BDU-nun EcoPrint layihəsi Kopenhagendə keçiriləcək Böyük Finalda Azərbaycanı təmsil edəcək

08/09/2021

BDU tələbələrinin ENACTUS komandası tərəfindən hazırlanan EcoPrint layihəsi EASA-nın (“Euro-Asian Startup Awards”) regional qalibi olaraq 16-17 noyabr 2021-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək GSA-nın (“Global Startup Awards”) Böyük Finalında iştirak hüququ qazanıb. Bu layihə ilk dəfə 2019-cu ildə “The Best Social Impact” kateqoriyasında ölkə finalisti olmuş, 2020-ci ildə “The Best Virtual Teamwork Solution” kateqoriyasında Azərbaycan üzrə, 2021-ci ilin 8 fevral tarixində isə regional finalda eyni kateqoriya üzrə mübarizə aparan Ermənistan komandasını məğlub edərək region üzrə qalib olub.

Əsas məqsədi yaşıllıqları və ağacları qorumaq olan EcoPrint layihəsi Azərbaycanda ekoloji, sosial və iqtisadi inkişafa dəstək olmaq missiyasını özündə birləşdirir. EcoPrint əhalinin sosial həssas qrupuna daxil olan insanlarla müqavilə əsasında sövdələşmələr edərək onları internet səhifəsi (ecoprint.deirvlon.com) üzərindən Avstraliya, Çin, Almaniya, Kanada kimi müxtəlif ölkələrdən Azərbaycanda ekoloji mühitin bərpasına və qorunmasına öz töhfəsini vermək istəyən şəxslərlə görüşdürür, Azərbaycanın istənilən regionunda ağacəkmə prosesini həyata keçirir. Beləliklə, EcoPrint layihəsi Azərbaycanda sosial, iqtisadi və ekoloji vəziyyətə dəstək vermiş olur və bununla BMT-nin dayanıqlı inkişafa dair 17 məqsədindən 8-ni tam əhatə edir.

Bu uğuru ilə yanaşı EcoPrint layihəsi fəaliyyətə başladığı gündən bir çox beynəlxalq və yerli müsabiqələrdə, o cümlədən 2019-cu ildə “Hult Prize Azərbaycan” yarışının qalibi olaraq Türkiyə Respublikasında və 2020-ci ildə Beynəlxalq ENACTUS yarışının Azərbaycan üzrə qalibi olaraq Niderland krallığında Azərbaycanı təmsil edib. Bundan başqa 2020-ci il 13 mart tarixində Bakıda keçirilən, əsas istiqaməti ekoloji mühitin bərpasına həsr olunan mövzuları əhatə edən “Qlobal Mühəndislik Simpoziumu”na (GES) rəsmi tərəfdaş olub.

Qeyd edək ki, “Global Startup Awards” (GSA) təşkilatı 2012-ci ildə Danimarkada yaradılıb və hazırda 4 qitədə 113-dən çox ölkədə fəaliyyət göstərir və dünyanın müxtəlif regionlarından olan komandalar tərəfindən ərsəyə gətirilən startapları mükafatlandıran və onları bir araya gətirən qurumdur. Bu platforma çərçivəsində startaplar bir-biri ilə əlaqə qurur, şəbəkələşir, müxtəlif investorlarla görüşür və mükafatlandırılır. Azərbaycan GSA-nın “Euro-Asian Startup Awards (EASA)” adlanan və 10 ölkədən ibarət olan (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Rusiya, Ermənistan) startaplar qrupuna daxil edilib və bu qrupda hər il müxtəlif kateqoriyalarda yarışlara qatılır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024