BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dissertantı Tahir Yunuslu və Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) keçirdiyi “Yerin məsafədən müşahidəsi” üzrə müsabiqənin finalına çıxıb.
Müsabiqədə Tahir Yunuslu “Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun landşaft kompleksinin Coğrafi İnformasiya Sisteminin yaradılması”, Ramil Həsənov isə “Xəzər dənizində su səviyyəsinin azalmasının Qızılağac Milli Parkının biomüxtəlifliyinə təsirləri” adlı tədqiqat işi ilə finala vəsiqə qazanıb.
Tahir Yunuslu layihəsi çərçivəsində Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan 43 vulkandan 10-u üzrə, ümumilikdə təqribən 500 km² ərazidə kompleks tədqiqatlar aparıb. Tədqiqatlarda Azersky/Spot 6–7, Sentinel-2, Landsat-8, Google Earth təsvirləri və SRTM GL1 DEM məlumatlarından istifadə edilib. Ərazinin relyefi, yamac meylliyi və ekspozisiyası, torpaq-bitki örtüyü, landşaft dinamikası və fauna müxtəlifliyi təhlil olunub, müxtəlif tematik xəritələr, rəqəmsal modellər və qrafik-lövhələr hazırlanaraq CİS mühitində vizuallaşdırılıb. Layihə çərçivəsində həmçinin sistemləşdirilmiş məlumat bazası və qoruğun təbii xüsusiyyətlərini əks etdirən veb-sayt modeli yaradılıb. Gələcəkdə məlumat bazasının genişləndirilməsi və qoruğun bütün 43 vulkanını əhatə edən vahid platformanın hazırlanması nəzərdə tutulur.
Ramil Həsənov isə Xəzər dənizində su səviyyəsinin azalmasının Qızılağac Milli Parkının bioloji müxtəlifliyinə təsirlərini araşdırıb. O, sahil zolağında baş verən dəyişiklikləri Azersky/Spot 6–7 peyk təsvirləri, Google Earth görüntüləri və DEM məlumatları əsasında təhlil edib, paralel olaraq Milli Parkın ərazisində çöl-tədqiqatları aparıb. Bitki örtüyündəki dəyişiklikləri öyrənib, fauna növ müxtəlifliyini qiymətləndirib və ərazidə məskunlaşan quş və məməli növlərinin monitorinqini aparıb.
Bu il “Azərkosmos” tərəfindən artıq 9-cu dəfə təşkil edilən müsabiqənin əsas məqsədi peyk təsvirlərinin, o cümlədən Azersky peykinin arxiv məlumatlarının ölkə daxilində istifadəsini stimullaşdırmaq, coğrafi informasiya sistemləri sahəsinin inkişafına töhfə vermək və kosmik təsvirlər əsasında həyata keçirilən layihələri dəstəkləməkdir.
Müsabiqəyə ümumilikdə 293 müraciət, o cümlədən 74 layihə daxil olub və 50 layihə final mərhələsinə vəsiqə qazanıb. Finalda təqdim olunan layihələr süni intellekt, rəqəmsal həllər, Qarabağ mövzusu, ətraf mühit, xəritəçəkmə və digər istiqamətləri əhatə edib.
Builki müsabiqə “Gələcəyin xəritəsi” mövzusu altında keçirilib və 2025-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr olunub. Yarış çərçivəsində Qarabağ regionunda inkişaf, süni intellektlə proqnozlaşdırıcı modellərin yaradılması, innovativ xəritə dizaynları və iqlim dəyişmələrinin təsirlərinin təhlili kimi mövzular xüsusi önəm kəsb edib. Gənc tədqiqatçıların fəaliyyətini dəstəkləmək məqsədilə onların layihələrinə üstünlük verilib.

