BDU-nun nəşr etdiyi “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimatı keçirilib

08/06/2022

Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdirdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib. Daha sonra Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev Ümummilli lider Heydər Əliyevin məzunu olmağı ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb, müstəqil Azərbaycan Respublikasının tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib. ​

Rektor vurğulayıb ki, ötən əsrin 90-cı illərində əldə edilən dövlət müstəqilliyi hər birimiz üçün ən böyük sərvətdir. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Azərbaycan Respublikası artıq 30 ildir ki, əbədi və dönməz müstəqilliyə qovuşub. Azərbaycan dövləti xüsusilə müstəqilliyin ilk illərində kifayət qədər çətin və keşməkeşli mərhələlərdən keçərək, sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoyub, iri regional layihələrin təşəbbüskarına, əsas icraçısına çevrilib. İqtisadiyyatın sürətli inkişaf tempi, uğurlu daxili və xarici siyasət, beynəlxalq səviyyədə qazanılan nüfuzu ilə paralel olaraq ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsi və bütün bunların məntiqi nəticəsi olaraq Vətən müharibəsində qazanılan inamlı qələbə ilə ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etməsi Azərbaycanı regionun və dünyanın nüfuzlu dövlətləri ilə bir sıraya qoyub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük məharətlə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində bu gün regionda lider dövlətə çevrilən ölkəmiz dünya miqyasında söz sahibi olan dövlətlərlə birgə beynəlxalq sülh və təhlükəsizlik məsələlərində əsas rol oynayan etibarlı tərəfdaş mövqeyinə yüksəlib”.

Rektor Elçin Babayev Ümummilli lider, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Heydər Əliyevin müstəqilliyimizin əsas memarı olduğunu qeyd edib: “Ulu öndər hər zaman tariximizin obyektiv, etibarlı mənbələr əsasında, ciddi tarixşünaslar tərəfindən yazılmasını vacib hesab edirdi. Müdrik siyasətçi bu istiqamətdə elm və təhsil ictimaiyyətinin qarşısında mühüm vəzifələr qoyub, prioritet hədəflər müəyyənləşdirmişdi. Ümid edirik ki, iki cilddə nəşr olunan “Azərbaycan Respublikasının tarixi” kitabı həmin vəzifələrin yerinə yetirilməsinə böyük töhfələr verəcək. Kitabın Qarabağ Zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir.​ Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ Zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. Xoşbəxtik ki, BDU-nun nəşr etdiyi bu kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır”.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının nəşri ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qəbul olunmalıdır. Kitabın yüksək peşəkarlıqla hazırlandığını deyən nazir müavini bildirib ki, müasir Azərbaycan tarixi gənclərin formalaşmasında böyük​ əhəmiyyətə malikdir: “Hazırda bütün sahələrdə Azərbaycanın sürətli inkişafını müşahidə edirik. Bir ildən çoxdur tarixi qələbəmizi qazanmışıq. Bütün bunlar kitabda sistemli əks olunub. Gənclər tariximizi dərindən öyrənməlidirlər. Bu kitabla tanış olduqca görürük ki, Azərbaycan nə qədər çətin yol keçib. Kitabın üstünlüyü ondadır ki, bu çətinliklər gizlədilməyib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin bu çətinliklərin öhdəsindən necə məharət və uzaqgörənliklə gəlmələri kitabda çox ətraflı əks olunub. Kitab gənclərin vətənpərvərlik ruhunda inkişafına imkan verəcək. Təhsil müəssisələrində bu tarixin öyrənilməsinə böyük diqqət yetiriləcək”. Nazir müavini kitabın ərsəyə gəlməsinə görə BDU rəhbərliyinə və kitabın müəllifinə təşəkkür edib.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə çıxışında kitabın siyasətçilər, politoloqlar, tarixçilər, tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, kitabın I fəslində Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi, demokratik islahatlar ətraflı əks olunub: “Son 30 ildə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində önəmli addımlar atılıb. Şərqdə ölüm cəzası ilk dəfə Azərbaycanda ləğv olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahat humanist addım olmaqla yanaşı, Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası baxımından da önəmlidir. Seçki islahatları, medianın inkişafı istiqamətində atılan addımlar da bu dəyərlərə xidmət edir. Azərbaycanda Ombudsman institutu da məhz Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Bu humanist siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndiyədək Azərbaycanda 68 əfv sərəncamı və 12 amnistiya aktı qəbul olunub”.

BDU-nun professoru, akademik Rafael Hüseynov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun kafedra müdiri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, BDU-nun kafedra müdiri Hicran Hüseynova, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri, akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, BDU-nun professoru, ​ Milli Məclisin üzvü Musa Qasımlı çıxışlarında kitabın Azərbaycan ictimaiyyəti üçün əhəmiyyətini, tariximizin daha dolğun əks olunması yönündə dəyərini vurğulayıblar. Qeyd ediblər ki, kitab yaxın zamanlarda müxtəlif xarici dillərə tərcümə olunmalı, təhsil müəssisələrində geniş tədris edilməlidir.​

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024