BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
Müsahibim Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin tələbəsi Zhu Tianxudur. O, həm də BDU-nun Filologiya fakültəsində “Azərbaycan dili” ixtisası üzrə əlavə təhsil alır. Zhu Tianxu dilimizdə çox yaxşı danışması ilə yanaşı, Azərbaycan ədəbiyyatını da çox sevir. Azərbaycan dilini yaxşı səviyyədə mənimsəyərək, gələcəkdə Azərbaycan–Çin münasibətlərinin inkişafına töhfə vermək istəyir. Bəs müsahibimizin sonrakı planları nədir? Gəlin, özündən eşidək:
Adım Zhu Tianxudur, amma siz mənə Hüseyn də deyə bilərsiniz. Beş aydır ki, BDU və Pekin Xarici Dillər Universiteti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində BDU-nun 2021-2030-cu illəri əhatə edən “Strateji İnkişaf Planı”nın beynəlxalq mobillik proqramları üzrə əlavə təhsil alıram. Amma bundan əvvəl Çində də “Azərbaycan dili” ixtisasını seçmişdim və Azərbaycan dilinə, mədəniyyətinə marağım var idi. Çünki Azərbaycanla Çin arasında bir çox məsələlərdə ortaq nöqtələr var. Bunun üçün dilinizi daha yüksək səviyyədə mənimsəmək, Azərbaycanı daha yaxından tanımaq istədim və Dövlət Proqramına müraciət etdim.
Qeyd etdiniz ki, biz sizə Hüseyn də deyə bilərik. Niyə məhz Hüseyn? Yəqin ki, bunun bir hekayəsi var.
Bəli, elədir. Biz bura gələndən sonra insanlar adımı tələffüz etməkdə çətinlik çəkirdilər. Elə həmin dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Azərbaycan dilini öyrənən çinli tələbələrlə görüş keçirirdi. Görüşdə İsa Həbibbəyli həm bizim Azərbaycan dilini öyrənməyimizi və bu məqsədlə ölkənizə gəlməyimizi çox xoş qarşıladı, həm də hər birimizə bir azərbaycanlı adı verdi. Mənə də dedi: “Bundan sonra sənin də adın Hüseyn olsun”.
Çox maraqlıdır. Təhsil almaq üçün məhz BDU-nu seçmisən. Burdakı tədris prosesin necə gedir?
BDU mənim inkişafıma çox müsbət təsir göstərib. Elə həm Cənubi Qafqazın, həm də ölkənin ən nüfuzlu Universiteti olduğu üçün BDU-da təhsil almaq şansı əldə etmək mənim üçün çox xoşdur. Burada həm dərsliklər, həm də müəllimlərim çox yaxşıdır. Müəllimlərimin hamısı bizə böyük səbrlə dərs keçirlər. Azərbaycan dilini öyrənən əcnəbi tələbə kimi Universitetinizdə dilinizi öyrənmək üçün zəngin resurslar var. Dil kitabları, audiovizual materiallar və digər vəsaitlər Azərbaycan dilini öyrənməyim üçün mənə çox kömək oldu.
Hüseyn, Azərbaycan dilini öyrənməyə bu qədər həvəslisən. Marağına səbəb nədir?
Azərbaycan dili çox gözəl və mənalı dildir. Artıq iki ildir ki, bu dili öyrənirəm. Azərbaycan dilini mənimsəməyimdə Çindəki müəllimim - Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyevin böyük rolu olub. Bununla belə, düşünürəm ki, dili öz ölkəsində öyrənmək xüsusilə dinləmə bacarıqlarının inkişafına ciddi təsir göstərir. Son illərdə Azərbaycan-Çin əlaqələrinin sürətlə inkişaf etməsi də bu seçimi etməyimə mühüm təsir göstərdi. İstəyirəm ki, Azərbaycan dilini indi yaxşı səviyyədə mənimsəyim və gələcəkdə Azərbaycan–Çin münasibətlərinin inkişafına töhfə verim.
Azərbaycan dilini öyrənməyiniz sizə yerli müəlliflərimizi oxumaq imkanı yaradır. Ən çox sevdiyiniz yazıçı və ya şair kimdir?
Düzünü desəm, bura gəlməzdən əvvəl Azərbaycan ədəbiyyatını az oxumuşdum. Amma bu semestr ərzində ədəbiyyatınızdan çoxlu nümunələrlə tanış olmuşam. Çünki bu semestr “Azərbaycan ədəbiyyatından seçmələr” və “Azərbaycan ədəbiyyatı tarixi” fənləri çərçivəsində Xətai, Füzuli, Nizami, Nəsimi kimi möhtəşəm şairlərin əsərlərini oxumuşuq. Həmin dərslərdə Azərbaycanın milli dəyərlərini daha yaxşı öyrəndim. Ədəbiyyatımız, milli dəyərlərimiz və mövzularımız arasında oxşarlıqlar var. Bizim ədəbi nümunələrimizdə də milli-mənəvi dəyərlər ön plandadır. Bu oxşarlıq məni çox sevindirir.
Hüseyn, Azərbaycan dilini öyrənərkən hansı çətinliklərlə qarşılaşdın? Çin dili ilə Azərbaycan dili arasındakı fərqlər nələrdir?
Çin və Azərbaycan dilləri tamamilə fərqli dillərdir. Azərbaycan dilini öyrənmək də asan deyil. İlk öyrəndiyim qaydalardan biri ahəng qanunu idi, bu da sizin dilinizin əsas qaydasıdır. Ən asanı yəqin ki, yazmaqdır, amma dinləmək çox çətindir. Çünki Azərbaycan dilində dialekt və şivələrdən istifadə edirsiniz və tələffüzdə ciddi fərqlər yaranır. Sizdə bir sözün müxtəlif bölgələrə görə adlanması və səslənməsi var. Azərbaycanda yaşadığım bu beş ay ərzində müxtəlif dialekt və şivələrlə tanış oldum. Bu isə mənim üçün ən maraqlı təcrübələrdən biri oldu.
BDU-da tələbə həyatı necə keçir?
Azərbaycana gəldiyimiz ilk gündən, yəni, ötən il sentyabrın 18-dən etibarən çox səmimi və mehriban qarşılandıq. Daha sonra buradakı azərbaycanlı tələbələrlə dostlaşdım. Hətta burada Çin dilini bilən və ya öyrənməyə çalışan tələbələrlə də tanış oldum. Bir-birimizə qarşılıqlı şəkildə kömək edirik. Yəni, onlar mənə Azərbaycan dilini, mən isə Çin dilini öyrədirəm. Burada tələbə həyatı çox hərəkətlidir və Universitet bizə doğma münasibət göstərir. Buna görə də mən özümü artıq BDU ailəsinin üzvü kimi hiss edirəm.
Gələcək planların necədi? Azərbaycan dilindən gələcəkdə necə istifadə etməyi düşünürsən?
Gələcəkdə BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili müəllimi kimi fəaliyyət göstərməyi çox istərdim. Karyeram baxımından Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır və bu dili peşəkar səviyyədə bilməyimin gələcək həyatımda mühüm rol oynayacağına inanıram.
Hazırladı: Nuran Yaqubova
