BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquq Klinikası tərəfindən keçirilən ilk ödənişsiz hüquqi yardım kampaniyası uğurla başa çatıb.
Kampaniya çərçivəsində fakültənin vəkil-müəllimləri tərəfindən vətəndaşlara əmlak, vərəsəlik, miqrasiya, əmək, torpaq, icra və cinayət hüququ sahələri üzrə ödənişsiz hüquqi yardım göstərilib. Müraciət edən şəxslərin sualları cavablandırılıb, onlara müvafiq hüquqi izah və tövsiyələr təqdim olunub.
Təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir.
Qeyd edək ki, BDU-nun Hüquq fakültəsi hüquqi maarifləndirmənin və əhalinin hüquqi savadlılığının artırılmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsinə xüsusi önəm verir və gələcəkdə bu cür hüquqi yardım kampaniyalarının silsiləli şəkildə davam etdirilməsi nəzərdə tutulur.





