BDU-nun Hüquq fakültəsində şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Daha sonra Vətən müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbiri fakültənin dekan vəzifəsini icra edən Cabir Quliyev açıq elan edib, Vətən müharibəsində şəhid olan Universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. O, şəhid ailələri və qazilərin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Professor Əmir Əliyev torpaqlarımızın düşməndən azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhid övladlarımızın xatirəsinə və qazilərə öz ehtiramını bildirib. Onların əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstərdiklərini vurğulayıb.
Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti Novruz Mehdiyev, Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Əsmər Əliyeva, fakültənin məzunu, şəhid Ceyhun Şalıyevin xalası Rəna Məmmədova çıxış edərək Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışıblar. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməklə 30 illik Vətən həsrətinə son qoyduqlarını xüsusi vurğulayıblar. Vətən müharibəsi qaziləri fakültənin məzunları Qafar Nəzərov, Şamil Abbasov, Ağadadaş Dadaşzadə, Toğrul Kazımlı, Kənan Qureyişov, fakültənin tələbəsi Şamo İsmayılbəyli keçdikləri döyüş yolundan bəhs edib, universitet və fakültə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda fakültənin II kurs tələbəsi Cavid Mirzəzadə fakültə tələbələrinin adından çıxış edib, müəllifi olduğu “Bayraq” şeirini səsləndirib.