BDU-nun Heydər Əliyev muzeyinin və lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri

24/05/2023

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev muzeyinin və lektoriyasının əsaslı yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, BDU-nun rektoru Elçin Babayev, Yerusəlim İbrani Universitetinin Beynəlxalq məsələlər üzrə vitse-prezidenti Oron Şagrir, təhsil, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BDU-nun Heydər Əliyev muzeyi 1997-ci ildə Ulu Öndərin şəxsi razılığı ilə yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Tədbirlər Planı çərçivəsində muzey ən müasir standartlarla əsaslı şəkildə yenidən qurulub. Muzeyin sol tərəfində BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan böyük şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkil və sənədlər nümayiş olunur. Monitorda isə “elektron muzey” formatında Ümummilli Liderin həyatı və zəngin fəaliyyətinə dair məlumatlar təqdim edilir. İkinci bölmədə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü, müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması tarixi – 1969-1982-ci illəri ehtiva edən fotoşəkillər əks olunub. Üçüncü bölmə isə müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi kimi fəaliyyətini əks etdirir.

Muzeyin sağ hissəsində isə Ulu Öndərin BDU ilə bağlı fəaliyyəti, Universitetə doğma, əziz münasibətinə dair məlumatlar yer alır. Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində tez-tez doğma Universitetinə gəlib, hər zaman BDU-ya xüsusi diqqət göstərib. Məlum olduğu kimi, 1969-cu il noyabrın 1-də BDU-nun 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin tədbirdə ana dilində nitq söyləməsi Ümummilli Liderin böyük cəsarətinin, xalqına və dilinə sonsuz bağlılığının göstəricisi idi.

Ulu Öndər 1994-cü ildə BDU-nun 75 illik yubileyində böyük nitq ilə çıxış etmişdi. O, çıxışında Bakı Dövlət Universitetinin 75 ildə qazandığı nailiyyətləri, respublikanın ictimai, siyasi və mədəni həyatında oynadığı rolu, respublika ali məktəblərinin mərkəzi və bayraqdarı olmasını bildirmişdi.

Muzeydə 2 elektron məlumat lövhəsi tələbə, müəllim, eləcə də ictimaiyyət üzvlərinə xidmət üçün istifadədədir. Muzey bütün təhsil ocaqlarının şagird və tələbələrinə Ümummilli Lider Heydər Əliyev irsinin, dövlət başçısı və xadimi kimi fəaliyyətinin fotoşəkillər, nadir və qiymətli eksponatlarla öyrənilməsi üçün hər zaman açıqdır. Eləcə də böyük monitor Ulu Öndərin irsinin öyrənilməsi, Ümummilli Liderlə bağlı filmlərin nümayiş olunmasında istifadə olunur.

Bu muzeyi dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və təhsil nümayəndələri ziyarət edib, təəssüratlarını bölüşüblər. Muzeyin çoxsaylı ziyarətçiləri arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də olub. Cənab Prezident İlham Əliyev 2000 və 2009-cu illərdə Universitetə səfəri zamanı muzeyi ziyarət edib və “Xatirə kitabı”na öz tarixi fikirlərini yazıb.

Foyedə də əsaslı şəkildə yeni konsepsiya ilə təmir işləri aparılıb. Belə ki, BDU-nun yaranma və inkişaf tarixi, Universitet həyatında önəmli tarixlər şəkil və elektron formatda əks olunub. BDU-nun 1919-cu ildə ilk dərslərinə başladığı Tarix-filologiya fakültəsinin binası, Tibb fakültəsinin yerləşdiyi ilk bina, sol tərəfdə daha sonrakı illərdə (1943-66) tədris binası və hazırkı əsas bina öz əksini tapıb.

Ümummilli Lider Heydər Əliyevin irsinin təbliğinə növbəti töhfə olan BDU-nun Heydər Əliyev lektoriyası 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə təsis olunub. Lektoriya da tamamilə yeni insfrastrukturda, müasir konsepsiyaya uyğun şəkildə təmir olunub. Əvvəldən burada olmayan istilik-soyutma təchizatı, robot kameralar, ayrıca rəqəmsal idarəetmə mərkəzi lektoriyada keçirilən tədbirlərin, görüşlərin texniki cəhətdən ən yüksək səviyyədə təşkilinə imkan yaradacaq. Rəqəmsal monitorların birbaşa sürətli internetə girişi vasitəsilə anında ölkədaxili və xarici onlayn bağlantılar vasitəsilə beynəlxalq konfrans, qonaqların qəbulu, seminarlar, tədbirlər və s. keçiriləcək. Lektoriyada Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinə böyük dövlət xadimlərinin həsr etdiyi nadir kitablar, dərgilər də sərgilənməkdədir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin, ən əsası isə Heydər Əliyev irsinin təbliğinin ən yüksək səviyyədə təşkilinə bir ərmağandır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024