabxanaçının iş yerlərindən, on minlərlə oxucunun keyfiyyətli kitabxana-informasiya xidmətindən məhrum olduğu vurğulanıb. İşğal dövründə Qarabağda 4.6 milyon kitab fondu olan 927 kitabxananın məhv edildiyi, kitabxana fondlarının tamamilə yandırıldığı bildirilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, eyni zamanda həmin bölgədə kitabxanaların bərpası və inkişaf etdirilməsi ilə bağlı dövlətimiz tərəfindən planlaşdırılan işlər barədə danışılıb. Qeyd olunub ki, bu istiqamətdə artıq ilk addımlar atılır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən “Qarabağa kitabla gedək” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Qarabağ kitabxanaları üçün əhalidən on minlərlə kitab toplanılıb və toplanılmaqda davam edir. Qardaş Türkiyə Respublikası bu istiqamətdə Azərbaycana öz dəstəyini göstərir. Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi (İLESAM) tərəfindən toplanılan 10 min nüsxə kitab artıq Qarabağda yaradılacaq kitabxanaların fonduna bağışlanıb.

Məruzədə azad edilmiş ərazilərdə kitabxanaların bərpası və inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürülüb, quruculuq işlərində qardaş Türkiyənin təcrübəsindən yararlanmağın yaxşı nəticələr verə biləcəyi qeyd edilib.

Məruzə ilə bağlı çıxış edən simpozium iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kitabxana infrastrukturunun qurulmasına dair fikirlərini bölüşüblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024