BDU-nun Jurnalistika fakültəsi ilə Bilik Fondunun İnformasiya təminatı sektoru arasında Niyyət sazişi imzalandı
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi arasında Niyyət sazişinin imzalanma mərasimi keçirilib. Jurnalistika fakültəsində keçirilən tədbirdə Bilik Fondunun əməkdaşları, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, Niyyət sazişinə əsasən, müəllimlər və tələbələr Fondun həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı qazanacaqlar. Sənəddə əməkdaşlığın bütün mümkün variantları nəzərdə tutulub ki, bu işlər gələcəkdə həyata keçirildikcə ictimaiyyətə açıqlanacaq. Onun sözlərinə görə, Bilik Günü Bilik Fondunun struktur bölməsi ilə belə bir sənədin imzalanması fakültə üçün yeni imkanlar açacaq. Həmin sazişlə tərəflər təşkilati, insan və maliyyə resurslarını səfərbər etməklə Azərbaycan Respublikası əhalisinin elmi biliklərin müxtəlif sahələri üzrə maarifləndirilməsi, xüsusilə gənclərin bilik və bacarıqlarının artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və təbliği, Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərməyi, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlər və yazarlarla görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyi nəzərdə tuturlar. Dekan, sazişin tələbələr üçün maraqlı tərəfinin həm də razılaşmaya əsasən “Gənc jurnalistlər” Klubunun təsis edəcəyini vurğuladı.
Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova Fondun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O vurğulayıb ki, Bilik Fondu ölkə ərazisində bütün sahələrdə geniş maarifləndirmə işləri həyata keçirir. İmzalanan sazişlə tərəflər Azərbaycan mediasının inkişafı naminə yüksək peşəkarlığa və geniş dünyagörüşünə malik jurnalist hazırlığı istiqamətlərində birgə fəaliyyət göstərilməyi, jurnalistika sahəsində elmi tədqiqatların aparılması, yaradıcılıq müsabiqələrinin, tələbələrin tanınmış jurnalistlərlə görüşlərinin təşkili, bütün sahələrdə medianın maarifləndirmə funksiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi yönündə əməkdaşlıq etməyi öz üzərlərinə götürürlər.
Eyni zamanda, tədbirdə tezliklə Bilik Fondunun İnformasiya təminatı sektoru ilə Jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” Klubunu təsis edəcəyi barədə məlumat verilib.
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Jurnalistika fakültəsi ilə Bilik Fondunun İnformasiya təminatı sektoru arasında imzalanacaq niyyət sazişinin əhəmiyyətini vurğulayıb və bu işdə hər iki tərəfə uğurlar arzulayıb. O, bildirib ki, imzalanan saziş əsasən peşəkar jurnalistlərin hazırlanmasında müsbət mənada öz təsirini göstərmiş olacaq.
Çıxış edən Jurnalistika fakültəsinin professor-müəllim heyətinin nümayəndələri bu gün təməli qoyulan əməkdaşlığın Azərbaycan jurnalistikasının inkişafında uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Sonda BDU-nun Jurnalistika fakültəsi və Bilik Fondunun İnformasiya təminatı sektoru arasında niyyət sazişi imzalanıb.
Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2017-ci il.