BDU-nun “Heydər Əliyev adına təqaüd”çüsü: “Təqaüdümün bir hissəsini “YAŞAT” Fonduna ianə edəcəyəm”

15/12/2023

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev adına təqaüd”ə layiq görülən və ölkə üzrə təhsildə yüksək nailiyyətləri olan 100 tələbənin adı açıqlanıb. Bu yüksək mükafatı qazanan gənclərdən 8-i Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir. Ümummilli Lider, Müstəqil Azərbaycanın memarı, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin adını daşıyan təqaüdü qazanmış tələbələrimizi siz də tanıyın:

Hüseyn Zaur oğlu Quliyev – BDU-nun Tarix fakültəsinin Tarix ixtisasına (tədris ingilis dilində) 2021-ci ildə 553  balla daxil olub. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 96.88-dir. Hazırda fakültədə ən yüksək nəticəyə malik tələbədir.

- Hüseyn, səni bir daha təbrik edirik. Ulu Öndərin adını daşıyan təqaüdü qazanan 100 tələbədən biri olmaq necə hissdir?

- Məhz 100 tələbədən biri olduğumu indi sizdən öyrəndim. Təbii  ki, çox möhtəşəm duyğudu. Bu təqaüdün mənəvi dəyəri, məsuliyyəti də böyükdü. Əvvəla, Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Ulu Öndər Heydər Əliyev də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. Universitetimizin ən böyük məzunudur. Məhz Ulu Öndərin məzunu olduğu fakültənin tələbəsi kimi bu təqaüdü qazanmaq tam fərqli duyğular yaradır.

- Bu təqaüdü qazanacağını gözləyirdinmi?

- Məktəbli olduğum dövrlərdə də Ulu Öndərin adı ilə bağlı bir çox layihə və müsabiqələrdə müxtəlif yerlərə layiq görülmüşəm. Amma bu, ən böyüyü idi. Azərbaycanın tarixində özü tarix yaradan dahi şəxsiyyətin məzunu olduğu Universitetdə ölkəmiz üzrə 100 nəfərdən biri olmağın mənəvi dəyəri maddi dəyərindən qat-qat artıqdır. Mənim üçün gözlənilməz oldu. Amma düşünürəm ki, bu mükafatı çalışmağımın bəhrəsi kimi qazanmışam.

- Gələcək hədəflərin nələrdir?

- Düşünürəm ki, ölkəmizin hüquqlarını tariximizlə müdafiə edə bilərəm. Gələcəkdə Xarici İşlər Nazirliyi sistemində çalışmaq istəyirəm. Bunun üçün dil biliklərimi və ümumi dünyagörüşümü inkişaf etdirirəm.

- Belə bir məşhur deyim var: “Tarix unudulanda təkrarlanır”. Tariximizin təbliği, inkişafı və tədrisi ilə bağlı fikirlərin necədi?

- Tarixə obyektiv yanaşmanın tərəfdarıyam. Hazırda BDU-nun Tarix fakültəsi tariximizin öyrənilməsi və öyrədilməsi istiqamətində fəaliyyəti ilə digər universitetlər arasında seçilir. Fakültədə aparılan elmi işlərdə tələbələrin də iştirakı təmin olunur. Məktəblərdə artıq Tarix fənninə yeni yanaşma mövcuddur. Əvvəllər yalnız xronologiya və konspektləşdirilmiş məlumatlar dərs vəsaitlərində elektronlaşdırılmış məlumatlarla və müxtəlif foto şəkillərlə əvəz edilib. Bu da məncə, məktəblilərdə Tarix fənninə marağın artmasına səbəb olur.

- Hazırda fakültə birincisisən. Bəs dərsdən kənar vaxtlarını necə planlayırsan?

- Boş vaxtlarımda beynəlxalq mediada anti-Azərbaycan meylli xəbərləri oxuyaraq təhlil edirəm. Müxtəlif istiqamətlərdə praktiki bacarıqlarımı artırıram. Dərsdən sonra bəzi fənlər üzrə uşaqlarla məşğul oluram. Onlara müxtəlif izahlar verirəm. Bundan əlavə, yay vaxtlarında bağbanlıq etməyi, bitkilərlə məşğul olmağı çox sevirəm. Bu, sanki başqa bir rahatlıq verir.

-Sirr deyilsə, bu təqaüdü necə xərcləməyi düşünürsən?

- Sirrdi (gülür). Bir hissəsini deyə bilərəm. Təqaüdümün müəyyən məbləğini ”YAŞAT” Fonduna ianə edəcəyəm.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024