BDU-nun Elmi Şurasının bu il üçün son iclası keçirilib

29/12/2020

Dekabrın 29-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2020-ci il üçün son onlayn iclası keçirilib.

Elmi Şura üzvlərini salamlayan BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdıraraq pandemiya dövründə Universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işləri və distant təhsilin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Rektor tələbələrin böyük əksəriyyətinin bu dərslərdə iştirak etdiyini bildirərək payız imtahan sessiyasının təşkili məsələlərinə toxunub. E.Babayev tədrisin vəziyyəti, semestr imtahanlarının keçirilmə qaydası, buraxılış işlərinin verilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsi və bu istiqamətdə digər vacib məsələlərdən danışıb. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili ilə bağlı Universitet kollektivini təbrik edib.

Daha sonra tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq haqqında ətraflı məlumat verib. Tədrisin vəziyyəti, payız imtahan sessiyasının təşkili istiqamətində qarşıda duran vəzifələri nəzərə çatdıraraq BDU-nun mövcud infrastukturunun hazırkı duruma adekvat olaraq onlayn imtahanların keçirilməsinə imkan verdiyini vurğulayıb.

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev 2020-ci ildə BDU-da yerinə yetirilmiş humanitar-sosial layihələr, tələbələrlə işin təşkili və ictimaiyyətlə əlaqələr sahəsində görülmüş işlər haqqında geniş təqdimatla çıxış edib. Çıxışda COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Universitetdə tələbələrlə iş, təhsilalanların tərbiyə işinin təkmilləşdirilməsi, tələbələr arasında azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülmüş işlər, “Könüllülər ili” çərçivəsində keçirilimiş layihələr, 44 günlük Vətən Müharibəsində BDU-nun müəllim və tələbələrinin informasiya müharibəsində iştirakı kimi məqamlara aydınlıq gətirilib. Ölkədə aparılan sosial siyasətə müvafiq olaraq BDU-da sosial məsələlərin həlli, sosial layihələrin həyata keçirilməsi prioritet istiqamət hesab edilərək əməkdaş və tələbələrin sosial vəziyyətinin yüksəldilməsi, onlar üçün hərtərəfli elm və təhsil mühitinin yaradılması istiqamətində mühüm addımların atıldığı vurğulanıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov 2020-ci ildə BDU-nun beynəlxalq əməkdaşlıq və əlaqələri haqqında məlumat verərək xarici universitet tələbələrinin BDU-ya cəlb olunması, müəllim-tələbə mübadilə proqramları, əməkdaşlıq haqqında imzalanan müqavilələr, xarici universitet kurslarının təşkil olunması, ikili diplom proqramları, distant təhsil sisteminin tətbiq olunması, təhsilin müasir vasitə və metodları haqqında proqramların hazırlanması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verib. BDU-nun əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələrinə diqqət çəkib.

“Bakı Universitetinin xəbərləri” jurnalının fəaliyyəti haqqında məlumat verən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov jurnalın nəşrinin Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin ölkəmizin müasir inkişaf səviyyəsi və potensialı haqqında məlumatların dünyaya çatdırılması baxımından önəmini vurğulayıb. BDU-da 30-a yaxın jurnalın dərc olunduğunu qeyd edib, nəşrlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb. Onların “Web of Science”, “Scopus” “Publons” kimi beynəlxalq səviyyəli bazalar tərəfindən qəbul edilməsi istiqamətində işlərin görülməsinin əhəmiyyətini nəzərə çatdırıb.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Sonda müzakirə olunan məsələlərlə əlaqədar işlərin icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024