BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin iki müəllimi beynəlxalq uğur qazanıb.
Liseyin biologiya müəllimi, BDU-nun Biofizika və biokimya kafedrasının doktorantı Leyla Qələndərli Qazaxıstanın Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetində “Ospanov Science Week” elm həftəsi çərçivəsində keçirilən gənc alimlərin “Elm: dünən, bu gün, sabah” adlı LXV beynəlxalq konfransında elmi məruzə ilə çıxış edərək I dərəcəli diploma layiq görülüb. Konfransda Leyla Qələndərli “Molekulyar qiymətləndirilməsi: qlitsirrizin B-DNT-ni hədəfləyən antitumor agent kimi” mövzusunda elmi tədqiqat işini təqdim edib.
Liseyin rus dili və ədəbiyyatı müəllimi Sənay Hüseynli isə Beynəlxalq Təhsil Keyfiyyəti Şurasının (International Education Quality Council - IEQC) “Beynəlxalq müəllim sertifikatı”na layiq görülüb. Bu nailiyyət müəllimin peşəkar inkişafı, pedaqoji bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də müasir təhsil yanaşmalarının mənimsənilməsi istiqamətində fəaliyyətinin nəticəsidir.
Liseyimizin müəllimlərini təbrik edir, onlara uğurlar arzulayırıq!


