BDU-nun Filologiya fakültəsində akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib

08/11/2019

Bakı Dövlət Universitetinin  (BDU) Filologiya fakültəsində görkəmli dilçi alim, Azərbaycan dialektologiyasının banisi, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Məmmədağa Şirəliyev və Azərbaycan dialektologiyası” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı Elçin Məmmədov görkəmli alimin şərəfli ömür yolundan, Azərbaycan dilçiliyinin inkişafındakı əvəzsiz xidmətlərindən və Bakı Dövlət Universiteti ilə bağlılığından söz açıb. Bildirib ki, o, müxtəlif illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini, elmi işlər üzrə prorektoru və Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində çalışıb, yüksəkixtisaslı dilçi kadrların, xüsusən dialektoloqların hazırlanmasında mühüm rol oynayıb.
BDU-nun Türkologiya kafedrasının professoru Elbrus Əzizov çıxış edərək, akademik M.Şirəliyevin Azərbaycan ədəbi dili tarixinin və Azərbaycan dialektologiyasının fundamental elmi əsaslarla öyrənilməsindəki mühüm xidmətləri haqqında ətraflı məlumat verib, alimlə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, görkəmli türkoloq Bəkir Çobanzadə məktəbinin istedadlı yetirmələrindən olan M.Şirəliyev türkologiyada, o cümlədən Azərbaycanda dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə “Azərbaycan dilinin dialektoloji atlası” tərtib və nəşr edilib, hətta türk dillərinin dialektoloji atlasının tərtibinə rəhbərlik də M.Şirəliyevə tapşırılıb.
BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli böyük alimin Azərbaycan dialektlərinin araşdırılması istiqamətində gərgin və fədakar əməyindən söz açıb, onun ekspedisiya yolu ilə dialektlərin öyrənilməsi üçün müxtəlif vaxtlarda Qafqaz ərazisində, o cümlədən Azərbaycan rayonlarında elmi səfərlərə başçılıq etməsindən, toplanılan materialların tədqiqata cəlb olunmasından və həmin əsərlərin elmə verdiyi töhfələrdən danışıb. O bildirib ki,  dilçiliyimizin əksər sahələrinin yaranıb zənginləşməsində M.Şirəliyevin özünəməxsus rolu, seçilən dəstxətti olsa da, o, dilçilik arenasında daha çox görkəmli dialektoloq kimi tanınıb, bu sahə ona daha çox şöhrət qazandırıb.
Sonda BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva çıxış edərək, M.Şirəliyevin istedadlı alim və peşəkar pedaqoq kimi fəaliyyətinin əsas məqamlarından danışıb, onunla bağlı xatirələrini səsləndirib.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024