BDU-nun Filologiya fakültəsində görkəmli alim Əlövsət Abdullayevin xatirəsi anılıb

18/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli dilçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Əlövsət Abdullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedrasının professorları - Tofiq Hacıyev, Zemfira Şahbazova və Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyevanın məruzələri dinlənilib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə alimin Azərbaycan elmi və təhsili tarixində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

“Ə.Abdullayev və Azərbaycan filologiyası” mövzusunda çıxış edən professor Tofiq Hacıyev görkəmli alimin Azərbaycan filologiyasına verdiyi dəyərli töhfələrdən, elmi yaradıcılığının əsas istiqamətlərindən, ədəbi dil və yazıçı dili ilə bağlı tədqiqlərindən, irihəcmli etimoloji və onomastik araşdırmalarından, dil əlaqələri mövzusunda yazdığı əsərlərdən, bu zəngin elmi irsin aktuallığından danışıb.

Professor Zemfira Şahbazova “Görkəmli türkoloq Ə.Abdullayev” adlı məruzəsində Ə.Abdullayevin yüksəkixtisaslı kadrların - türkoloqların hazırlanmasındakı xidmətlərindən, türkoloji aləmdəki yüksək nüfuzundan, türk dillərinin aktual problemlərinə həsr olunan əsərlərindən, beynəlxalq səviyyəli konfranslarda səsləndirdiyi dərin elmi fikirlərin böyük marağa səbəb olmasından söz açıb.

Dosent Rəhilə Quliyevanın “Ə.Abdullayev yaradıcılığında qrammatika məsələləri” adlı məruzəsində Ə.Abdullayevin Azərbaycan dilinin qrammatik quruluşunun, xüsusilə sintaksisinin tədqiqi və tədrisi istiqamətində gördüyü işlər ətraflı şərh olunub. Məruzəçi bildirib ki, xüsusiləşmələr və əlavələr, ədatlar, predikativlər, qarışıq tipli mürəkkəb cümlələr, tabeli mürəkkəb cümlələrin tərkib hissələrinin transformasiyası kimi məsələlər dilçiliyimizdə akademik səviyyədə ilk dəfə Ə.Abdullayev tərəfindən işlənib və ali məktəb proqramına daxil edilib.

Daha sonra Azərbaycan dilçiliyi kafedrasının dosentləri – İsmayıl Məmmədov, Fikrət Şiriyev, Fikrət Əlizadə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadov Ə.Abdullayevin alim və müəllim kimi fəaliyyətindən, dilçilik elmi qarşısındakı müstəsna xidmətlərindən, xüsusilə uzun illər rəhbərlik etdiyi Azərbaycan dilçiliyi kafedrasında yeni alimlər nəslinin yetişməsi istiqamətində gördüyü işlərdən, tələbələrinə və aspirantlarına göstərdiyi diqqət  və qayğıdan söz açıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov Ə.Abdullayevin elmi yaradıcılığının öyrənilməsinə xüsusi diqqətin göstərilməsinin və bu zəngin irsin gənc nəslə təbliğinin vacibliyini vurğulayıb, çıxışlarda qeyd olunan bir çox məqamlara aydınlıq gətirib.

Sonda alimin ailə üzvləri adından çıxış edən qızı - BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Sənubər Abdullayeva atasının şəxsi keyfiyyətlərindən, dilçilikdə elmi məktəb yaratmasından danışıb, onun fəaliyyətinə verilən yüksək dəyərə, deyilən xoş sözlərə görə fakültə rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024