BDU-nun ənənəvi dərslərə gələn tələbələri: hamını xoş gördük

18/02/2021

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura pillələrində praktiki məşğələlər tələb olunan ixtisaslarda təhsil alan tələbələr müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda və onların fiziki iştirakını tələb edən fənlər üzrə ənənəvi formada tədris prosesinə cəlb olunub. 2020/2021-ci tədris ilinin II semestrində BDU-da zəruri avadanlıqlarla təchiz olunmuş tədris laboratoriyalarında karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla tələbələr dərslərdə iştirak edirlər. Laboratoriya məşğələlərində iştirak edən tələbələrlə görüşüb təəssüratlarını dinlədik.

Kimya fakültəsinin II kurs tələbəsi Sevinc Həsənova: Əyani təhsil üçün çox darıxmışdıq. Sevincimizin həddi-hüdudu yoxdur. Qismən də olsa, ənənəvi qaydada məşğələlərə gəlmək hər birimizi sevindirir. Pandemiyanın tezliklə bitməsini elə arzulayırıq ki... Tələbə yoldaşlarımızı, əziz müəllimlərimizi yenidən bir arada görmək, onlarla canlı ünsiyyətdə olmaq inanılmaz bir hissdir. Elə bil, Universitetə yenicə qəbul olunmuşuq. Nəzəri dərslərimiz yenə onlayn formada davam edir. Distant dərslərə də həvəslə qoşuluruq. Tezliklə hamını, bütün tələbə yoldaşlarımı parta arxasında görmək üçün səbirsizlənirəm.

Biologiya fakültəsinin II kurs tələbəsi Elşən Əliyev: Biokimya fənni üzrə məşğələlərimizin laboratoriyada keçirilməsi bərpa olundu. Laboratoriyada praktik iş görmək, bir ildən sonra sevimli müəllimlərimizlə, qrup yoldaşlarımızla birgə təcrübələr aparmaq çox sevindiricidir. Bütün qrup yoldaşlarımız bir yerdə olsaydıq, daha yaxşı olardı. Amma hər məşğələdə beş-altı tələbə oluruq, sosial məsafəni saxlamaq üçün növbə ilə təcrübələr aparırıq. Laboratoriyamızda bütün şərait yaradılsa da, hər yer dezinfeksiya edilsə də, yenə də otaqda az sayda tələbənin olması, sosial məsafənin gözlənilməsi ciddi şəkildə tələb edilir. Bunu da başa düşürük. Hər şey təhlükəsizliyimiz üçündür. Bilirik ki, səbr etməliyik.

Kimya fakültəsinin II kurs tələbəsi Vüsalə Feyzullayeva: Ənənəvi formada dərslərda iştirak etmək digər tələbə yoldaşlarım kimi məni də sevindirir. Tədris indi həm onlayn, həm də qismən ənənəvi formada davam edir. Cədvəllərimiz də növbəli dərs prinsipi əsasında qurulub. Məşğələ dərslərimizin xüsusi laboratoriyalarda aparılması üçün bütün şərait yaradılıb. Düzdür, bu laboratoriya təcrübələrinin videoları bizə göndərilmişdi, amma hər şeyi canlı görmək, təcrübələri insanın özünün aparması tamamilə başqa hissdir. Öz ixtisasımı daha çox sevdim.

Biologiya fakültəsinin  II kurs tələbəsi Nərgiz Məmmədova: Bu bir ildə onlayn dərslərimiz yaxşı səviyyədə keçirildi. Hər kəs, müəllimlərimiz, dekanımız, dekan müavinləri, tyutorlarımız, bir sözlə - hamı - əlindən gələni etdi. Eynilə əvvəlki kimi, nizam-intizamla dərslərdə iştirak etdik. Biz nəzəri bilikləri elə öyrənmişik ki, indi təcrübi məşğələlərdə demək olar ki, çətinlik çəkmirik. Laboratoriyada bizim üçün müvafiq şərait yaradılıb. Hər bir ləvazimat, avadanlıq, qurğular hər şey lazımi səviyyədədir. Hiss edirik ki, müəllimlərimiz də bizim üçün darıxıb, məşğələləri elə həvəslə keçirlər ki... Hiss olunur ki, hamımız bir-birimiz üçün çox darıxmışıq.

Kimya fakültəsinin II kurs tələbəsi Daşqın Abdullayev: Mən Universitetimizdə yaradılan şəraitdən danışmaq istəyirəm. Universitetin həyətinə girəndə artıq bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü hiss edirsən. Xüsusi dezinfeksiyaedici tuneldən keçirik, avtomatik hərarətölçən cihazlar temperaturu göstərir, maska taxmayıbsansa sənə xəbərdarlıq edir. Həyətdə, dəhlizlərdə maskanın düzgün taxılmasına, sosial məsafənin gözlənilməsinə ciddi riayət olunur. Hər yerdə COVID-19-la bağlı posterlər, göstəricilər vurulub.

Poliklinakın həkimləri müntəzəm olaraq bizimlə maraqlanır, özümüzü necə hiss etdiyimizi yoxlayırlar. Universitetimizin Psixoloji yardım sektorunun əməkdaşları da tez-tez əhval-ruhiyyəmizlə maraqlanır, bizə dəstək olmağa çalışırlar.

Hər şey yüksək səviyyədədir. Həqiqətən, Universitetimizin mükəmməl bir ali məktəb olduğunu hiss edirsən. Yaradılan bu şəraitdə ən yüksək səviyyədə təhsil almaq, ixtisasımızı dərindən öyrənmək isə bizim, sadəcə, borcumuzdur. Hər kəs, müəllimlərimiz də, tələbə yoldaşlarımız da sağ olsunlar. Hamını xoş gördük!

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024