BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə islahatlar aparılır

25/08/2021

Təhsil bəşəriyyət tarixində həmişə müstəsna əhəmiyyətə malik olub. Müasir dünyamızda baş verən mühüm dəyişikliklər təhsili ictimai həyatımızın həlledici amilinə çevirib. Ölkəmizdə aparılan davamlı islahatlar, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verib.

Bakı Dövlət Universitetində (BDU) tədrisin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına daha sıx inteqrasiya, əmək bazarının yüksək ixtisaslı mütəxəssislərə tələbatının ödənilməsi, habelə ali təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. BDU-da aparılan islahatlar eyni zamanda BDU-nun Qazax filialı, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə, “Gənc istedadlar” liseyində tədrisin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərir.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə aparılan islahatlar da ölkəmizdə orta ixtisas təhsilinə, əmək bazarının peşəkar mütəxəssislərlə təmin olunmasına göstərilən diqqətin təzahürüdür. Kollecdə aparılan islahatlar, yeniliklər barədə kollecin direktoru Səhər Orucova ilə söhbət etdik.

 

-       Səhər xanım, kollecə direktor təyin olunduqdan sonra ilk nələrə diqqət yetirdiniz?

Təyinatım imtahan sessiyası vaxtına təsadüf etdiyi üçün qarşıda duran ilk məsələ imtahanların təşkili oldu. Öncə imtahanların vaxtlarının düzgün və optimal olaraq müəyyənləşdirilməsinə, eləcə də tələbələrin imtahanlara nizamlı şəkildə qoşulmasına nəzarət etdik. Demək olar ki, bütün imtahanlarda şəxsən özüm də iştirak etdim. İmtahanların şəffaf şəkildə keçirilməsi, pandemiya şəraiti nəzərə alınmaqla tələbəyönümlü qərarlar qəbul edilməsi qarşıya qoyulan məqsədlərdən idi.

 

-       Yay imtahan sessiyası necə yekunlaşdı, hansı tələbəyönümlü addımlar atıldı?

Sessiya uğurla yekunlaşdı. İmtahanlardan sonrakı prosesləri də diqqətdə saxladıq. Kollecdə apelyasiya komissiyası və imtahan qərargahı yaratdıq, qiymətindən razı qalmayan tələbələr bu komissiyaya müraciət etdilər. İmtahanlarda iştirak etməyənlər üçün isə təkrar imtahanlar təşkil etdik.

Kollecdə yay məktəblərinin təşkilinin də labüd olduğunu hesab etdik. Buna görə də, 2021-ci il 13 iyul tarixində keçirilən Pedoqoji Şurada qəbul edilən qərara əsasən, imtahanlarda müvəffəq qiymət ala bilməyən tələbələrin yay məktəbinə cəlb olunmaları təmin edilib.

Kollecə müraciətlərdən əlavə təhsilə təlabat olduğunu gördük. Ona görə də, Kollecdə müxtəlif ixtisaslar üzrə əlavə təhsil almaq üçün şərait yaratmışıq.

Onu da qeyd etmək istəyirəm ki, Kollecdə texniki işçilərin texniki bilik və bacarıqlarının artırılması məqsədilə treninqlər təşkil etmişik. Bu treninqlərdə Microsoft Ofis proqramları tədris olunur.

-       Kollecin ictimai həyatında hansı dəyişikliklər olub?

Düşünürəm ki, tələbələrin inkişafında, dünyagörüşünün artmasında onların ictimai fəaliyyətləri böyük rol oynayır. Ona görə də Kollecin sosial-ictimai həyatında bir sıra önəmli addımlar atılıb. Tələbələrin sosial-ictimai işlərinə nəzər yetirdikdə məlum oldu ki, Kollecin Tələbə Gənclər Təşkilatı fəaldır. Lakin, biz tələbə təşkilatlarının sayının artırılmasını məqsədəuyğun hesab edirik. Buna görə də  2021-ci il 23 iyun tarixində keçirilən iclasda Kollecdə tələbə təşkilatlarının sayının artırılması, yeni layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Kollecdə Milli Qurtuluş Günü, Səhiyyə İşçiləri Günü, Silahlı Qüvvələrin Yaranması Günü, Tovuz döyüşlərinin ildönümü ilə bağlı və s. tədbirlər keçirilib, "Stresslə mübarizə yolları" mövzusunda onlayn seminar təşkil olunub.

Kollecdə xüsusi karantin rejiminin tələbləri gözlənilməklə, məhdud sayda məzunun iştirakı ilə "Məzun Günü"nü də qeyd etdik.

Kollecin İdman Könüllülərinin klub sədri Həyat Allahverdiyeva iyun ayı üzrə göstərdiyi səmərəli fəaliyyətinə görə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən 100 balla qiymətləndirilib, kollecimiz isə "Ayın Kolleci" seçilib.

Həmkarlar İttifaqı Komitəsinin dəstəyilə Kollecin əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Qəbələ-Oğuz turu təşkil olunub.

Kollecin tədris və ictimai işlərinin işıqlandırılması məqsədilə sosial şəbəkələrdə Kollecin rəsmi səhifələri yaradılıb, eyni zamanda rəsmi saytda təkmilləşdirilmə işləri aparılıb.

-       Yeni tədris ilinə necə hazırlaşırsınız?

Yeni tədris ilində yeni tədris proqramlarının, dərs vəsaitlərinin və dərsliklərin hazırlanması, müxtəlif kursların (kompüter, dil və s.), dərnəklərin təşkil edilməsi, beynəlxalq əlaqələrin qurulması, BDU-nun alimlərinin iştirakı ilə elmi seminarların, konfransların, açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Kollecin yeni strukturu hazırlanıb. Düşünürük ki, qarşıda  görəcəyimiz işlər çoxdur və bu işlərin öhdəsindən layiqincə gəlmək üçün Kollecin bütün kollektivi hazırdır.

 

Müsahibəni apardı: Xəyalə Qulamova

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024