BDU-nun müəllimi: “Pandemiya dövründə təhsil sahəsində rəqəmsal platformada ictimaiyyətin fəaliyyəti daha da genişləndi”

05/02/2021

Bakı Dövlət Universitetində (BDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası başa çatmaq üzrədir. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, imtahanların gedişi, tələbələrin fəallığı, Universitetin imtahan sessiyasının səmərəli və şəffaf, obyektiv keçirilməsi üçün atdığı addımlar barədə mütəmadi olaraq tələbə və müəllimlərin fikirlərini təqdim edir.

Növbəti müsahibimiz Kitabxanaçılıq və informasiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Zahidə Rzayeva ilə pandemiya dövründə tətbiq edilən onlayn təhsil sistemi, yeni tədris formasının üstünlükləri və gələcək perspektivlər barədə söhbət etdik.

- Zahidə xanım, pandemiya dövründə onlayn təhsilə keçidlə bağlı fikirlərinizi bilmək istərdik.

- Dünyanı sarsıdan, iqtisadiyyat, təhsil, elm və digər sahələrdə durğunluq yaradan COVID-19 pandemiyası bizim ölkədən də yan keçməyib. Bütün sahələr kimi pandemiya təhsil sahəsinə də öz mənfi təsirini göstərir. Hələ ötən ilin əvvəllərində virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı vaxtda bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldı. Buna baxmayaraq, Bakı Dövlət Universitetinin rəhbərliyinin çevik yanaşması vaxt itirmədən distant tədrisə başlamağa imkan yaratdı. Universitetdə distant təhsillə bağlı inkişaf etmiş dövlətlərin, dünya təcrübəsində sınaqdan keçmiş proqram və üsullara müraciət edildi. Qısa müddət ərzində Universitetdə bu proqramların istifadəsi tətbiq edildi. Pandemiya dövründə təhsil sahəsində də rəqəmsal platformada ictimaiyyətin fəaliyyəti daha da genişləndi.

- Bu sahədə qazanılan təcrübənin distant təhsilin tətbiqində əhəmiyyəti haqda düşüncələriniz maraqlıdır. Sizcə, onlayn təhsil distant təhsilin tətbiqində baza rolunu oynaya biləcəkmi?

- Xarici ölkələrdə bəzi ali məktəblərdə distant təhsil beynəlxalq miqyasda mümkün idi. Yəni onlar üçün distant təhsil yenilik deyildi. Amerika, Avropanın inkişaf etmiş ölkələri bu təhsil sistemindən əcnəbi tələbələrin təhsilində istifadə edirdilər. Onlayn təhsilə keçid dövründə Universitetimiz tez bir zamanda distant təhsil sisteminə  hazırlaşa bildi və prosesə qoşuldu. BDU-da bütün fakültələrdə tədris materiallarının, kitab və mühazirələrin elektron variantlarının hazırlanması prosesi qısa müddətdə təşkil edildi. Onlayn dərs cədvəlləri, professor və müəllim heyətinin sistemə qoşulması, dərslərin müntəzəm keçirilməsi təmin edildi.

Onu da qeyd etmək istəyirəm ki, distant təhsilin tətbiqində ölkəmizdəki təhsil ocaqlarında yeni bir təcrübə qazanıldı. Fikrimcə, bəzi qiyabi ixtisaslarda bu sistemi tətbiq etmək olar. Eləcə də, xarici vətəndaşların bizim universitetlərimizdə, təhsil ocaqlarımızda bakalavr, magistr, doktorantura və dissertantura pillələrində onlayn təhsil alması üçün tətbiq edilən yeni forma - distant təhsil üçün baza rolunu oynayar.

Distant təhsil bizim tələbələrin davamlı təhsil almasında sözsüz ki, müəyyən baza rolunu oynayır. Çünki tələbələrimiz təhsilsiz qalmır. Keçirilən tədris materiallarının mənimsənilməsində müəllimlərimiz səylərini əsirgəmirlər. Bu sahədə müəyyən nailiyyətlər də əldə ediblər. Təhsillə yanaşı Universitetimiz ictimai-sosial işlərdə də fəal iştirak edir, beynəlxalq və respublika elmi konfransları, dəyirmi masalar, ustad dərsləri keçirilir, yüksək elmi nailiyyətlər müzakirə edilir. Tələbələrlə tədris zamanı ənənəvi təhsil prosesinə uyğun tədrisin aparılması onların təhsilli, geniş dünyagörüşünə malik mütəxəssislər olaraq yetişməsi üçündür. Hər bir valideyn öz övladının təhsilli, savadlı olması üçün nə qədər çalışırsa, biz də müəllim olaraq onların savadlı kadr kimi yetişməsi üçün çalışırıq. Distant təhsil dövründə internet vasitəsilə kommunikativ körpülər yaratdıq. Bu körpülər vasitəsilə təkcə elm deyil, məsləhət və tövsiyələrimizi də ötürməyə çalışırıq. Dərslərin uğurlu təşkili üçün hər bir fənnin elektron mühazirəsini yaratdıq. Tələbələrin suallarına ətraflı cavab verilir ki, tələbə mövzunu dərindən mənimsəyə bilsin. Sözsüz ki, əyani dərslə distant təhsil arasında çox böyük fərq var. Çalışırıq ki, tələbələrin dövrün tələblərinə uyğun olaraq təhsilini təmin edilməsində bütün bilik və bacarıqlarımızı səfərbər edək.

- Onlayn təhsil müddətində  təəssüratlarınızı, maraqlı anları bizimlə bölüşərdiniz.

- Onlayn imtahan sessiyası haqqında onu deyə bilərəm ki, imtahan həyəcanı deyilən bir hiss var. Hətta görkəmli sərkərdələr belə döyüşdən çox imtahandan qorxduqlarını etiraf ediblər. Distant imtahan zamanı tələbənin həyəcanını nəzərə alırıq. Proqrama uyğun istiqamət veririk. Bəzi suallar elə geniş cavab tələb edir ki, tələbə var gücü ilə cavab verməyə çalışır. Biz də vaxtı  nəzərə alaraq mövzunun əsas müddəalarını soruşuruq. Tələbə sualı bilirsə, birbaşa cavab verməkdə çətinlik çəkmir. Hər bir imtahandan əvvəl məsləhət saatı keçirilir. Bu da, fikrimcə, vacibdir. Tələbələr başa düşmədikləri suallar haqqında məlumat alırlar. Tələbəyə sualla əlaqədar istiqamət verir, həmin mövzu ilə bağlı müzakirələr aparırıq. İmtahan zamanı ilk növbədə tələbəyə həyəcanı unutdurmağa çalışırıq. 25 ildən artıq təcrübəm dövründə ilk gündən bu günə qədər tələbələrimə elmin dərinliklərini öyrətmək üçün səylə çalışmışam. Hər bir tələbə bizim cəmiyyətimizin gələcəyidir. Bizim tələbələrin sırasında alim, qəhrəman qazi, ali məktəblərdə fəaliyyətini davam etdirəcək şəxsiyyətlər var.

Vətən müharibəsi zamanı bir çox igid oğullarımız içində, qanlı döyüşlərdə bizim Unversitetimizin tələbələri də iştirak edirdi. Bütün qazi və şəhidlərimizlə fəxr edir, qürur duyuruq. Bizim tələbələrdən IV kurs tələbəsi Hafiz Əhmədov “Normativ texniki sənədlərin təsviri və təsnifləşdirilməsi” fənnindən imtahan verirdi. Monitorda adını görən kimi çağırdım. Üzünü gördüm, səsini eşitdim, çox kövrəldim. Onun sağ-salamat qayıtmasına sevindim. Döyüşdə iştirak edən bütün əsgərlərimiz üçün dua edirdim ki, bu müharibədən zəfərlə, sağ-salamat qayıtsınlar. Allah bütün qazilərimizə can sağlığı, uzun ömür versin, şəhidlərimizin məkanı cənnət olsun!

Sonda onu demək istəyirəm ki, bu gün təhsil ocaqlarımız  tələbə və müəllim heyəti üçün, ənənəvi təhsil üçün çox darıxır. Auditoriyalardan, kafedralardan, dəhlizlərdən müəllim və tələbə səslərinin gəlməsini səbirsizliklə gözləyirik.

 

Müsahibəni hazırladı:
Günel Orucəliyeva
Nərminə Əsədova

 

Xəbərlər

BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq

BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq
31/01/2023

BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb
30/01/2023

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci təlimi keçirilib

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci təlimi keçirilib
30/01/2023