BDU-nun Kimya fakültəsinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsində

21/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) laboratoriyalarında 3 ay müddətinə istehsalat təcrübəsi keçəcəklər.

Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib.

Tələbələrlə görüşdə institutun baş direktoru akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elmi müəssisənin ölkəmizdə olan ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, qarşılıqlı təcrübə mübadiləsi olaraq birgə rəhbərlik əsasında magistr, fəlsəfə doktoru hazırlığı yerinə yetirilir, bakalavr tələbələrin təcrübə keçməsi təmin olunur.

Baş direktor AKİ-nin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verib.

Akademik bildirib ki, institutda BDU-nun Kimya fakültəsinin neft kimyası və kimya texnologiyası kafedrasının Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrası fəaliyyət göstərir: “Baza kafedrasında BDU-nun Kimya fakültəsində kimya və kimya müəllimliyi ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün hər cür şərait yaradılıb”.

Görüşdə iştirak edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov fakültənin AKİ ilə əməkdaşlıq səviyyəsinin qənaətbəxş olduğunu, institutun bir çox əməkdaşlarının bakalavr tələbə və magistrantların tədris prosesinə müəllim kimi cəlb olunduğunu vurğulayıb. O, növbəti tədris illərində baza kafedrasının perspektiv fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkilində bir sıra yeniliklərin tətbiq edilməsinin zəruriliyini bildirib.

İbrahim Məmmədov qeyd edib ki, builki istehsalat təcrübəsinə kimya və kimya mühəndisliyi ixtisasları üzrə olmaqla ümumilikdə 51 bakalavr cəlb edilib.

Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev diqqətə çatdırıb ki, karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üçaylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Eyni zamanda, zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər. Bu il təcrübə müddətində çalışqanlığı, elmi bilikləri ilə fərqlənən üç ən yaxşı tələbə seçilərək təşəkkürnamə ilə təltif olunacaq.

Görüşdə fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024