BDU-nun Geologiya fakültəsi Azərbaycanın içməli su ehtiyatlarına dair problemləri araşdırıb

29/12/2022

Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Azərbaycanın içməli su ehtiyatlarına həsr olunmuş elmi seminar keçirilib.
Seminarda Azərbaycanda son 20 ildə içməli su ilə bağlı yaranan problemlər təhlil olunub. Geologiya fakültəsinin Hidrogeologiya və mühəndis geologiyası kafedrasının dosenti  Esmiralda Məmmədova “İçməli su:  problemlər, həll yolları” mövzusunda məruzəsində qeyd edib ki, Cənubi Qafqazın cəmi 310 mlrd m3 su ehtiyatı var. Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Ölkəmizin qiymətləndirilən su ehtiyatları 30 mlrd m3-ə yaxındır. Su ehtiyatlarının 21 mlrd. m3-i ölkə hüdudlarından kənarda formalaşır. Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85%, Ermənistanda 82% olduğu halda, ölkəmizdə bu göstərici cəmi 28%-dir. Hazırda ölkənin 35-dən çox şəhər və qəsəbəsində əhalinin su ilə təchizatı tam və ya qismən yeraltı suların hesabına ödənilir.
Əhalinin sayının intensiv artması, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbat durmadan artır. Qlobal  iqlim dəyişikliyi, meşə sahələrinin süni surətdə azaldılması, şirin sulardan səmərəsiz istifadə, o cümlədən, suvarmanın qeyri-səmərəli üsullarla aparılması nəticəsində ölkənin içməli və suvarma suyu ilə təminatında problemlər yaşanmaqdadır.
Problemi həll etmək üçün dəniz  suyunu içmək məqsədilə duzsuzlaşdırmaq, Kür çayının aşağı axarında yaranmış ekoloji vəziyyəti yaxşılaşdırmaq, kəhriz sistemlərindən istifadə etmək olar. Çirkab suların təmizlənməsi və digər məqsədlərlə təkrar istifadə olunması, daha mütərəqqi suvarma üsullarından yararlanmaq da problemin həlli yollarındandır: “Azərbaycan su  ehtiyatının az olduğu ölkələrdəndir. Lakin mövcud su resurslarından səmərəli və düzgün istifadə edilərsə, su  ehtiyatlarının artırılması istiqamətində tədbirlər görülərsə, su çatışmazlığı  ilə bağlı problem ölkəmizdən yan keçə bilər. Ölkənin su təminatı ilə bağlı mövcud olan problemlərin araşdırılması və onların həlli yollarının tapılması hidrogeologiya elminin ən mühüm vəzifəsidir. Bu da “Hidrogeologiya mühəndisliyi” ixtisasının yenidən bərpa olunmasını zəruri edir”.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024