BDU-nun müəllimləri yeni tədris ilinə hazırlıqlar haqqında danışır
COVID-19 pandemiyası səbəbilə ölkədə elan edilən xüsusi karantin rejimi ilə əlaqədar ötən tədris ilində Bakı Dövlət Universiteti (BDU) təhsilin fasiləsizliyini təmin etmək məqsədilə tədrisin məsafədən təşkilini uğurla həyata keçirdi. Bu tədris ilində də tələbələrin təhsilə marağının daha da artırılması və mütəxəssis kimi yetişmələri üçün lazım olan bütün tədbirlər görülüb. Eyni zamanda onlayn dərslərin texniki təminatının daha da təkmilləşdirilməsi məqsədilə “Blackboard” sistemindən istifadə üçün hər cür lazımi şərait yaradılıb.
Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. BDU müəllimlərinin yeni tədris ilinə hazırlığı, yenilikləri, qarşıda duran vəzifələri barədə fikirlərini öyrəndik.
Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva: “Ekoloji kimya kafedrasının həm professor-müəllim, həm də tədris-köməkçi heyəti yeni tədris ilinə tam hazırdır. Kafedranın bütün əməkdaşları ölkəmizdə həyata keçirilən Vaksinasiya Strategiyasına müvafiq olaraq peyvənd olunublar. Yeni tədris ilində bütün sanitar-epidemioloji qaydalara riayət edərək tələbələri qarşılamağa hazırıq. Kafedramızın nəzdində olan tədris laboratoriyasının otaqlarında bütün qabaqlayıcı tədbirlər görülüb. Otaqlar təmizlənib, dezinfeksiya olunub və zəruri vasitələrlə təmin edilib. Tələbələrimizə bildirmək istəyirik ki, ənənəvi təhsilə davam etmək, sağlamlığımızın qeydinə qalmaq və sosial həyatımızı tam bərpa etmək üçün hamımız peyvənd olunmalıyıq. Xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməliyik.
Əziz tələbələrimiz, Ekoloji kimya kafedrasının professor-müəllim heyəti sizi səbirsizliklə tədris auditoriyalarında gözləyir”.
Coğrafiya fakültəsinin müəllimi Anar Nuriyev: “Universitetimizdə 2021/2022-ci tədris ilində ənənəvi dərslərin keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bilirik ki, universitetimizdə son illər tədris prosesində müasir, innovativ təlim texnologiyalarından geniş istifadə olunur. İstər ənənəvi, istərsə də onlayn dərslərin lazımi səviyyədə keçirilməsində biz müəllimlərin üzərinə mühüm öhdəliklər düşür. Onlayn təhsil həm tələbələr, həm də biz müəllimlər üçün ciddi təcrübə oldu. Düzdür, interaktiv və aktiv tədris metodlarından istifadə etməklə tələbələrin dərsə olan marağını artırmağa çalışdıq. Lakin onlayn tədris əyani tədris prosesinin qazandırdığı səmərəliliyi əvəz edə bilmir. Bu səbəbdən biz də yeni tədris ilinə ənənəvi formada başlayacağımıza çox sevinirik.
Kimya fakültəsinin müəllimi Ofeliya Balayeva: “Ötən il pandemiya ilə əlaqədar tədris ilinə yeni formatda başladıq. Bütün çətinliklərə baxmayaraq, mühazirə və seminar dərslərinin onlayn formada keçirilməsi bizə distant tədris təcrübəsi qazandırdı. Ənənəvi təhsilin bərpası barədə verilən qərar məni də çox sevindirdi. Çünki pandemiya ərzində tələbələrimizin keyfiyyətli təhsil alması üçün əlimizdən gələni etməyə çalışsaq da, onlayn tədris prosesi ənənəvi təhsili əvəz edə bilmədi.
Əvvəllər olduğu kimi indi də tələbəbələrimizi auditoriyalarda qarşılamağa tam hazırıq. Yeni tədris ilində tələbələri daha dərin biliklərlə təmin etmək üçün mühazirələri daima təkmilləşdirir, proqram və sillabusları yeniləyir, onları təhsildə gedən inkişafa uyğunlaşdırırıq. Bu gün tələbələrin tədqiqat işlərinə marağı böyükdür. Əyani tədris prosesi bunun üçün bizə böyük imkanlar verir. Buna görə də biz tələbələri müxtəlif tədqiqatlara cəlb edir, təcrübələrlə nəzəri biliklərini dərinləşdiririk. Onu da qeyd edim ki, biz artıq qalib ölkənin müəllimləri, bizim tələbələr isə qalib ölkənin tələbələridir. Bu fakt Azərbaycan təhsilini daha da irəli aparmaq üçün hər bir təhsil işçisinə böyük güc verir. Yeni tədris ilində bütün müəllimlərə, tələbələrə və təhsil işçilərinə uğurlar arzulayıram”.
Hüquq fakültəsinin dosenti Məleykə Bayramova: “Bildiyimiz kimi, universitetlərdə əyani dərslər sentyabrın 29-də başlayacaq. Yeni tədris ili üçün təqvim planları, keçiriləcək mühazirə və seminar dərslərinin dərs saatları bölgüsü, fənn sillabusları, tədris proqramları, mühazirə mətnləri, tələbələr tərəfindən mövzuların mənimsənilməsi üçün məsləhət görüləcək ədəbiyyat siyahıları yenilənərək kafedra rəhbərliyinə təqdim edilib. Eyni zamanda seçmə fənlər bir daha dəqiqləşdirilib, yeni seçmə fənlərin dərs bölgüsü müəllimlərin tədris yükündə nəzərdə tutulub. Kafedra müəllimlərimiz yeni tədris ilində əyani təhsilə tamamilə hazırdır. Artıq kafedramızın əməkdaşları vaksinasiya olunublar. Tələbələrimizi də peyvənd olunmağa çağırırıq. Yeni tədris ilində bütün müəllimlərə və tələbələrə uğurlar arzu edirəm”.
Əminliklə deyə bilərik ki, yeni tədris ilində tələbələrimiz tədrisin keyfiyyətinin artırılmasının və təkmilləşdirilməsinin şahidi olacaqlar. Eyni zamanda Universitetimizdə tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün nəzərdə tutulan bir sıra yeniliklərlə də yeni tədris ilində tanış olacaqlar.