BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı

29/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib. Fakültənin III kurs tələbəsi Nuray Abbasova “Sulfat istehsalının ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib.

O, əvvəlcə sulfat turşusunun istehsalı zamanı yaranan ekoloji problemlər haqqında məlumat verib. Bildirib ki, sulfat turşusunun alınmasının kamera və kontakt üsulları mövcuddur. Hər bir üsulun öz üstün və çatışmayan cəhətləri var. Sulfat turşusu neft emalı, neft-kimya, kimya sənayelərində, gübrə, sellüloza, batareya, kimyəvi təmizləyici maddələrin alınmasında istifadə olunur. Sulfat turşusu təbii mühitin komponentlərinə təsir edərək onların keyfiyyətini pisləşdirir, metalları korroziyaya uğradır, tikinti materiallarının, abidələrin sıradan çıxmasına, torpağın münbitliyinin azalmasına, su hövzələrinin turşuluğunun artmasına və s. səbəb olur. Sulfat turşusunun istehsalında bərk tullantıların qarşısını almaq üçün kükürddən istifadə daha əlverişlidir.

Fakültənin III kurs tələbəsi Kamilla Canmirzəyeva “Qarabağ müharibəsinin ekoloji fəsadları” adlı məruzəsində isə Ermənistanın son 30 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında törətdiyi ekoloji terror haqqında məlumat verib. O bildirib ki, bu müddət ərzində qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib, ağaclar kəsilib, meşələrimiz yandırılaraq məhv edilib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına ciddi ziyan vurulub. Həmin ərazilərdə su ehtiyatları və çaylar da ciddi çirklənməyə məruz qalıb. Ermənistan zəhərli və dünyada istifadəsi qadağan olunmuş ağ fosfor tərkibli bombalardan istifadə edərək ekoloji terror həyata keçirib. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzları, kimyəvi turşuları Oxçuçaya axıdılır. Bu isə su mühitində yaşayan canlılar üçün çox təhlükəlidir. Xüsusilə su mühitinin ağır metallardan təmizlənməsi üçün kimyəvi üsullar tətbiq olunmalıdır. Torpaq mühiti rekultivasiya edilməli, kənd təsərrüfatının inkişafı həyata keçirilməlidir.

I kurs tələbəsi Nuranə Bağırova “Həyat və ölüm” mövzusunda çıxışında bildirib ki, maddələr mübadiləsi, tənəffüs, homeostaz, çoxalma, qidalanma, böyümə orqanizmin inkişafının əsas xüsusiyyətləridir. Bəzi alimlərin fikrincə, orqanizmin qocalması hətta ziqot mərhələsindən başlayır, bəziləri isə onun reproduktiv funksiyaların dayandırılması anından başladığına inanırlar. Müəyyən edilib ki, in vitro kulturasında hüceyrə və toxumalar potensial ölümsüzdür, onların ölümü əlverişsiz şəraitdə baş verir. Hazırda bir insan üçün orta yaş həddi cəmi 72 il olduğu halda, bəzi ağaclarda bu, 5 min il (mamont ağacı), palıd üçün 4500 ildir. Bəzi meduzalar (Turitopsis Nutrikula) isə tamamilə ölməzdir. Hazırda yaşlanma prosesini başa düşmək üçün genetiklər və molekulyar bioloqlar hüceyrəni araşdırırlar. Bir çox alimlərin fikrincə, ömrün uzadılmasının açarı məhz bu mikroskopik elementlərdə gizlidir. Təqdim olunan məruzə maarifləndirici xarakter daşımaqla bu haqda fikirlərin ümumiləşdirilməsinə həsr olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024