BDU-nun əməkdaşı Qanıx-Əyriçay vadisinin müasir vəziyyətini öyrənib

15/04/2022

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının əməkdaşı Günel Sarıyeva “Qanıx-Əyriçay vadisinin bitki örtüyünün xüsusiyyətləri və onun müasir vəziyyəti” mövzusunda çıxış edib.

Günel Sarıyeva qeyd edib ki, Qanıx-Əyriçay vadisi bitki örtüyünün indiyədək ətraflı şəkildə öyrənilmədiyi ərazilərdəndir. Vadinin bitki örtüyündə tədricən təbii və antropogen mənşəli suksessiyalar yaranıb, biomüxtəlifliyin sayı sürətlə azalıb. Biomüxtəlifliyin ekosistemin funksionallığı və dayanıqlığı üçün vacib əhəmiyyəti nəzərə alınaraq Qanıx-Əyriçay vadisi tədqiqata cəlb edilib.

2012-2018-ci illərdə aparılmış tədqiqatlar nəticəsində vadinin florasında 959 takson qeydə alınıb, bitki örtüyü isə 5 tip (yarım səhra, çala-çəmən, su-bataqlıq, meşə, kolluq tipləri) daxilində təsnifatlaşdırılıb. Müəllif tərəfindən tədqiqat ərazisində qeydə alınmış bitkilərdən 20 növ Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşrinə (2013) daxil edilib, onlardan 5 növün vadidə yeni yayılma sahələrinin coğrafi koordinatları müəyyənləşdirilib. Bütövlükdə tədqiqat ərazisində 3 yarımnöv və 35 növə aid borulu bitkilərin yeni yayılma ərazisi qeydə alınıb. Vadinin florasında qeydə alınmış 6 növ Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı Siyahısına salınıb.

CİS texnologiyaları və Reymers düsturundan istifadə edilməklə ərazidə ekoloji-sosial-iqtisadi səmərənin qiymətləndirilməsi məqsədilə yerüstü örtüyün sinifləri xəritəsi tərtib edilib, transformasiya olunub və təbii ekosistemlərin nisbəti hesablanıb. Bununla yanaşı,  vadidə 2017-ci il üçün meşələrin sahəsi və Bitkiliyin Normallaşdırılmış Nisbi İndeksi (NDVI) göstəriciləri də hesablanıb. Alınmış nəticələr Qanıx-Əyriçay vadisinin bitki örtüyünə neqativ təsir edən əsas ekoloji amillərin antropogen təsirlər və invaziv bitki növləri olduğunu müəyyənləşdirib.

Günel Sarıyeva bildirib ki, tədqiqat işinin nəticələrindən gələcəkdə ayrı-ayrı növlərin ekologiyasının öyrənilməsində, “Qırmızı Kitab”ın III nəşrinin və Azərbaycan florasının hazırlanmasında etibarlı mənbə kimi istifadə oluna bilər.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024