BDU-nun dosenti: "Nizami əsərlərinin müxtəlif dünya dillərinə tərcüməsi zəruridir” - Müsahibə

04/03/2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2021-ci ilin "Nizami Gəncəvi İli"  elan edilməsi Nizami Gəncəvi irsinin və yaradıcılığının  Azərbaycan xalqının mənəviyyat xəzinəsində rolu və yerini təbliğ etmək, bu zəngin söz xəzinəsinin gənc nəslə çatdırılması istiqamətində əhəmiyyətli rol oynayacaqdır. Nizami dünya mədəniyyəti xəzinəsinə dəyərli töhfələr bəxş etmiş görkəmli şəxsiyyətdir. Şairin ideya aləmi ümümbəşəri mahiyyətilə seçilir.

Bakı Dövlət Universitetində (BDU) “Nizami İli” çərçivəsində tərtib olunmuş tədbirlər planına müvafiq olaraq elmi seminarlar, ustad dərsləri, konfranslar, simpoziumların keçirilməsi nəzərdə tutulub. Artıq tanınmış ədəbiyyatşünas alimlərin iştirakı ilə ilk tədbirlərlər keçirilib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi 2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, Nizami irsinin tədqiqatçısı Sevinc Qocayevadan müsahibə götürüb:

- Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi ədəbiyyatşünaslıq elmi qarşısında hansı vəzifələri qoyur?

- 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi Prezident İlham Əliyevin klassik irsimizə olan qayğı və diqqətinin təzahürüdür. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının ədəbi abidələri, hansı dildə yazıldığından asılı olmayaraq, milli təfəkkürü əks etdirir. Klassik poeziya mənəvi dəyərləri təlqin etməklə yanaşı, Azərbaycanın qədim və zəngin mədəniyyətindən xəbər verir. Nizami Gəncəvinin yaradıcılığı mənsub olduğu xalqın mənəviyyatı, düşüncəsi ilə sıx bağlı olduğundan xüsusi maraq kəsb edir. Mütəfəkkirin Şərq elmi və ədəbi fikrinin inkişafında əvəzsiz xidməti vardır. Nizami dünya mədəniyyəti xəzinəsinə dəyərli töhfələr bəxş etmiş böyük şəxsiyyətdir. Şairin ideya aləmi ümümbəşəri mahiyyətilə seçilir, Nizami irsi dünya şərqşünaslığında tədqiq olunur. Nizaminin Allaha müraciətlərindən birində deyilir ki, dindar olsam da, bütpərəst olsam da, hər növdən olsam da, məni bağışla. Mənimlə işimə görə rəftar etmə! İnsanlığa bu cür yanaşma şairin dünyagörüşünə milli düşüncədən gəlirdi. Bu gün hələ də dünyanın diskriminasiya ilə mübarizə apardığını nəzərə alaraq deyə bilərik ki,  XII əsr Azərbaycan şairinin insanlığa bu ali baxışı onu yetirən xalqın humanist görüşlərinin çox əski dövrlərdən formalaşmasının təcəssümü kimi özünü göstərir. Bu günlərdə "Mədəniyyət" kanalının qonağı olan akademik R.Hüseynov 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi ili" elan edilməsini həm də azərbaycançılığa töhfə kimi dəyərləndirdi.

Şairin 880 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi mütəfəkkirin insan və cəmiyyət ilə  bağlı düşüncələrinin təbliğində də rol oynayacaqdır. Nizami irsinə 2021-ci ildə daha çox müraciət olunacaq, bu da milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasına geniş imkan yaradacaqdır. Məlumdur ki, ədəbiyyat mənəviyyatla bağlıdır və onun əsas tədqiqat obyekti insandır. Nizami vətənə, torpağa, doğma dilə məhəbbəti insana xas olan ən yüksək cəhətlər kimi təqdim edir. Yeni poetik məktəbin əsasını qoymaqla şairin yaradıcılığı orta əsrlər hüquqi, ictimasi-siyasi fikir tarixində yeni mərhələ təşkil edir. Nizami beytlərində elm və bədiilik vəhdətdədir. Əsərləri dövrünün bütün elmlərinə dərindən bələd olduğundan xəbər verir. Nizami irsinin müxtəlif elm sahələrində çalışan alimlərin diqqətini cəlb etməsi də sırf bununla bağlıdır. Poemaları fəlsəfi poeziyanın örnəyi kimi də dəyərlidir, burada hər beytdə gizli mənalar yer almışdır. Bu ilin "Nizami Gəncəvi ili" elan olunmasının mühüm cəhətlərindən biri də odur ki, şairin yaradıcılığında tədqiqata ehtiyacı olan sahələrə bir daha nəzər salınacaq, mübahisəli fikirlərə aydınlıq gətirməyə kömək edəcəkdir. Eləcə də, qədim mədəniyyətimizi beynəlxalq aləmdə tanıtmaqda daha geniş imkanlar yaranacaqdır. "Xəmsə" Azərbaycan mədəniyyətinin güzgüsüdür.

- Nizami Gəncəvi irsi dünyada, eyni zamanda ölkəmizdə necə tədqiq edilib?

- Nizaminin bədii irsi elmi-fəlsəfi mahiyyəti ilə XIII  əsrdən başlayaraq şairlərin, təzkirə müəlliflərinin, alimlərin diqqətini cəlb etmiş, əsərlərinə nəzirələr yazılmış, çox sayda elmi tədqiqatlar ərsəyə gəlmişdir. Azərbaycanda Nizami yaradıcılığının geniş tədqiqinə SSRİ dönəmində başlanılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq haqqında" qərar Nizami poeziyasının öyrənilməsində və təbliğində yeni nailiyyətlərin əldə olunmasına imkan yaratdı. Nizami əsərlərinin filoloji və bədii tərcümələri nəşr olundu. Şairin fəlsəfi düşüncələri, poetikası, Yaxın Şərq şeirinin inkişafında istiqamətverici mövqeyi ilə bağlı yeni elmi nəticələri əks etdirən monoqrafiyalar qələmə alındı.

Nizami irsinin öyrənilməsində Azərbaycan alimlərinin gərgin əməyi vardır. Mir Cəlal, H.Araslı, M.Ə.Rəsulzadə, M.Əlizadə, C.Mustafayev, A.Rüstəmova, R.Əliyev, Ə.Səfərli, X.Yusifov və başqalarının tədqiqatlarında Nizami irsinin müxtəlif sahələri araşdırılıb. Eləcə də, Nizami irsi dünya ədəbiyyatşünaslığında uzun illərdir ki, öyrənilir. Şərqin və Qərbin böyük mütəfəkkirləri Nizami yaradıcılığından təsirlənmiş, dünyanın tanınmış alimləri Nizami şəxsiyyəti haqqında fikir söyləmiş, əsərlərini təhlil etməyə cəhd göstərmişlər. Burada A.Krımski və E.Bertelsin tədqiqatları xüsusi qeyd olunmalıdır. Şərqdə Nizami "şeirin Allahı" adlandırılmışdır. Müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar belə Nizami yaradıcılığında müyyən ortaq nöqtələr tapırlar. Bu da Nizami "Xəmsə"sinin ümumbəşəri mahiyyət daşıması, mənəvi istiqaməti və burada yer alan elmi-fəlsəfi yanaşmalar ilə bağlıdır. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi dünyada yeganə ədəbiyyat muzeyidir, zəngin ədəbi irsimizi illərdir ki, təbliğ edir. Akademik N.Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində Azərbaycan və Qafqaz mədəniyyətini öyrənən beynəlxalq mərkəz yaradılmışdır. Həmin mərkəz Nizami Gəncəvinin adını daşıyır. Nizami əsərlərinin bir sıra dillərə tərcümə olunması beynəlxalq aləmdə Nizami ideyalarına böyük marağın nəticəsidir.

XXI əsrdə də Azərbaycan alimləri Nizami yaradıcılığı ilə bağlı bir çox məsələlərə aydınlıq gətirmişlər. Z.Məmmədovun "Nizami Gəncəvinin fəlsəfi düşüncələri" adlı kitabında Nizaminin Allah və mövcudat, insan və cəmiyyət, elm və idrakla bağlı düşüncələrinin təhlili obyektiv əksini tapmışdır. Bu dövrdə T.Kərimlinin "Nizami və tarix" monoqrafiyasında Nizami yaradıcılığında tarixi şəxsiyyət obrazlarından danışılır və şairin tarixi hadisələrə münasibəti işıqlandırılır. N.Araslının "Nizaminin poetikası" tədqiqatında əsərlərinin poetik sistemi incəliklərinə qədər təhlil olunur. S.Rzasoyun 2003-cü ildə çap olunmuş kitabında Nizami poeziyası mif-tarix kontekstində araşdırılaraq orta çağ bədii düşüncə kodunun mətndə gerçəkləşmə imkanlarının funksional dinamikası öyrənilir. M.Abdullayevanın "Klassik poeziya: ezoterik xəzinə" adlı monoqrafiyasında Nizami beytlərinin daxili qatında gizli olan mistik düşüncələrə, metaforalara aydınlıq gətirilir. Nizami filosof şairdir. M.Abdullayevanın qeyd etdiyi kimi, filosof şairlər mikrokosmos və makrokosmos haqqında mistik biliklərini yaratdıqları əsərlərin dərin qatlarında gizlədir, metaforalardan istifadə edirdilər. Bu istiqamətdən yanaşdıqda da nizamişünaslığın qarşısında böyük vəzifələrin olduğunu görürük. Bu gün Nizami əsərlərinin geniş şərhinə ehtiyac vardır.

Mənalar dərin olduğu üçün izahlar mütəfəkkirin fikirlərinin dərk olunmasına yardımçı olacaqdır. Bu yöndə Siracəddin Hacının "Sirlər xəzinəsi"nə yazdığı şərh də  xüsusi qeyd olunmalıdır. Bu kimi araşdırmalar həmin istiqamətdə yeni tədqiqatlar üçün zəmin yaradan dəyərli mənbədir.

- Nizami ilə bağlı araşdırılmamış, tədqiqatına az yer verilən sahə hansını hesab edirsiniz?

- Araşdırmalar çox olsa da, Nizami dünyagörüşünün, poetikasının bəzi məsələlərinə hələ də tam aydınlıq gətirilməmişdir. Xaqani və Nizami yaradıcılığının poetik xüsusiyyətlərinin müqayisəli təhlilinə böyük ehtiyac var. Mütəfəkkirin bədii irsinə türk mifologiyasının təsiri ilə bağlı bəzi məqamlar diqqətdən yayınmışdır. Təəssüf ki, bəzi tədqiqatlarda Nizamidə panteizmin olduğu iddia edilir ki, bu, tamamilə yanlış fikirdir. Nizami Allaha müraciətlə yazır ki, ilahi hakimiyyət yer hakimiyyətindən üstündür. Bəzən Nizami Məcnununun məhəbbəti sufi eşqi kimi mənalandırılır ki, burada zahiri oxşarlıqdan nəticə çıxartmaq kimi yanlış metod özünü göstərir. Nizami əsərlərinin tovhid, minacat, nət və meracnamələri şairin Allah və mövcudat münasibətlərinə baxışını əks etdirməklə yanaşı, həm də elmi biliklərinin mənbəyi kimi tədqiq edilməlidir. Nizami "Divan"ı ilə bağlı mübahisələr hələ də mövcuddur. Misirdə tapılan şeirlər toplusunun Nizami Gəncəviyə məxsus olmasına ədəbiyyatşünaslıqda birtərəfli yanaşılmır. Qeyd edim ki, həmin "Divan" S.İbrahimov tərəfindən nəşr edilmişdir.

- Nizami haqqında indi də həqiqətdən uzaq, dəqiq tədqiq olunmayan fikirlər var. Onun milli mənsubiyyəti qəsdən təhrif edilir. Bununla bağlı fikirləriniz nədir?

- Doğrudur, Nizaminin təkcə yaradıcılığı ilə deyil, həm də həyatı ilə bağlı dəqiq olmayan fikirlər var. Nizami, əsərlərindən göründüyü kimi, dövrünün bütün elmlərini dərindən mənimsəmişdir. M.Mahmudov "Nizami və Aristotelin "Poetika"sı" məqaləsində Nizaminin Aristotelin əsərini tərcümələrdən deyil, orjinaldan oxuduğunu hər iki şəxsiyyətin fikirlərinə əsaslanaraq isbat edir. Tərcümələrdə olan təhriflər Nizami baxışlarında özünü göstərmir. Mükəmməl təhsili, saray kitabxanasından istifadə imkanı onun nüfuzlu ailədən olmasını təsdiqləyir. Babasının fəqih olduğu düşünülür, Nizaminin kasıb ailədən olması ilə bağlı fikir özünü doğrultmur. Mənsub olduğu nəslə aid olan xüsusi xiyabanda tirmə şala bükülərək dəfn edilmişdir. Bəzi tədqiqatlarda tərkidünya olduğu iddia olunsa da, yaradıcılığı bu fikri təkzib edir. Nizami nikbin ruhlu şairdir. Sufi şeyxi olması fikri də inandırıcı görünmür. Mütəfəkkirin Allah və yaradılışla bağlı təsəvvürü Şərq peripatetiklərinin baxışlarına daha yaxındır.

Milli mənsubiyyətinə gəlincə, Nizami Azərbaycan xalqının övladıdır və bu, tədqiqatlarda sübut olunub. Hələ keçən əsrin 30-cu illərində M.Əlizadə Nizami Gəncəvinin həyat və yaradıcılığına dair dissertasiyada şairin əsərlərinə, tarixi sübutlara əsaslanaraq Nizaminin Azərbaycan şairi olduğunu bildirirdi. Nizaminin 800 illik yubileyi indiki Sankt-Peterburq şəhərində keçirilib. O zaman şəhər mühasirədə idi. Buna baxmayaraq, yubiley keçirilir və burada SSRİ-nin tanınmış alimləri iştirak edirlər. Bu alimlər Nizamidən Azərbaycan şairi kimi bəhs açıblar. Qədim mədəniyyət və sənət paytaxtı olan Gəncədə yaşaması, "Yeddi gözəl" əsərində türk dilində şeirlər yazdığı barədə məlumat verməsi, Azərbaycan şəhəri olan Bərdənin tərifi, ən əsası milli düşüncəni və mifik təsəvvürlərimizi yaradıcılığında əks etdirməsi onun Azərbaycana mənsub olduğunu aydın şəkildə göstərir. Şairin yaşadığı dövrdə Şərqdə ərəb dili fəlsəfənin, fars dili poeziyanın dili kimi qəbul olunmuşdu. Türksoylu şairlər dövrün tələbi ilə fars dilində yazır, doğma dilləri olmayan bir dildə möhtəşəm sənət abidələri yaratmaq bacarıqlarını nümayiş etdirir, poetik sənətkarlıq məharəti və fəlsəfi düşüncələri ilə Şərq aləmində məhşurlaşırdılar. Nizaminin fars dilində yazdığı əsərlərdə bədii-fəlsəfi ruh türk kökünə bağlıdır. A.İmanquliyeva "Ədəbiyyatımızın qədim kökləri" adlı məqaləsində ərəbcə yazan azərbaycanlı şairlərin yaradıcılığının mühüm cəhətlərindən biri kimi qeyd edir ki, dil ərəbləşsə də, bədii təfəkkür, ədəbi zövq, ənənə və təcrübə özgələşməmiş, doğma xalqın mənəvi dünyasının ana ruhuna sadiq qalmışdır. Bu hal Nizami yaradıcılığında da özünü göstərir. Ana dilinə məhəbbəti "Leyli və Məcnun" əsərində aydın şəkildə əks olunub.

Bəzi tədqiqatlarda Nizami qəhrəmanlarının milli mənsubiyyətinə də qərəzli yanaşmalar yer alıb. Azərbaycan alimləri şairin yaradıcılığına əsaslanaraq elmi-məntiqi dəlillərlə həmin fərziyələrin əsassız olduğunu sübut ediblər. Burada Nizaminin uzaqgörənliyi xüsusi qeyd olunmalıdır.

- Nizami adını ölməz edən nədir ki, əsərləri bu günümüzdə də aktuallığını itirməyib?

- Nizami "Xəmsə"si insanlıq dəyərlərinin toplusudur. 8 əsrdən artıqdır ki, mütəfəkkirin yaradıcılığına müraciət olunur. Orta əsr şairlərinin əsərlərində elə bir ideya yoxdur ki, Nizami irsində yer almasın. İlk poemasında şairi bir sual daha çox düşündürür: "Cahanın yaşı çox keçsə də, başından bir tük də əksilməyibdir. Cavanlığı cahana vermiş bizlər nədən qocayıq, biz ki, ondan doğulmuşuq". Nizamini insan, zaman və cəmiyyətlə bağlı suallar düşündürür. Biz bu dünyaya nə üçün gəlmişik, belə xoş, işıqlı cahan varkən əbədilik nədən axirətdədir kimi suallara cavab axtarır. Xoşbəxtlər ölkəsi ilə tanış olduqdan sonra İsgəndər fikirləşir ki, əgər insan bunlardırsa, onda biz kimik, əgər xasiyyət budursa, bizim xasiyyətimiz nədir? Şairin sualları da, özü tərəfindən bu suallara verilən cavablar da oxucunu düşündürür. "İsgəndərnamə" əsərinin sonunda belə bir ideyanı təlqin edir ki, cəmiyyətin xoşbəxtliyi onu təşkil edən fərdlərin mənəvi kamilliyinə bağlıdır. Nizamiyə görə, kamilliyin birinci şərti Yaradanı tanımaq və özünü dərk etməkdir. Özünü dərk etməyən insan məqamını dərk edə bilməz. Ağıl, iradə, iman və sevgi həqiqətin dərkinə aparır. Şairin səadət quşu olan Hümaya bənzətdiyi insan ədalətli, mərd, xeyirxah olarsa, Tanrının ona bəxş etdiyi məqamı qoruyub saxlaya bilər. Kainatda nə varsa, insanda da mövcuddur. Nizami yazır ki, kainatın hərflərini axtarmaq istəsən, hamısı səndədir. Ağıl və sevginin vəhdəti insanı doğru yola istiqamətləndirir. Şair belə bir nəticəyə gəlir ki, bəşəriyyətin nicatı ədalətin yer üzündə bərqarar olmasındadır.  O qeyd edir ki, dünya yaxşıların üzərində qərar tutur. Tanrıdan başqa nə varsa fanidir. Bütün canlıları "müvəqqəti vücudlar" adlandırır. Bu "müvəqqəti vücudlar" gözlərini ədəblə nurlandıraraq bir-birinə xidmətdədirlər. Xidmət sifəti insanlığın surətidir. Nizamini insanın yer üzərindəki missiyası düşündürür.

Mənəvi kamilliklə bağlı düşüncələrində Nizami ağlın və elmin rolunu xüsusi qeyd edir. Onun fikrincə, nəzər saldığımız hər nəsnədə gizli bir xəzinə vardır. Şair milli və dini dəyərləri təlqin etməklə yanaşı zamana uyğunlaşmağı da vacib sayır. Çünki hər kəs öz yaşadığı dövrün övladıdır. Mütəfəkkir belə hesab edir ki, sağlam düşüncə səadətə gedən yolun işığıdır. Özünü tanıyan Tanrını tanıyır və nəfsin qaranlığından təmizlənir. Bu zaman insan ruhunun pak işığı zahirə çıxır. Şərq fəlsəfəsinə görə, qəlb pasdan təmizlənməsə işığı əks etdirə bilməz. İnsanın qəlbi və üzü klassik ədəbiyyatda aynaya bənzədilir. Üzdə və gözlərdə əks olunan qəlbdən gələn nurdur. Nizamiyə görə, insan daxilindəki işığın gücü ilə diri ikən əbədiliyi əldə edə bilər. Buna işarə edərək yazır ki, ölü bir şəxsəm, ancaq mərdanə gedirəm. Dirilər karvanı ilə gedirəm, amma bu karvandan deyiləm. Nizami insan və zamanla bağlı deyilməmiş məna qoymamış, özünün də qeyd etdiyi kimi mənalar fəziləti ilə yeri və zamanı göylərin fərmanına əsasən tutmuşdur. Yəni o, zamanın və məkanın fövqündədir.

İnsan nəfsinin köləsi olmamalıdır, özünü tanıyan insan, nəfsini ağlına tabe edərək əbədilik qazana bilər. Mütəfəkkirin fikrincə, ağıl bağışlanamış can Tanrının bizə bəxşişidir. Can ağılla əbədi diridir. Yaradanın hədiyyəsi olan idrak qabiliyyəti və qəlbindəki sevgi, iman Nizamiyə ölməzlik qazandırdı. Nizami mənəviyyatını qoruyaraq, mənəvi dəyərləri yaşadaraq, ağlın göstərdiyi yol ilə gedib elmin qapılarını səylə açaraq axtardığı işığı tapdı. Ona ölməzliyi qazandıran da məhz bu işıq, yəni düşüncənin işığı oldu.

Nizami yaradıcılığında qadın obrazları da diqqəti cəlb edir. Nizami XII əsrdə gender bərabərliyi ideyasını  Məhinbanu, Şirin, Nüşabə obrazları ilə əks etdirir. Qadının cəmiyyətdəki aparıcı rolunu ilk dəfə bədii ədəbiyyatda Nizami yaradıcılığında görürük. Sənətkara görə, qadının müstəqil fikir yürütmək hüququ və sevmək haqqı var. Nizami qadın hüquqlarının müdafiəçisidir. Şair ərəb rəvayətlərinin hüquqsuz, aciz Leylisini dünya ədəbiyyatının ən cəsarətli aşiqinə çevirə bilmişdir.

İnsan xarakterinin və dünyagörüşünün formalaşmasında genetik faktorla yanaşı, mühitin təsirini də vurğulayır. Gəncəvi 14 yaşlı oğluna faydası olan elmi öyrən, sənin sabahkı munisin sənin bu günündür kimi məsləhətlər verir. Nizaminin oğlu Məhəmmədə nəsihətləri hər dövrün gəncliyinə önəmini itirməyən tövsiyələrdir. Sağlam qidalanmadan tutmuş ekologiyanın təmizliyinə qədər zamanın hər dönəmində aktual olan məsələlər şairin diqqət mərkəzində olmuşdur. Eləcə də, bütün dinlərə, millətlərə və irqlərə hörmətlə yanaşması Nizami yaradıcılığını ən ali mərtəbəyə qaldıran və sevdirən keyfiyyətlərdəndir. Həmid Araslı Nizamini insanşünas adlandırırdı. Nə qədər ki insan var, yer üzündə həyat var Nizami yaradıcılığı aktuallığını itirməyəcək.

- Nizami yaradıcılığının sehri nədədir?

- Nizami insana özünü dərk edərək sevməyi öyrədir. Tanrını və yaratdıqlarını sevməyi, həyatı sevməyi, özünü sevməyi. Yaradılışdan məqsəd sevgidir. Sevgi ilə qidalanmış düşüncənin qarşısında heç bir qüvvə dura bilməz. Çünki bu zaman insan ruhunun pak işığı zahirə çıxır. Nizami qələminin sehri bundadır.

- Nizami Gəncəvinin əsərlərinin yenidən tərcüməsi və nəşri məsələsi gündəmdədir. Sizcə əsərlərinin yenidən tərcümə olunması onun dünyada Azərbaycan mütəfəkkir şairi kimi təsdiq olunmasında hansı rolu oynayacaqdır?

- Nizami poemalarının mövcud filoloji tərcümələri Azərbaycan alimlərinin uğuru kimi ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Buna baxmayaraq, orjinaldan yeni tərcümələrinə ehtiyac var. Qədim əlyazmaların oxunuşu, tərcüməsi gərgin zəhmət tələb edir. Bu tərcümələr Nizami irsinin tədqiqinə dəyərli töhfələrdir. Mövcud filoloji tərcümələrdə müəyyən qüsurlar vardır. Bunlar mətnin düzgün oxunmamasından irəli gəlir. Bir hərf düzgün oxunmadıqda sözün mənası dəyişir, bu isə fikrin təhrifinə səbəb olur. X.Yusifli, T.Cahangirov və başqalarının məqalələrində bununla bağlı geniş bəhs açılıb. Əsərlərin yenidən tərcüməsi bəzi mübahisəli məsələlərə aydınlıq gətirməklə yanaşı, şairin həyatı, milli mənsubiyyəti və s. haqqında da yeni məlumatları aşkar edə bilər.

Dünyada Nizami irsinə olan marağı nəzərə alaraq Nizami əsərlərinin müxtəlif dünya dillərinə tərcüməsi də zəruridir. Bir çox xalqlar ingilis dili vasitəsi ilə Nizami əsərləri ilə tanış olurlar və düşünürəm ki, Azərbaycan dilindən birbaşa həmin xalqların dillərinə tərcümələr olarsa Nizami irsindən daha geniş oxucu kütləsi bəhrələnəcəkdir. Xüsusən hal-hazırda uzaq Şərqdə türk dünyası ədəbiyyatına böyük diqqətin olması Nizami irsinin bu dillərə tərcümə olunmasına ehtiyacın olduğunu göstərir.

- Müsahibə üçün təşəkkür edirik. Çox sağ olun.

- Siz də sağ olun.

 

 

Müsahibəni apardı: Nərminə Əsədova


 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024