BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosentləri Zərifə Vəliyeva və Ülviyyə Rüstəmova Özbəkistanın Nəvai Dövlət Dağ-Mədən və Texnologiyalar Universitetində elmi ezamiyyətdə olublar.
Ezamiyyət müddətində BDU müəllimləri universitetin bakalavr səviyyəsində “Kimyəvi texnologiyalar”, “Mühəndis kommunikasiya sistemlərinin montajı və tikintisi”, “Nadir və radioaktiv metal filizlərinin hasilatı və emalı” və “Mədənçilik” ixtisasları üzrə təhsil alan tələbələrə Ekoloji kimya, Sənaye ekologiyası, Tətbiqi ekologiya və Sənaye tullantı sularının təmizlənməsi fənlərindən mühazirələr oxuyublar.
Universitetin rektoru Bəxtiyor Mardonov BDU əməkdaşlarını qəbul edib. Görüşdə iki universitetin müvafiq ixtisasları üzrə gələcəkdə əlaqələrin qurulması imkanları müzakirə edilib.
BDU-nun dosentləri universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şuxrat Əliqulov, tədris hissəsinin müdiri İlxom Kərimov, elmi işlər üzrə prorektoru Tulkin Nurmuradov, Aqromühəndislik və kommunikasiya texnologiyaları fakültəsinin dekanı Şoxrux Curayev, Kimya-metallurgiya fakültəsinin dekanı Sanat Şaripovla da görüşüb, fakültələrin fəaliyyəti, elmi istiqamətləri, laboratoriyaları ilə tanış olublar. Metallurgiya kafedrasının müdiri Baxriddin Voxidov kafedrada aparılan işlər, laboratoriyaların təchizatı haqqında ətraflı məlumat verib.
BDU əməkdaşları Buxara Dövlət Universitetinin Bioaqrotexnologiyalar kafedrasının əməkdaşları və magistrantları ilə də görüşüblər. Onlar görüşdə ekoloji kimya elminin inkişafı və aktuallığı haqqında çıxış ediblər.





