BDU-nun Fizika fakültəsində ustad dərsi

13/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər çərçivəsində ustad dərsi keçirilib. Nəzəri fizika kafedrasının professoru, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü Sərhəddin Abdullayev “Elementar zərrəciklərin standart modeli: dünəni, bu günü və sabahı” mövzusunda mühazirə oxuyub. Bu sahədə uzun illər elmi araşdırmalar aparmış tədqiqatçı-alim elementar zərrəciklər və qarşılıqlı təsirlər, superqüvvə, simmetriyalar və saxlanma qanunları haqqında ümumi məlumat verib. Kainatın vahid fiziki nəzəriyyəsinin yaradılması cəhdlərinin əvvəllər də olduğunu qeyd edən məruzəçi əldə olunan nəzəri və təcrübi nailiyyətlərə diqqət çəkib, keçən əsrin 60-cı illərində əsası qoyulan elektromaqnit, zəif və güclü qarşılıqlı təsirlərin SUC(3)xSUL(2)xUY(1) lokal kalibrlənmə simmetriyasına əsaslanan vahid nəzəriyyəsinin - Standart Modelin yaranması ideyaları, simmetriyanın spontan pozulması və zərrəciklərin kütlə əldə etməsinin Hiqqs mexanizmi haqqında geniş danışıb. O qeyd edib ki, ötən müddət ərzində bu nəzəriyyənin müddəalarının doğruluğu təcrübi və nəzəri təsdiqini tapıb, Standart Model çərçivəsində varlığı öncədən söylənilən zərrəciklər və hadisələr kəşf olunub. Bu kəşflər arasında 1964-cü ildə Britaniya fiziki Peter Hiqqs tərəfindən nəzəri olaraq irəli sürülən, Böyük Hadron Kollayderi (LHC) çərçivəsində aparılan təcrübələr zamanı CMS və ATLAS Kollaborasiyaları tərəfindən Hiqqs bozonun tapılması xüsusi yer tutur.

Professor Sərhəddin Abdullayev qeyd edib ki, BDU-nun nəzəri fizika kafedrasında uzun illər elementar zərrəciklərin qarşılıqlı təsirlərinin Standart Model və son dövrlərdə bu modelin ən yaxın genişlənməsi hesab olunan Minimal Supersimmetrik Standart Model çərçivəsində öyrənilməsinə həsr olunan ardıcıl tədqiqat işləri aparılıb. Həmin işlər hazırda da davam etdirilir. Hiqqs bozonun kəşfindən sonra bu tədqiqatlar arasında yeni zərrəciyin yaranma və parçalanma kanallarının tədqiqi xüsusi yer tutur. Bu məqsədlə bir sıra lepton-lepton və lepton-hadron toqquşma prosesləri öyrənilir. Təcrübəli alim qeyd edib ki, tədqiqatlarda zərrəciklərin polyarlaşma hallarının nəzərə alınması yaranan müxtəlif elektrozəif asimmetriyaların (irəli-geri bucaq, sol-sağ və eninə spin asimmetriyaları, doğulan fermionun uzununa polyarlaşma dərəcəsi və s.) qiymətləndirilməsinə və zərrəciklərin spin xassələri haqqında daha geniş məlumat almağa imkan verir. Alim alınan nəticələrin bir sıra tədqiqat mərkəzlərində aparılan təcrübələrdə və gələcəkdə layihələndirilən yeni kollayderlərin işində istifadə imkanlarını qeyd edib.

Sonda məruzəçi seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, professor və müəllimlərin məruzə haqqında fikirləri dinlənilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024