BDU-nun nümayəndə heyəti Tailandın Kasetsart Universitetində olub

13/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tailandın paytaxtı Banqkok şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edən nümayəndə heyəti bu ölkənin Kasetsart Universitetində görüş keçirib.
Görüşdə BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Kasetsart Universitetinin prezidenti Çonqrak Vaçrinrat, prezidentin beynəlxalq əməkdaşlıq üzrə köməkçiləri Supapatpimol Simli və Çamaipak Maiklad, Elm fakültəsinin dekanı Apisit Sonqsasen və Təhsil fakültəsinin nümayəndələri iştirak ediblər.
BDU rektorunun müşaviri Şəbnəm Səfərova səmimi qarşılanmaya görə Kasetsart Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Şəbnəm Səfərova Tailandın nüfuzlu ali təhsil ocağı olan Kasetsart Universiteti ilə əməkdaşlığın hər iki universitet üçün səmərəli olacağını bildirib, gələcəkdə birgə layihələrin həyata keçirilməsi, akademik və elmi əməkdaşlıq perspektivlərindən bəhs edib.
Kasetsart Universitetinin prezidenti Çonqrak Vaçrinrat Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib. O, bu görüşün Azərbaycan universitetləri ilə ikitərəfli əməkdaşlığın başlanğıcı olduğunu, əlaqələrin daha da genişləndirilməsi üçün səy göstərəcəklərini, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində və yay məktəblərinin təşkilində maraqlı olduqlarını vurğulayıb. Çonqrak Vaçrinrat BDU-nun akademik heyətinin Kasetsart Universitetinin tələbə və akademik heyətinə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında onlayn qaydada mühazirələr verməsini təklif edib.
Qeyd edək ki, əsası 1943-cü ildə qoyulan Kasetsart Universiteti QS dünya universitetləri reytinqində 781-790-cı, QS Sustainability reytinqində 417-ci, QS dünya universitetləri fənn reytinqində isə 62-ci sırada yer alır. Kasetsart Universiteti “Green Metric” reytinqi üzrə “yaşıl universitet” kimi Tailandda 1-ci, dünyada isə 38-ci sıradadır. Burada 35 fakültədə 424 proqram üzrə 70000-dən çox tələbə təhsil alır.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024